Son günlər Azərbaycan Yazıçılar Birliyində (AYB) baş verən kadr dəyişikliyi təkcə ədəbi cameədə deyil, ümumilikdə ictimai-siyasi müstəvidə ciddi suallar doğurub. Güney Azərbaycan ədəbiyyatı komissiyasının sədri, 48 yaşlı şair Sayman Aruzun vəzifədən kənarlaşdırılaraq onun yerinə 79 yaşlı Xalq şairi Sabir Rüstəmxanlının təyin edilməsi cəmiyyətdə haqlı təəccüb və narazılıqla qarşılanıb.

Məhz belə bir fiqurun Yazıçılar Birliyindən uzaqlaşdırılması nəinki məntiqsiz, hətta təhlükəli presedent kimi dəyərləndirilməlidir. Daha da maraqlısı odur ki, bu qərardan bir neçə gün əvvəl bəzi xəbər saytlarında adları və soyadları bilinməyən şəxslərin Azərbaycan Yazıçılar Birliyinə müraciət edərək “Sayman Aruz bizi təmsil edə bilməz” məzmunlu məktub ünvanladıqları barədə məlumatlar yayılıb. Suallar da məhz buradan başlayır.
İctimaiyyəti narahat edən əsas məqam budur: Azərbaycan Yazıçılar Birliyində verilən qərarlar hansı ölkənin və hansı mərkəzin maraqları ilə uzlaşır? Əgər İrandan yönləndirilən, kimliyi bəlli olmayan müraciətlər əsasında Azərbaycanda fəaliyyət göstərən bir qurumda kadr dəyişiklikləri edilirsə, bu artıq sıradan təşkilati məsələ deyil, milli təhlükəsizlik müstəvisində qiymətləndirilməli ciddi siqnaldır.
“Azərbaycan Reallığı” saytının yazdığına görə,bu prosesdə AYB sədri Anarın mövqeyi də ayrıca sual doğurur. Onun bu açıq-aşkar mübahisəli qərara göz yumması yazıçı cameəsi daxilində ciddi narazılıq yaradıb. Təsadüfi deyil ki, tanınmış şair-publisist Mübariz Məsimoğlu özünün “Facebook” hesabında kəskin mövqe sərgiləyərək yazıb:
“Deyəsən, Azərbaycan Yazıçılar Birliyini Həmid Herisçi İrandan idarə edir. Belə olmasaydı, Anar qurultayın seçdiyi Saymanı vəzifəsindən götürüb katibliyin qərarı ilə Həmidi onun yerinə təyin etməzdi”.
Bu fikir emosional çıxışdan daha çox, cəmiyyətdə formalaşan real narahatlığın ifadəsidir. Əgər qurultayın seçdiyi şəxs heç bir rəsmi izahat verilmədən, qeyri-şəffaf mexanizmlərlə vəzifədən uzaqlaşdırılırsa, bu, AYB daxilində institusional böhranın göstəricisidir.
Artıq bu məsələ nə ədəbi intriqa, nə də daxili narazılıq kimi təqdim edilə bilər. Bu qərar istər hüquq-mühafizə orqanları, istərsə də müvafiq dövlət qurumları tərəfindən ciddi şəkildə araşdırılmalıdır. Əgər Azərbaycan Yazıçılar Birliyində qəbul edilən addımlar xarici təsirlərlə, xüsusilə də İran mərkəzli maraqlarla uzlaşırsa, bu, artıq açıq təhlükə siqnalıdır və gecikdirilmədən adekvat reaksiya verilməlidir.
Oxu24.com -un araşdırması zamanı məlum olub ki,Azərbaycan Yazıçılar Birliyinin Nizamnaməsinə uyğun olaraq AYB Sədrinin bir müşaviri ola bilər.Müşavir qurultayda səsvermə yolu ilə seçilir.AYB Sədrinin hazırda iki müşaviri var.Onlar Sayman Aruz və Rauf Aslanovdur.
Baş müşavir kimi təqdim olunan Rauf Aslanov barəsində mətbuatda zaman-zaman qalmaqallı xəbərlər yer alıb. Rauf Aslanovuna adı mediada tez-tez AYB üzvlərinin mənzil hüquqlarını tapdamaqda,AYB sədri Anarın hökümət telefonlarından şəxsi işləri üçün istifadə etməkdə və uzun illər sələmçilik fəaliyyəti ilə məşğul olmaqda hallanıb.O,həmçinin AYB-də Mənzil Komissiyasının sədridir.
Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündən çıxan şair İlham Qəhrəman Rauf Aslanov barəsində mediada sərt ittihamlar səsləndirib. O,”Kulis.az” saytına verdiyi müsahibəsində Aslanovu “Anarın şəxsi makleri” adlandırıb.