AZ

Mesajla başlayan münasibət faciə ilə bitdi: Lənkərandakı qətlin təfərrüatı

Lənkəranda 2003-cü il təvəllüdlü Bəhram qardaşının arvadını narahat edən 2000-ci il təvəllüdlü tanışı Təhməzi (adlar şərti verilib - red.) qətlə yetirib.

Far.Az "Teleqraf"a istinadən xəbər verir ki, Bəhram qardaşının həyat yoldaşı Ləmandan sosial şəbəkələrdə Təhməz adlı şəxsin ona ismarıclar yazaraq narahat etdiyini, eləcə də ailə üzvlərini söydüyünü öyrənib.

O, 2024-cü ilin oktyabrın 17-də saat 22.00-da şəhər ərazisində Təhməzlə görüş təyin edib.

Lənkəranın Qala Xiyabanı küçəsində görüşərək ikisi birlikdə piyada gəzib, şahmat məktəbinin qarşısına gəliblər. Bəhram burada Təhməzdən qardaşı arvadına sataşıb-sataşmadığını soruşub. Təhməz gülümsəyərək "yaxşı eləmişəm" deyib.

Bu zaman Bəhram Təhməzi söyüb. Təhməz də ona cavab qaytardıqda Bəhram üzərində olan bıçaqla ona zərbələr vurub. Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da yaralının həyatını xilas etmək mümkün olmayıb.

İstintaq orqanı tərəfindən Bəhramın barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, Ləman 2024-cü ilin oktyabr ayının əvvəllərində Təhməzin zəng etdiyini, növbəti dəfə isə avtomobillə ona yaxınlaşaraq birgə yaşamağı tələb etdiyini, əks təqdirdə övladı ilə birlikdə qaçıracağını deyib:

"Ləman məsələni sakit şəkildə həll etməyimi xahiş elədi".

Bəhram deyib ki, oktyabrın 17-də saat 22 radələrində Təhməzlə görüşüb: "O, ətrafda polislərin gəzişdiyini və söhbəti sakit bir yerdə etməyin lazım olduğunu bildirdi. Hiss etdim ki, Təhməz Ləmanı narahat etməsindən xəbər tutduğumu bilir...

Təhməzdən Ləmanla danışıb-danışmamasını soruşdum. Öncə cavab vermədi. Ləmanın bizim gəlinimiz olduğunu bilib-bilməməsi ilə maraqlandım. Təhməz gülümsəyərək "yaxşı eləmişəm" dedi.

Mən də əsəbiləşərək arxa sağ cibimdən çıxardığım bıçaqla onun xatırlamadığım nahiyələrinə zərbələr endirdim".

Təhməzin hüquqi varisi qismində ifadə verən anası Lətafətin sözlərinə görə, müəllim işləyir: "Təhməzin Ləmanla münasibətindən xəbərim olmayıb. Onların birlikdə şəklini sonradan oğlumun planşetində görmüşəm".

İş üzrə şahid qismində danışan Ləmanın ifadəsinə görə, hadisə günü xəstəxanada olub və Təhməzin ölməsini evə gələndən sonra bilib:

"Təhməz mənə 2024-cü ilin mart ayından yazmağa başladı. Onun mənə yazdığı nalayiq ifadələri Bəhrama və ev sakinlərinə göstərmişəm. Hədə-qorxu gəldiyi üçün ona intim video atmışam. İntihara cəhd etməyimin səbəbi də Təhməzin məni hədələməsi olub".

İşə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Bəhram cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkmək şərti ilə 17 il müddətinə azadlıqdan məhrum edilib".

Seçilən
62
far.az

1Mənbələr