AZ

Ağalar Atamoğlanov: Azərbaycan və Qazaxıstan uçuş coğrafiyasını genişləndirməyi planlaşdırır

Qazaxıstanın bir sıra şəhərlərindən Bakıya aviareyslərin açılması planlaşdırılır.

Bunu "Report"a müsahibəsində Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov deyib.

"Vətəndaşlarımızın qarşılıqlı səfərlərinin intensivləşdiyini qeyd etmək sevindiricidir. Biz qazaxıstanlı turistlərin ölkəmizə marağının artdığını görürük, statistikanın da göstərdiyi kimi, hər il turist sayında əhəmiyyətli artım müşahidə olunur. 2024-cü ildə Azərbaycana təxminən 90 min Qazaxıstan vətəndaşı səfər edib ki, bu da 2023-cü illə müqayisədə 49 % çoxdur", - o qeyd edib.

Diplomatın sözlərinə görə, 2025-ci ilin 8 ayı ərzində Azərbaycana 70 minə yaxın Qazaxıstan vətəndaşı səfər edib.

Turist axınının artımı əsasən AZAL, "Air Astana", "FlyArystan" aviaşirkətlərinin Bakı-Astana, Bakı-Almatı və Bakı-Aktau marşrutları üzrə birbaşa aviareysləri hesabına təmin edilir:

"Gələcəkdə milli aviadaşıyıcılar tərəfindən Atırau-Bakı, Şımkent-Bakı istiqamətləri üzrə birbaşa reyslərin açılması imkanları nəzərdən keçirilir. Həmçinin, Aktobeyə son səfərim zamanı vilayətin akimi ilə Aktobe-Bakı reysinin açılmasını müzakirə etdik. Bu istiqamətdə fəal işləyirik".

Səfir qeyd edib ki, birbaşa aviareyslərin sayının artırılması sayəsində "people-to-people contacts" güclənəcək: mədəni və təhsil mübadiləsi, turizm və şəxsi əlaqələr genişlənəcək ki, bu da xalqlarımız arasında yaxınlaşmaya və qarşılıqlı anlaşmaya töhfə verəcək.

Müsahibənin tam mətni ilə bu link vasitəsilə tanış olmaq mümkündür.

Seçilən
31
far.az

1Mənbələr