AZ

Qarabağ və Şərqi Zəngəzurda görülən işlər daha bir əzəmətli zəfərimizdir

Qarabağ və Şərqi Zəngəzur illərlə sükuta məhkum edilmişdi. Nə səs vardı, nə nəfəs, nə də bir ümid. Bu gün isə həmin torpaqlar üzərində avtomobillər, iş texnikası şütüyür, təyyarələr enib-qalxır. Dağları yaran texnikalar bütün yolların Zəfər ünvanı olan Qarabağa və Şərqi Zəngəzura gedən məsafəni qısaldır, mavi səmanı yaran polad qanadlar isə təkcə məsafələri yox, həm də zamanın sərhədlərini aşır. 30 illik sükutu pozan bu səs-küy dirçəlişin, qayıdışın və yenidən doğuşun təsdiqidir. Dünənin sükutunu bu günün həyat ritmi əvəz edir, sabahın ümid toxumu isə artıq bu torpaqlarda qanad açır.

Azad edilmiş ərazilərdə tikilən hava limanları Qarabağ və Şərqi Zəngəzur regionunu beynəlxalq nəqliyyat və logistika mərkəzləri siyahısına daxil edib. Prezident İlham Əliyevin qətiyyəti, siyasi iradəsi və ardıcıl qərarları nəticəsində son dərəcə qısa müddətdə - cəmi bir neçə il ərzində  beynəlxalq standartlara cavab verən Füzuli, Zəngilan və Laçın Hava limanlarının və digər infrastruktur obyektlərinin inşası bir daha göstərir ki, Azərbaycan azad etdiyi torpaqlarda bərpa və quruculuq prosesini sürətli, sistemli və uzunmüddətli perspektivlə həyata keçirir. Hər üç aeroportun açılış mərasimində Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan birgə iştirak ediblər. Bu baxımdan hər üç hava limanı Azərbaycan-Türkiyə birliyinin, ortaq baxışının və gələcəyə yönəlmiş güclü əməkdaşlığın rəmzi kimi tarixə düşüb. Hər üç aeroport həmçinin Qarabağı və Şərqi Zəngəzuru təcriddən çıxararaq iqtisadi dövriyyəyə daxil edib. 

Turizm, investisiya, beynəlxalq əlaqələr üçün açılan bu yollar Böyük qayıdış prosesinin real təminatıdır. İnsanlar yalnız yurdlarına, evlərinə deyil, həm də həyata qayıdırlar. Görülən işlər, salınan körpülər dağıdılmış şəhərlərin yenidən dirçəlməsinə xidmət etməklə yanaşı, açıq, aydın və ünvanlı mesaj verir: Azərbaycan azad etdiyi torpaqlarda daimi və təhlükəsiz gələcək qurur. Burada tikilən hər yaşayış binası, salınan hər yeni yurd dövlətin vərəndaşına verdiyi önəmin bariz göstəricisidir. Bu torpaqlarda keçmişin xatirələri ilə paralel geniş planlar, layihələr və hədəflər yaşayır. Qarabağ və Şərqi Zəngəzur Hava limanları sükutun yerini hərəkətə, dağıntının yerini quruculuğa, boşluğun yerini isə dövlət varlığına verən yeni bir başlanğıcdır. Bu, geriyə dönüşü olmayan bir yolun - dirçəlişin özüdür.

Dünən bu səmalarda sükut hökm sürürdü. Bu gün isə həmin səmalardan Prezident İlham Əliyevin yolu düşür. Dövlət başçısının son beş ildə dəfələrlə səfər etdiyi Xankəndi və Ağdama növbəti ziyarəti bir daha göstərdi ki, bu torpaqlara dönüş artıq arzu deyil, reallıqdır. Dövlət başçısının regiona hər gəlişi açılan qapıların, qurulan infrastrukturun və müəyyənləşdirilən strateji hədəflərin yerində qiymətləndirilməsi, gələcək addımların daha dəqiq planlaşdırılmasıdır. Budəfəki səfər çərçivəsində Prezidentin və Birinci vitse-prezidentin Ağdamda 2-ci yaşayış kompleksinin və Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak etmələri Qarabağın ölkənin uzunmüddətli inkişaf strategiyasında mühüm yer tutduğunu nümayiş etdirir, gələcəyinin möhkəm təməl üzərində qurulduğunu göstərir. Zəfər parkının girişindən Zəfər tağına doğru salınan 44 pilləkən Vətən müharibəsinin 44 gününü yaddaşlara daha möhkəm həkk edir. Bu pillələr hər addımda Zəfəri, dözümü və əzmi xatırladır, xalqın iradəsi və dövlətin gücünü göstərir. Zəfər tağı qazanılmış Qələbənin daş yaddaşıdırsa, Qarabağ və Şərqi Zəngəzurda görülən işlər gələcəyə və daha əzəmətli zəfərlərə açılan qapılarıdır. Zəfər tağından keçən yol səmaya doğru uzanır, hava limanları isə bu yolun davamı kimi regionu ölkənin və dünyanın nəqliyyat xəritəsinə bağlayır. Prezident İlham Əliyevin regiona hər səfəri zəfərdən dirçəlişə uzanan dövlət strategiyasının canlı təcəssümüdür. Dövlət başçısı bu uğurların və regionun inkişaf perspektivlərinin əhəmiyyətini, Zəfər tağının açılışı ilə şanlı Zəfər yürüşümüzün hər gününün əbədiləşdirildiyini və ölkəmizin suverenliyinin bərpa olunmasını Ağdamda  2-ci yaşayış kompleksinin açılışı zamanı sakinlərlə görüşündə  belə ifadə edib: "Bu gün ölkəmizdə ikinci Zəfər tağı açılmışdır - Bakıdan sonra Xankəndidə. Orada pilləkənlərin üzərində şanlı Zəfər yürüşümüzün hər günü təsbit edilib. Biz hər gün irəli gedirdik, hər gün şəhər və kəndləri azad edirdik və heç bir qüvvə bizim qabağımızda dura bilməzdi. Halbuki bizi 44 gün ərzində dəfələrlə dayandırmaq istəyənlər min cür təzyiq, təhdid və təxribat törətməyə çalışırdılar və hətta törədirdilər. Bizi qorxutmaq, bizi dayandırmaq, bizim şanlı Zəfər yürüşümüzü yarımçıq qoymaq və münaqişəni əbədi etmək - bax bizə qarşı olan qüvvələrin məqsədi bu idi. Təbii ki, 5 il keçəndən və biz 2023-cü ildə öz suverenliyimizi antiterror əməliyyatı nəticəsində tam bərpa edəndən sonra artıq bizə qarşı olan qüvvələr yeni reallıqla barışmağa məcbur idilər, biz onları məcbur etdik".

Züleyxa ƏLİYEVA,

"Azərbaycan"

Seçilən
26
azerbaijan-news.az

1Mənbələr