AZ

Təbiilik lüksə çevriləndə... Şəhərdə sağlam qidalanma niyə əlçatmazdır?

ain.az, Bizimyol saytına istinadən bildirir.

Bir vaxtlar “təbii məhsul” anlayışı ayrıca qeyd olunmurdu. Süd süddü, yumurta yumurtaydı, tərəvəz isə sadəcə bağdan gəlirdi. Bu gün isə şəhər mühitində təbii məhsul tapmaq artıq seçim yox, imkan məsələsinə çevrilib. Etiketlərdə “eko”, “bio”, “ferma məhsulu” sözləri çoxalıb, amma bu sözlərə çatanların sayı azalır.

Xüsusilə böyük şəhərlərdə, Bakıda insan market rəfləri qarşısında çaş-baş qalır. Parlaq qablaşdırmalar, uzun tərkib siyahıları, aylarla xarab olmayan məhsullar bir sual doğurur ki, biz nə yeyirik? Təbii qida iddiası ilə satılan məhsullar isə əksər hallarda adi ailə büdcəsi üçün əlçatmaz qiymətlərlə təklif olunur.

Şəhər həyatının sürəti bu problemin əsas səbəblərindən biridir. İnsanlar kənd bazarına getməyə vaxt tapmır, fermeri tanımır, məhsulun haradan gəldiyini soruşmağa fürsət olmur. Nəticədə “tez və ucuz” prinsipi “sağlam və təbii” anlayışını sıxışdırıb kənara çəkir. Təbii məhsul zaman istəyir, amma şəhər insanının ən böyük çatışmazlığı məhz zamandır.

Digər tərəfdən, təbiilik artıq marketinq alətinə çevrilib. “Kənd toyuğu”, “ev südü”, “orqanik tərəvəz” adı ilə satılan məhsulların böyük hissəsi nəzarətsizdir. Qiymət bahadır, amma keyfiyyət zəmanətli deyil. Bu da istehlakçının etimadını sarsıdır insan ya bahalı məhsula pul xərcləyib aldanmaqdan qorxur, ya da ucuz olanı seçib riskə gedir.

Şəhər mühitində yaşayanlar üçün başqa bir problem də şəraitdir. Əksəriyyət üçün nə torpaq var, nə də buna uyğun həyat tərzi. Beton binalar arasında yaşayan insan üçün təbiilik artıq xatirəyə bənzəyir.

Əslində problem təkcə fərdi seçim deyil, sistem məsələsidir. Şəhərlə kənd arasında qida körpüsü zəifləyib. Fermer məhsulu birbaşa istehlakçıya çatmır, arada çoxlu vasitəçi var və qiymət hər mərhələdə artır. Nəticədə təbii məhsul ehtiyac yox, status göstəricisi kimi təqdim olunur.

Bu vəziyyət cəmiyyət üçün təhlükəlidir. Sağlam qidalanma imkana bağlı olduqda, sağlamlıq da imtiyaza çevrilir. Halbuki təbii məhsul hər kəs üçün əlçatan olmalıdır, yalnız xüsusi mağazaların vitrini üçün yox.

Şəhər həyatında təbiiliyi tam geri qaytarmaq çətin ola bilər. Amma istehsalçı ilə istehlakçı arasında şəffaf əlaqə, fermer bazarlarının real fəaliyyəti və nəzarət mexanizmləri olmadan bu problem dərinləşəcək. Əks halda bir gün “təbii məhsul” anlayışı yalnız reklamlarda qalacaq, süfrələrdə yox.

Leyla Mirzə, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
50
icma.az

10Mənbələr