Müəllif:Mehin Qasımova,Banco.az
İran əhalisi sürətlə azalmaq təhlükəsi ilə üz-üzədir.
Banco.az xəbər verir ki, İranın daxili işlər naziri İsgəndər Mumini çıxışı zamanı əhalinin azalmasının ölkənin gələcəyi üçün ciddi risklər yaratdığını bildirib.
Nazirin sözlərinə görə, mövcud tendensiya davam edərsə, 70 il ərzində İran əhalisi 40 milyon nəfərdən aşağı düşə bilər. Mumini bu vəziyyəti həyəcanverici adlandıraraq, əhalinin azalmasının artıq müdaxilə tələb edən səviyyəyə çatdığını vurğulayıb.
“Əhalinin azalması İranı təhdid edən əsas problemlərdən biridir və gələcəkdə ölkənin üzləşəcəyi ən böyük böhranlardan biri ola bilər. Bu səbəbdən Əhali İdarəsi akademik dairələrlə əməkdaşlıq etməli, problemin həlli üçün konkret və effektiv mexanizmlər hazırlamalıdır”, – deyə nazir qeyd edib.
İranda keçirilən son ümumi siyahıyaalmaya əsasən, ölkə əhalisi 85 milyondan çoxdur. Lakin mütəxəssislər son illərdə əhalinin artım tempinin ciddi şəkildə zəiflədiyini bildirirlər. Doğum səviyyəsinin əvəzedici həddən aşağı düşməsi və orta yaşın yüksəlməsi ölkənin demoqrafik strukturunda mühüm dəyişikliklərə işarə edir.
Ekspertlərin fikrincə, bu proses uzunmüddətli perspektivdə əmək bazarına, sosial təminat sisteminə və iqtisadi dayanıqlığa ciddi təsir göstərə bilər.