AZ

Xomeynini dəstəklədiyinə görə üzr istədi: Səhvə yol verdik

BAKI, 29 dekabr. TELEQRAF

Almaniya parlamentinin iranəsilli üzvü Rza Əsgəri 1979-cu ildə İranda baş vermiş dövlət çevrilişinə dəstək verdiyinə görə üzr istəyib.

Teleqraf xəbər verir ki, siyasətçi molla rejiminin çevrilişlə hakimiyyətə gətirilməsinin yanlış qərar olduğunu etiraf edib.

“Mən 1979-cu il inqilabının dalğasında meydana çıxan nəslə aidəm. O zaman tələbəydim, etirazlarda iştirak edirdim, amma bu gün buna görə gənc nəsildən üzr istəyirəm. 1979-cu ildə baş verənlər böyük bir milli səhv idi. Fikrimcə, əvvəlki sistem islah oluna bilərdi, Pəhləvi dövrünün modernləşmə yolundakı böyük nailiyyətlərini görmədik. Əlbəttə, çatışmazlıqlar vardı, amma onları düzəltmək mümkün idi”, - Əsgəri deyib.

Deputat əlavə edib ki, 2022-ci ilin sentyabrında Məhsa Əmininin öldürülməsindən sonra başlayan “Qadın, Həyat, Azadlıq” hərəkatının rejim tərəfindən boğulması da əsaslı səhv idi.

Rza Əsgəri rejimin etirazçılara qarşı münasibəti və onların zorakılıqla yatırılmasına toxunaraq vurğulayıb ki, Avropa İttifaqı və Almaniya vətəndaş fəallarını dəstəkləməli, ABŞ ilə koordinasiyalı şəkildə İrana qarşı sərt siyasət yürütməlidir.

Xatırladaq ki, Pəhləvilərin İranda hakimiyyətinə 1979-cu ildə baş verən hakimiyyət çevrilişi nəticəsində son qoyulub. O zaman çevrilişə rəhbərlik edən Ruhullah Xomeyni İranın sonuncu şahı Məhəmmədrza Pəhləvini devirib.

Seçilən
41
2
teleqraf.com

3Mənbələr