AZ

Putinin iqamətgahına hücumun şifrələri

Ukraynanın Putinin Valdaydakı iqamətgahına PUA-larla hücum etdiyi iddiası Rusiyanın müzakirə edilən sülh planını dəyişdirmək taktikasına hesablanıb. Rəsmi Moskva bunu gizlətmir: Lavrov bəyan edib ki, danışıqlarda mövqelərinə yenidən baxacaqlar; Uşakov da “Rusiya əvvəllər əldə edilmiş bir sıra razılaşmalarla bağlı mövqeyini nəzərdən keçirəcək”.

Vaşinqtonla Kiyevin müzakirə etdiyi və 90 faizinin (ərazi məsələsi hələ də açıq qalır) razılaşdırıldığı deyilən sülh planında Moskvanın strateji hədəfləri əksini tapımır:

- Əvvəl gündəmdə olan 28 bəndlik plandan fərqli olaraq, burada NATO-nun genişlənməməsinə dair heç bir qeyd yer almır;
- Ukraynanın “neytral statusu”, eləcə də Avropa/NATO qoşunlarının yerləşdirilməməsi ilə bağlı məsələlər əksini tapmayıb;
- Donbas bütövlükdə Rusiyaya verilmir, əksinə bir sıra ərazilərdən rus qoşunlarının çıxarılması əks olunur və s;

Rusiya ərazilər məsələsində ABŞ-ın irəli sürdüyü “azad iqtisadi zona” təklifi ilə razılaşa bilər. “Kommersant” nəşri Putinin iş adamları ilə görüşdə dediklərinə əsasən Kremlin müzakirə haqda düşündüyünü yazmış, Peskov da məlumatı tam təsdiqləməsə də, təkzib də etməmişdi. Lakin bu, NATO-nun genişlənməməsi də daxil olmaqla istəkləri sənəddə əksini taparsa, mümkün görünür. Ki, planda bunlar yer almır. Hərçənd, Moskvanın plandan imtina etməsi “sülhə qarşı olduğu” görüntüsü yarada və Ukraynanın mövqeyini gücləndirə bilər. “Ukrayna Putinin iqamətgahına hücum edib” iddiası da mövqe dəyişikliyini əsaslandırmağa hesablanıb.

Bu iddianın Trampla Zelenskinin Florida danışıqlarından sonra ortaya atılması da səbəbsiz deyil. Görüşdən öncə Tramp Putinlə bir saatdan artıq telefon söhbəti apardı: Vaşinqton və Moskva Kiyevin ərazilərlə bağlı mövqeyinə dəyişiklik edəcəyinə ümid edirdi; Zelenskinin geri çəkilməməsi Putini imtinasını əsaslandırmaq üçün “iqamətgaha hücum” iddiasını aktuallaşdırmağa məcbur etdiyi görünür və bu taktikanın Tramp tərəfindən də dəstəkləndiyi istisna edilməməlidir; ABŞ przidentinin dedikləri – “Putinlə söhbətdə mənə bildirdi ki, onun iqamətgahına hücum edilib, bu yaxşı deyil” sözləri də bu kontekstdə diqqət çəkir.

Məqsəd Zelenskini təzyiq altına salmaq və razılaşmağa məcbur etmək kimi görünür. Moskvanın “cavab addımları” da bu istiqamətdə olacaq. Mümkündür ki, Rusiya Kiyevdə Zelenskinin iqamətgahı da daxil olmaqla hökumət binalarına hücumları təkrarlayacaq və “Putinin iqamətgahına hücum” iddiası ilə bu addımlarını legitimləşdirməyə çalışacaq.

Asif Nərimanlı

Seçilən
38
publika.az

1Mənbələr