Gununsesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Dekabrın 3-də MİDA güzəştli mənzillərin satışını həyata keçirib. Satış Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi, Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi, Sumqayıt Yaşayış Kompleksi, Lənkəran Yaşayış Kompleksi, Binəqədi Yaşayış Kompleksi, Şirvan Yaşayış Kompleksi və Yevlax Yaşayış Kompleksindəki mənzillər üzrə baş tutub.
Gununsesi.info bildirir ki, Multi-Media Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz məsələyə münasibət bildirib:
“Satış günü çoxsaylı vətəndaşlar sistemdə texniki problemlər, ani dayanma və seçim mərhələsinə keçidin mümkünsüzlüyü ilə üzləşdiklərini bildirdilər. Baş verənlər əvvəlki satışlarda müşahidə olunan problemlərdən xeyli fərqlənirdi.
Diqqətçəkən məqamlardan biri də odur ki, satış günü MİDA tərəfindən heç bir rəsmi açıqlama verilmədi.
Yalnız 4 dekabrda DTX və MİDA birgə açıqlama yayaraq satış zamanı kiberhücum cəhdlərinin müşahidə edildiyini, lakin təhlükəsizlik mexanizmləri hesabına onların qarşısının alındığını bildirdi. Həmin açıqlamada ilk mənzil seçiminin 21-ci saniyədə baş tutduğu da qeyd olundu.
Lakin maraqlıdır ki, 26 dekabrda DTX və MİDA bu dəfə artıq konkret cinayət işi başlandığını elan etdilər.
Rəsmi məlumata görə, bəzi şəxslər xüsusi proqram təminatı vasitəsilə “Güzəştli mənzil” sisteminin istifadəçi səhifəsinə və mühafizə mexanizmlərinə qanunsuz texniki müdaxilə edərək prosesi manipulyasiya etməyə və ayrı-ayrı vətəndaşlara qanunsuz üstünlük qazandırmağa cəhd göstəriblər. Bu isə haqlı suallar doğurur:
Görəsən “ayrı-ayrı vətəndaşlara” üstünlük yaratmaq məqsədilə edilən bu kiber müdaxilələr digər vətəndaşların hüquqlarının pozulmasına səbəb olubmu? Satış zamanı müşahidə olunan texniki problemlər məhz bu müdaxilələrlə bağlı olubmu?
Əgər belədirsə, bu faktlar satışın nəticələrinə necə təsir edib və əvvəlki illərdə olduğu kimi nəticələrin ləğvi gündəmə gələ bilərmi?”.
O qeyd edib ki, bu sualların cavabları yalnız istintaq prosesləri başa çatdıqdan sonra MİDA, DTX və aidiyyəti qurumlar tərəfindən verilə bilər:
“Ümid edirəm ki, proses şəffaf aparılacaq və adı çəkilən qurumlar yaxın zamanda ictimaiyyətə aydın mövqe təqdim edəcəklər.
Hələlik isə görünən odur ki, güzəştli mənzillərin satışı ilə bağlı MİDA-nın mövcud sistemi nə qədər təkmilləşdirilsə də, insan amilinin rolu minimuma endirilsə də, gözləntiləri tam doğrultmur və eyni risklər, eyni problemlər təkrar olunur.
Daha narahatedici məqam isə odur ki, bəzi hallarda digər dövlət qurumlarının da bu proseslərə cəlb olunması, hər dəfə çıxılmaz labirintə daxil olmaları ictimai etimadın itirilməsi riski yaradır.
Düşünürəm ki, hökumət və MİDA güzəştli mənzillərin əldə olunması üçün daha ədalətli, inklüziv və ağlabatan alternativ mexanizmlər tətbiq etməlidir.
Bu istiqamətdə təkliflərimiz artıq MİDA-ya təqdim olunub”.
Şəbnəm
Gununsesi.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.