AZ

Partiya sədri Prezidentin çıxışından danışdı

“Bu gün dünya miqyasında idmanın yüksək inkişaf səviyyəsində olduğu ölkələrdən biri də Azərbaycandır. Ölkə Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin bu sahəyə şəxsən göstərdiyi diqqət və qayğının nəticəsi olaraq, hazırda Azərbaycanda dövlət siyasətinin mühüm prioritet istiqamətlərindən biri də məhz idman sahəsidir”.

“Yeni Sabah” bildirir ki, bunu Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi deyib. O, qeyd edib ki, müasir gəncliyin formalaşmasında və inkişafında idman aparıcı rollardan birinə malikdir:

“Təsadüfi deyil ki, ilin idman yekunlarına həsr olunmuş tədbirdə çıxış edən cənab Prezident İlham Əliyevin nitqində də bu sahə əsas diqqət çəkən istiqamətlərdən biri kimi qeyd olunub. Dövlət başçısı açıq şəkildə bəyan etdi ki, sağlam gənc nəsil yetişməsə, idman uğurlarını əldə etmək mümkün olmayacaq. Bu fikir idmanı yalnız nəticə yönümlü sahə deyil, cəmiyyətin gələcəyini müəyyən edən strateji vasitə kimi təqdim edir. Əlbəttə ki, belə praqmatik yanaşmada idman fiziki sağlamlıqla yanaşı, mənəvi kamillik və sosial məsuliyyət anlayışları ilə vəhdət təşkil edir”.

Partiya sədri daha sonra bildirib ki, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması bu gün Azərbaycan dövlətinin xüsusi diqqət ayırdığı sahələrdən biridir:

“Öz çıxışında cənab Prezident İlham Əliyev bir daha qeyd edir ki, dövlət siyasətinin əsas istiqamətlərindən biri də gəncləri fiziki və mənəvi cəhətdən sağlam, milli-vətənpərvərlik ruhunda tərbiyə etməkdir. Bu kontekstdə idman artıq sadəcə yarış meydanı deyil, həm də milli kimliyin və vətənə bağlılığın möhkəmləndiyi mühüm platforma kimi təqdim olunur.

Çıxışda tamamilə doğru qeyd olundu ki, gənclərin fiziki hazırlığı ilə mənəvi saflığı vəhdət təşkil etməlidir. Bu fikir idmanın ideoloji mahiyyətini açıq şəkildə ifadə edir. Məhz bu vəhdət gəncliyin və nəticə etibarı ilə ölkənin davamlı və daimi inkişafının təminatı kimi çıxış edə bilər. Həmçinin beynəlxalq yarışlarda Dövlət Bayrağının dalğalanması ilə bağlı səsləndirilən fikirlər idmanın milli qürur mənbəyi olduğunu göstərir.

Bu məqamı xüsusi olaraq diqqət mərkəzinə çəkən cənab Prezident İlham Əliyevin dediyi kimi, hər dəfə bizim idmançılarımız Dövlət Bayrağını beynəlxalq yarışlarda qaldıranda hər birimiz qürur hissi keçiririk. Beş il əvvəl əldə olunmuş tarixi Qələbədən sonra idmançıların “müzəffər xalqın nümayəndələri” kimi çıxış etməsi onların üzərinə düşən məsuliyyəti daha da artırır. Əminliklə deyə bilərik ki, idman gənclərin həm fiziki, həm də mənəvi gücünü formalaşdıran, dövlətçilik şüurunu möhkəmləndirən mühüm siyasi və sosial institut kimi çıxış edir”.

Adəm İsmayıl Bakuvi rəhbərlik etdiyi Vəhdət Partiyasının da siyasətində önəmli yer ayrıldığını bildirib:

“Əlbəttə ki, Azərbaycan gəncliyinin həm fiziki, həm də mənəvi cəhətdən sağlam formalaşmalarında idmanın önəmli rolu nəzərə alınaraq, bu strateji sahəyə diqqət və qayğı göstərmək təkcə dövlətin deyil, həm də bütün cəmiyyətin, xüsusilə də ölkədə fəaliyyət göstərən ictimai-siyasi təşkilatların üzərinə düşən mühüm vəzifədir.

Bu baxımdan deyə bilərəm ki, Vəhdət Partiyasının həyata keçirdiyi siyasi kursun dövlətçilik ənənələrimizin möhkəmləndirilməsinə, Azərbaycan dövlətinin daha da güclənməsinə xidmət edən əsas istiqamətlərindən biri də məhz idmanın inkişafına dəstək göstərilməsini nəzərdə tutur. Hazırda partiyamızın nəzdində bir idman klubu fəaliyyət göstərir. Təkcə bu il partiyanın xətti ilə 3 idman tədbiri keçirilib və yekun nəticələrə uyğun olaraq idmançılar mükafatlandırılıblar. Əminəm ki, ölkədə fəaliyyət göstərən ictimai-siyasi təsisatlar idmanımızın inkişafına önəmli töhfələr verə bilərlər”.


Telegram kanalımız
Seçilən
19
13
yenisabah.az

10Mənbələr