Yeni il ərəfəsində və qış tətili günlərində Gəncə şəhərində uşaqların üzündə təbəssüm yaratmaq, onların asudə vaxtını maraqlı və mənalı şəkildə keçirməsini təmin etmək məqsədilə zəngin bayram proqramları hazırlanıb. Dövlətin mədəniyyətə və gələcək nəslin tərbiyəsinə göstərdiyi diqqət və qayğının bariz nümunəsi olan bu təşəbbüslər Gəncədə Yeni il ovqatını daha da gücləndirir.
Şəhərin aparıcı mədəniyyət ocaqları balaca sakinləri sehrli nağıllar, musiqili səhnə əsərləri və Yeni ilin işıqlı ab-havası ilə dolu tamaşalara dəvət edir. Bayram günlərində Gəncə Dövlət Milli Dram Teatrı öz səhnəsini uşaqlar üçün açaraq, onların sevincinə sevinc qatacaq. Belə ki, 29 və 30 dekabr 2025-ci il, eləcə də 01–05 yanvar 2026-cı il tarixlərində şair-dramaturq Abdulla Şaiqin yaradıcılığı əsasında hazırlanan “Şıltaq gəlincik” musiqili nağıl-tamaşası nümayiş olunacaq. Tamaşanın quruluşçu rejissoru Şahmar Məmmədovdur. Səhnə əsəri hər gün saat 11:00, 12:30, 14:00 və 15:30-da balaca tamaşaçıları öz sehrli dünyasına aparacaq.
Yeni il sevinci Gəncə Dövlət Kukla Teatrında da davam edəcək. Teatr uşaqlar üçün xüsusi olaraq hazırlanan “Şaxta babanın ad günü” adlı qış nağıl-tamaşasını təqdim edəcək. Tamaşa 20 dekabr 2025-ci il tarixindən 04 yanvar 2026-cı il tarixinədək hər gün saat 11:00, 12:00, 13:00 və 14:00-da nümayiş olunacaq. Quruluşçu rejissor Şamil Məmmədlinin səhnələşdirdiyi bu tamaşa balaca tamaşaçılara dostluq, xeyirxahlıq və birlik kimi milli-mənəvi dəyərləri aşılayır.
Qeyd edək ki, təşkil olunan bu bayram tamaşaları və tədbirlər dövlətimizin uşaqlara, onların sağlam və xoşbəxt gələcəyinə verdiyi önəmin göstəricisi olmaqla yanaşı, Yeni il günlərini Gəncənin balaca sakinləri üçün unudulmaz və yaddaqalan edəcək.
Hamlet Qasımov
XQ-nin bölgə müxbiri