Vaşinqtonda Tehranın İranın nüvə və raket proqramları ətrafında mümkün gələcək addımlarının ABŞ-ın dəstəyi ilə İsrailin sərt reaksiyasına səbəb ola biləcəyi açıq şəkildə bildirilib. Bu barədə CNN məlumat verir. ABŞ prezidenti Donald Tramp Tehranın raket inkişafı və nüvə proqramı üzərində işləməyə davam edəcəyi təqdirdə İsrailin İrana yeni zərbələrini dəstəkləməyə hazır olduğunu bildirib.
Bu açıqlama İsrailin Baş naziri Binyamin Netanyahu ilə danışıqlar ərəfəsində verilib.
"Eşitdiyimə görə, İran nüvə proqramını bərpa etməyə çalışır. Əgər bunu etsələr, biz onu məhv etməli olacağıq", - deyə Tramp əlavə edib: "Biz onları məhv edəcəyik. Biz onları məhv edəcəyik. Amma ümid edirəm ki, bu baş verməyəcək".
Ağ Ev rəhbəri yeni hücumların səbəbinin İranın silah sahəsindəki əlavə hərəkətləri ola biləcəyini aydınlaşdırıb.
Təl-Əvivdə Tehranın iyun ayında ABŞ-ın zərbələri nəticəsində zədələnmiş uran zənginləşdirmə qurğularını yenidən qurması ilə bağlı narahatlıqlar ifadə olunur.
Eyni zamanda, İsrail hakimiyyəti İranın ballistik raket istehsalını bərpa etmək və hava hücumundan müdafiə sisteminin elementlərini təmir etmək cəhdlərini daha ciddi təhlükə hesab edir.
Əziz MUSTAFA