Bakı, 30 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən yaradılan və idarə olunan Keyfiyyət informasiya sistemində (E-keyfiyyet.gov.az) yeni funksionallıq istifadəyə verilib.
Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, “E-keyfiyyet.gov.az” üzərindən “Mənşə sertifikatı” alt modulu vasitəsilə bu sertifikatların həqiqiliyini yoxlamaq funksiyası yaradılıb. Artıq Keyfiyyət informasiya sisteminin “İnformativ xidmətlər” bölməsində mənşə sertifikatının nömrəsini, tarixini və hesab-faktura (invoys) nömrəsini qeyd etməklə həmin sertifikatın nüsxəsini görmək və onun doğruluğunu müəyyənləşdirmək mümkündür.
Azərbaycan dili ilə yanaşı, rus və ingilis dillərində də dəstəklənən yeni funksionallıq idxal ölkəsinin gömrük orqanlarının Azərbaycan Respublikasında verilən mənşə sertifikatlarının həqiqiliyi ilə bağlı məlumatlara əlçatanlığının təmin edilməsinə, bununla da yerli ixracatçıların idxalçı ölkədə əlavə vaxt və maliyyə itkisinin qarşısının alınmasına imkan yaradacaq.