Bakı, 30 dekabr, Səbinə Əlizadə, AZƏRTAC
Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə ilə Cənubi Qafqazda yeni geosiyasi reallıq formalaşıb. bu yeni reallıq regionda davamlı sülhün və sabitliyin bərqərar olunması baxımından həlledici əhəmiyyət daşıyır.
Bunu AZƏRTAC-a açıqlamasında beynəlxalq münasibətlər üzrə ekspert Halit Hamzaoğlu bildirib.
O qeyd edib ki, müharibənin başa çatması ilə Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa edib, regionda lider mövqeyini möhkəmləndirib və sülh prosesinin əsas aparıcı qüvvəsinə çevrilib. Prezident İlham Əliyevin ardıcıl və konstruktiv xarici siyasəti sülh gündəliyinə ciddi impuls verib. Eyni zamanda, Ermənistanın Baş naziri Nikol Paşinyanın mövcud geosiyasi reallığı qəbul edən daha rasional mövqeyi də prosesin irəliləməsinə müəyyən töhfə verir.
Halit Hamzaoğlu bildirib ki, mövcud şərait Cənubi Qafqazda dayanıqlı sülhün qurulması üçün əlverişli imkanlar yaradır. Ermənistanın revanşist yanaşmalardan tam imtina edərək Azərbaycanın irəli sürdüyü sülh şərtlərini qəbul etməsi bölgədəki müsbət atmosferi daha da möhkəmləndirə bilər. “Ermənistanın yeni müharibəyə başlamaq potensialı yoxdur. Belə bir addım bu ölkə üçün ağır və bərpaolunmaz nəticələr doğurar. Bu baxımdan, həm Ermənistan rəhbərliyi, həm də revanşist dairələr mövcud reallığı düzgün qiymətləndirməli və yeni geosiyasi mühitin tələblərinə uyğun davranmalıdırlar”, - deyə ekspert vurğulayıb.
O diqqətə çatdırıb ki, Azərbaycan müharibədən sonra bölgədə sülhün və sabitliyin möhkəmləndirilməsi istiqamətində ardıcıl addımlar atsa da, son dövrlərdə Ermənistan və ermənipərəst dairələr tərəfindən Azərbaycana qarşı məqsədli fəaliyyətlər müşahidə olunur. Bəzi Avropa dövlətləri bu cür dezinformasiya kampaniyalarını açıq şəkildə təşviq edir və bu da sülh mühitinə ciddi zərbə vurur. “Halbuki Qarabağ Zəfərindən sonra bölgədə iqtisadi və ticarət baxımından böyük potensial formalaşıb. Azərbaycan iqtisadi sabitliyi prioritet hesab edir və bütün tərəflərlə qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq modelini dəstəkləyir”, - deyə Halit Hamzaoğlu bildirib.
Hamzaoğlu qeyd edib ki, Ermənistan və ermənipərəst dairələrin destruktiv və təxribat xarakterli fəaliyyətlərinə ən effektiv cavab iqtisadi inkişaf və regional əməkdaşlığın gücləndirilməsidir. Azərbaycanın malik olduğu iqtisadi potensial və Cənubi Qafqazda oynadığı aparıcı siyasi rol ölkəmizin beynəlxalq nüfuzunu daha da artırır.
Ekspert vurğulayıb ki, Azərbaycanın hüquqi mövqeləri də kifayət qədər güclüdür. Ermənistan həm Birinci, həm də İkinci Qarabağ müharibələri zamanı müharibə cinayətləri törətmiş dövlətdir. Azərbaycan bu faktları beynəlxalq ictimaiyyətə çatdırmaq üçün yetərli siyasi və hüquqi imkanlara malikdir. Xocalı soyqırımı və digər ağır cinayətlərin dünya ictimaiyyətinə çatdırılması xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə beynəlxalq konfransların, tədbirlərin təşkili və vizual materiallardan istifadənin genişləndirilməsi mühüm rol oynayır. Halit Hamzaoğlunun sözlərinə görə, Qərb ölkələrinin ikili standartlara yol verdiyi şəraitdə səmərərli ictimai diplomatiya vasitəsilə Ermənistanın törətdiyi müharibə cinayətlərinin dünya ictimaiyyətinə çatdırılması strateji əhəmiyyət kəsb edir. “Bu istiqamətdə formalaşacaq güclü kommunikasiya mexanizmi Azərbaycanın haqlı mövqeyinin beynəlxalq aləmdə daha aydın şəkildə qəbul olunmasına xidmət edəcək”, – deyə ekspert bildirib.