Deputat Fazil Mustafa Milli Məclisdə çıxışı zamanı bildirib ki, Bakının tıxac problemi həll olunana qədər vətəndaşların vəziyyətini yüngülləşdirmək üçün müəyyən addımlar atılmalıdır.
"Əgər bir insan sübut edirsə ki, işə gəlmək üçün yolda 2 saat vaxt itirir, heç olmasa ona işdən 1 saat tez çıxmaq imtiyazı nəzərdə tutulmalıdır", - deyə millət vəkili vurğulayıb.
Milli Məclisin deputatı Vüqar Bayramov həmkarının təklifi ilə bağlı Redaktor.az-a açıqlamasında bildirdi ki, dəyişən iş qrafiki Dövlət Proqramında əsas istiqamətlərdən biri kimi təsdiq olunub.
Onun sözlərinə görə, Dövlət Proqramına əsasən 2025-2026-cı illərdə bu istiqamətdə təhlillərin aparılması, mexanizmin hazırlanması məhz bu qrafikin təsdiqinə gətirib çıxarmalıdır:
"Bu isə o deməkdir ki, növbəti il biz artıq dəyişən iş qrafikinin təsdiqini və tətbiqini müşahidə edə bilərik. Təbii ki, bu zaman artıq sektoral yanaşma çox önəmlidir. Çünki bəzi sektorlarda işin tez, bəzi sektorlarda nisbətən gec başlaması birbaşa həmin sektorlarda olan xidmətə tələblə bağlıdır. O baxımdan təbii ki, bu vacib məqamlardan biri məhz mexanizmin hazırlanması, həmin mexanizmə uyğun olaraq iş qrafikinin müəyyənləşdirilməsidir".

Millət vəkili məsələnin iqtisadi tərəfindən də danışdı:
"İqtisadi baxımdan təbii ki, bu, tıxacların azalmasına, nəqliyyat sıxlığının xeyli dərəcədə azalmasına gətirib çıxara bilər. Təbii ki, nəqliyyat sıxlığı yalnız iş qrafiki ilə bağlı deyil, amma iş qrafiki də nəqliyyat sıxlığına təsir edən faktorlardan biridir.
Bu, eyni zamanda bəzi sektorlarda, xüsusən xidmət sektorunda hətta tələbi belə artıra bilər. Çünki nəticə etibarilə, məsələn, bəzi sektorların daha tez işə başlaması, daha tez işini başa vurması, işdən sonra xidmət sektorunda tələbə təsir göstərir. Eyni zamanda tıxacın azalması işdən kənar itirilən saatların azalmasına və iş məhsuldarlığının artmasına gətirib çıxarır. Ona görə iqtisadi baxımdan da səmərəlidir. Əksər inkişaf etmiş ölkələrdə, o cümlədən bir çox Avropa İttifaqına üzv olan dövlətlərdə tətbiq olunan mexanizmdir və Azərbaycanda da Dövlət Proqramına uyğun olaraq artıq növbəti il bu mexanizmin təsdiq ediləcəyi gözlənilir".
Aytəkin TOFİQQIZI