AZ

Məktəblilər və süni intellekt - Valideynlər nələrə diqqət etməlidir?

Son illərdə texnologiyanın sürətli inkişafı həyatımızın hər sahəsinə təsir göstərir. Xüsusilə süni intellekt (AI) və onun tətbiqləri məktəblilərin təhsil prosesində getdikcə daha çox yer tutur. ChatGPT kimi alətlər yalnız məlumat əldə etməyə deyil, həm də yaradıcı düşüncəni inkişaf etdirməyə kömək edir. Lakin bu texnologiyalardan düzgün istifadə etməmək etik və təhsil baxımından problemlərə səbəb ola bilər. Bu səbəbdən məktəblilərin süni intellektdən istifadə imkanları, üstünlükləri və riskləri diqqətlə öyrənilməlidir.

Mövzu ilə bağlı Missiya.Az-a danışan klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov bildirib ki, süni intellekt və oxşar texnoloji vasitələr hazırda məktəblilər üçün uyğun deyil:

"Çünki məktəblilərə bu sahə ilə bağlı sistemli və peşəkar şəkildə dərslər keçilməyib. Onlar süni intellektdən necə istifadə etməli olduqlarını, onun hansı faydalar gətirdiyini və hansı sahələrdə tətbiq edilməli olduğunu bilmir. Bu biliklər olmadan süni intellektdən istifadə edənin əslində süni intellekt tərəfindən idarə olunması ehtimalı artır. Məktəbli düzgün yönləndirilmədiyi halda informasiya blokadasına düşə, manipulyasiyanın və təbliğatın asan hədəfinə çevrilə bilər. Psixoloji olaraq formalaşma dövründə olan uşağın düşüncələrinə müdaxilə riski yüksəkdir və bu, gələcək şəxsiyyət quruculuğuna ciddi zərbə vura bilər",- deyə psixoloq qeyd edib.

R.Nəcəfov vurğulayıb ki, gələcəkdə süni intellekt təhsil və tədris prosesinin ayrılmaz bir hissəsinə çevriləcək:

"Necə ki rəqəmsal alətlərdən istifadə çoxdan başlayıb və pandemiya dövründə məktəblər onlayn tədris ilə tanış oldular. Eyni şəkildə süni intellekt də zamanla dərs prosesinə dəstək vasitəsi kimi daxil olacaq. Bu baş verməzdən əvvəl mütləq keyfiyyətli tədris materialları hazırlanmalı və müəllimlər bu sahədə kifayət qədər bilikli olmalıdır. Yalnız bu mərhələdən sonra məktəbliyə tətbiq etmək təhlükəsiz ola bilər. Valideynlər isə indi əvvəlkindən daha diqqətli olmalıdır. Çünki hazırkı şəraitdə süni intellektin məktəblilərə verdiyi ziyan potensial xeyrindən daha çoxdur və bu reallığa göz yummaq doğru olmaz",- Rövşən Nəcəfov əlavə edib.

Seyranə Quliyeva

Missiya.Az

Seçilən
46
missiya.az

1Mənbələr