İsrailin Baş naziri Benyamin Netanyahu bu il təxirə saldığı bəzi vacib məsələlərlə bağlı 2026-cı ildə qərarlar qəbul etməli olacaq.
Hafta.az yazır ki. “The New York Times” ölkədə ən uzun müddət vəzifədə qalmaq rekorduna sahib olan 76 yaşlı siyasətçinin üzləşdiyi çətinlikləri dörd məqamda ümumiləşdirib.
Ultra-ortodoks yəhudiləri hərbi xidmətdən azad ediləcək?
Haredi yəhudiləri dini inanclarına görə hərbi xidmət keçmirlər. Bu hərbi xidmətin məcburi olduğu bir ölkədə digər israillilər onlara verilən güzəştdən şikayətlənirlər.
Qəzza müharibəsi zamanı ehtiyat əsgərlərin cəbhə xəttinə göndərilməsinə səbəb olan artan ehtiyac reaksiyaları artırdı. Əvvəllər bu şəxslərə güzəştlər verən qanunun müddəti bitib və Ali Məhkəmə 2024-cü il qərarında Haredi yəhudilərinin hərbi xidmətə çağırılmasını vurğulayıb.
Ona görə də indi yeni bir güzəşt qanunu qəbul edilməlidir. Lakin, hətta Netanyahunun Likud Partiyasındakı bəzi siyasətçilər də ultra-ortodoks yəhudilərin orduya çağırılmasının vacibliyini iddia edirlər.
Bu qanun qəbul edilməsə, hökumət dağılacaq və seçkilər 2026-cı ildə keçirilməli ola bilər. Amma ekspertlər Netanyahunun seçkiləri mümkün qədər təxirə salmaq istədiyini bildirirlər.
Əsgərlər Qəzzanı tərk edəcəklər?
ABŞ prezidenti Donald Trampın sülh planı İsrail əsgərlərinin Qəzzadan çıxarılmasını nəzərdə tutur. Digər tərəfdən, Təl-Əvivin bu Fələstin şəhərində, eləcə də Livan və Suriyada davam edən hücumları Vaşinqtonu qəzəbləndirir. Ona görə də səbirsiz Donald Trampın Netanyahuya dəstəyini geri çəkməsi ehtimalı yüksəkdir.
Netanyahunun gözlənilən addımları atmaması onun ərəb ölkələri ilə münasibətləri normallaşdırmaq məqsədinə də təhlükə yaradır.
Radikal sağla davam etmək, yoxsa mərkəzə qayıtmaq?
Netanyahunun ifrat sağçı koalisiya tərəfdaşları cəmiyyətin müəyyən təbəqələri ilə münasibətlərin normallaşdırılmasına maneə yaradır. Bəzi şərhçilər hesab edirlər ki, daha çox mərkəzçi siyasətçi ilə koalisiya yaratmaq Netanyahunun hakimiyyətini qoruyub saxlamasına imkan verəcək.
Bununla belə, Netanyahunun məhkəmə sistemində islahat aparmaq üçün sağçı ilə ittifaqını davam etdirməsi də çox ehtimal olunur.
Getmək çətindir, yoxsa qalmaq?
Keçən ay Binyamin Netanyahu İsrail prezidenti İsaak Herzoqdan təxminən altı ildir davam edən korrupsiya ittihamlarından əfv üçün müraciət etmişdi.
Vəzifədə olduğu müddətdə mühakimə olunan ilk İsrail Baş naziri kimi tarixə düşən siyasətçinin bu addımı Tramp tərəfindən də dəstəklənib.
Əgər məhkum edilərsə, Netanyahunun bir neçə il həbsdə yatması ehtimalı var.
Netanyahunun tərəfdarları əfvin ölkədəki siyasi bölünməyə son qoya biləcəyini iddia edirlər. Lakin müxaliflər Netanyahunun cinayətlərini etiraf etməzdən və siyasətdən getməzdən əvvəl əfv verilməsinin qanunun aliliyinə böyük zərbə olacağına inanırlar.
İstintaqların ona qarşı cadugər ovunun bir hissəsi olduğunu iddia edən Netanyahu Herzoqdan etdiyi xahişdə heç bir peşmançılıq və ya etiraf ifadəsi verməyib.