BAKI, 29 dekabr. TELEQRAF
2026-cı ildə qlobal LNG təklifi təxminən 10% artaraq 490 milyon tona çatacaq. 2025-ci ildə bu göstərici 446 milyon ton səviyyəsində olub.
Teleqraf xəbər verir ki, bu barədə “S&P Global Energy” agentliyinin növbəti illə bağlı proqnozlarında qeyd edilib.
Bildirilir ki, 2026-cı ildə enerji bazarına bir neçə amil təsir göstərəcək. Bura neft bazarında təklifin artması nəticəsində qiymətlərin azalması, qış mövsümünün təsiri ilə təbii qaza olan tələbatın artımı,həmçinin yeni geosiyasi vəziyyət daxildir.
Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasının (Gas Infrastructure Europe) son məlumatına əsasən, dekabrın 26-da (bir gün əvvəl maksimum göstərici 160 milyon kubmetr olub) Avropada yeraltı qaz anbarlarından gündəlik qaz çıxarılması indiyədək qeydə alınmış ən yüksək səviyyəyə çatıb.
“S&P Global Energy” analitiklərinin proqnozlarına görə, mayeləşdirilmiş təbii qazın (LNG) istehsalının artması nəticəsində qiymət və təchizat baxımından Avropa son illərin ən rahat qışını keçirəcək.
Hava şəraiti ilə bağlı tələbatın kəskin artacağı yönündə risklərin qalması fonunda, yeni ildən qiymətlərin aşağı olacağını düşünənələr də var.
Beynəlxalq Enerji Agentliyi (IEA) isə Avropanın qaza olan tələbatının 2026-cı ildə 2% azalacağını proqnozlaşdırır. Agentliyin qiymətləndirməsinə əsasən, bərpa olunan enerji mənbələrinin artımı elektrik istehsalında qaza olan ehtiyacı azaldacaq.
Avropadan fərqli olaraq, Qərbi Asiyada vəziyyət kritikdir. Belə ki, tələbatın artması səbəbindən İran ötən həftə İraqa qaz ixracını dayandırıb.
Yerli mətbuatın məlumatına görə, qərar İranın qərb və şimal-qərb bölgələrində qaz infrastrukturuna düşən əməliyyat yükü ilə bağlıdır. Bildirilib ki, soyuq hava şəraiti və dağlıq relyef bu ərazilərdə qaz təchizatında texniki məhdudiyyətlər yaradıb.
İranın İraqa qaz ixracını dayandırmasından sonra qonşu ölkədə elektrik enerjisi təminatında ciddi azalma baş verib. İraqın Elektrik Nazirliyindən bildirilib ki, qaz tədarükünün dayandırılması milli enerji şəbəkəsindən 4 000–4 500 meqavat elektrik enerjisinin azalmasına səbəb olub.
Qeyd edək ki, İran İraqın qaz və elektrik enerjisinə olan tələbatının təxminən 40%-ni təmin edir.