Artıq 5 ildir Avropa bu kəmər vasitəsilə Azərbaycandan təbii qaz idxal edir
2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın ixrac etdiyi qazın ümumi həcmi 22,9 milyard kubmetr təşkil edib. Bu, 2024-cü ilin 11 ayına nisbətdə 1,8 milyard kubmetr artımla 45,8 milyard kubmetr qaz hasilatı çərçivəsində reallaşıb. Azərbaycan qazı əsasən Türkiyə, Avropa İttifaqı ölkələri (İtaliya, Bolqarıstan, Yunanıstan) və Gürcüstana nəql edilib. Türkiyə 6,25 milyard kubmetr, Avropa 9,4 milyard kubmetr civarında paya sahib olub.
Avropa 5 ildir yeni mənbədən - Azərbaycanın "Şahdəniz" yatağından və yeni marşrutla - Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə qaz alır. Bu, 2000-ci il dekabrın 31-də TAP-ın istifadəyə verilməsi ilə mümkün oldu.
TAP-ın fəaliyyətə başlaması ilə təşəbbüskarı və aparıcı qüvvəsi Azərbaycan olan "Cənub qaz dəhlizi" layihəsi qələbə çaldı. Sonuncu seqment olduğundan bu kəmər 3500 kilometrlik möhtəşəm layihəni tamamladı. Belə ki, Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində çıxarılan qazı Gürcüstandan keçməklə Türkiyəyə və oradan da Avropaya daşıyan "Cənub qaz dəhlizi" üç kəmərdən - genişləndirilmiş CQBK (Cənubi Qafqaz Boru Kəməri), TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) və TAP-dan ibarətdir.
Xatırladaq ki, TAP-ın təməli 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub. Xəttin çəkilişi bir neçə il davam edib və onun istifadəyə verilməsi ilə "Cənub qaz dəhlizi" tam sistem kimi işə düşüb. TAP-ın səhmdarları BP (20 faiz), SOCAR (20 faiz), "Snam S.p.A." (20 faiz), "Fluxys" (19 faiz), "Enagas" (16 faiz) və "Axpo" (5 faiz) şirkətləridir.
Kəmər uzun məsafə qət edərək Azərbaycan qazını İtaliyanın cənubuna, bu ölkədən də Qərbi Avropaya çatdırır. Bu, uzunluğu təxminən 878 kilometr olan boru xəttidir. Onun 550 kilometri Yunanıstanın, 210 kilometri Albaniyanın ərazisindən, 105 kilometri Adriatik dənizinin altından keçir. Xəttin bir neçə kilometrlik hissəsi İtaliyada quru sahəyə çıxır. Burada kəmər həmin ölkənin qaz nəqliyyatı şəbəkəsi ilə birləşir. Boru xətti beş ildir fasiləsiz və təhlükəsiz fəaliyyət göstərir.
Yeni çağırışlar qarşısında Avropanın qaza tələbatı getdikcə artır. Odur ki, Azərbaycandan mavi yanacaq idxal etmək istəyən ölkələrin də sayı çoxalır. Yeri gəlmişkən: bu gün Azərbaycan 14 ölkəyə - Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana, İtaliyaya, Rumıniyaya, Macarıstana, Serbiyaya, Sloveniyaya, Xorvatiyaya, Şimali Makedoniyaya və Slovakiyaya, Ukrayna və Suriyaya qaz ixrac edir.
İxrac coğrafiyasının genişləndirilməsi üçün ən vacib şərtlərdən biri də müvafiq infrastrukturun olmasıdır. Başqa sözlə, indi TAP-ın genişləndirilməsi məsələsi gündəmə gəlib. TANAP genişləndirilmədən isə bu, mümkün deyil. Eləcə də Avropanın ərazisində əsas kəmərə birləşən yeni interkonnektorlar çəkilməlidir.
2022-ci il oktyabrın 1-də Sofiya şəhərində Azərbaycan təbii qazını Bolqarıstana nəql edən Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) açılışı bu istiqamətdə atılan mühüm addım oldu. Belə ki, IGB-nin reallaşması TAP-ın inkişafında mühüm bir mərhələnin başlanğıcı, "Cənub qaz dəhlizi"nin yeni qollarla şaxələnməsinin göstəricisi kimi dəyərləndirilir. IGB-nin açılışı Bolqarıstanın, ümumən Cənub-Şərqi Avropanın şaxələndirilmiş enerji təchizatında, istehlakçıların sərfəli və təmiz enerjiyə çıxışında strateji əhəmiyyətli hadisədir.
2024-cü il dekabrın 10-da isə Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun fəaliyyətə başlaması da göstərdi ki, nəzərdə tutulan işlər uğurla reallaşır. İki ölkə arasında bu yeni xəttin tikintisinə həmin il fevralın 1-də başlanmışdı və tamamlanması da məhz planlaşdırıldığı vaxt - ilin sonunda baş verdi. Bu kəmər Serbiyanın ümumi enerji təhlükəsizliyində mühüm rol oynayacaq.
Məlum olduğu kimi, 2027-ci ilə qədər Avropa bazarına qaz təchizatımızı iki dəfə artırmaq nəzərdə tutulur. Bu məsələ 2022-ci il iyulun 18-də imzalanmış Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığına dair Anlaşma Memorandumunda da öz əksini tapıb. İndi həmin hədəfə doğru uğurlu addımlar atılır. 2027-ci il üçün ixrac rəqəmini 20 milyard kubmetrə çatdırmaq gözlənilir.
Prezident İlham Əliyev bu il dekabrın 8-də Slovakiyaya rəsmi səfəri çərçivəsində Bratislavada mətbuata bəyanatında demişdir: "Keçən il ilk dəfə olaraq Azərbaycan qazı Slovakiyaya təchiz edilmişdir və Slovakiyanın ehtiyacları olan səviyyədə, istənilən həcmdə Azərbaycan enerji resurslarını təmin edə bilər. Onu da bildirməliyəm ki, bizim zəngin qaz yataqlarımız bu gün imkan verir ki, dünyanın bir çox ölkələrinə təbii qazı ixrac edək. Azərbaycan qazını almış ölkələrin sayı 14-ə çatıb. Biz boru kəmərləri ilə ixrac edilən qazın təchizatçı ölkəsi olaraq birinci yerdəyik. Yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə ediləcək və təbii ki, həm Slovakiyaya, həm də onun qonşularına Azərbaycan qazının təchizatı daha da böyük həcmdə mümkün olacaqdır. Hazırda bizim ümumi qaz ixracımız 25 milyard kubmetr səviyyəsindədir, bunun da yarısı Avropa ölkələrinə nəql edilir. Bu gün Avropa İttifaqına üzv 8 ölkə Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini təmin etmiş olur".
8-i Aİ-nin üzvü olmaqla Avropanın 10 ölkəsinə Azərbaycan qazını çatdıran məhz TAP-dır. Onu da qeyd edək ki, sözügedən mənbədən və həmin marşrutla qaz alan ölkələrin sayının daha çox olacağı gözlənilir.
Flora SADIQLI,
"Azərbaycan"