ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İsrail Hərbi Hava Qüvvələri üçün F-15 döyüş təyyarələrinin istehsalı və tədarükünü nəzərdə tutan 8,5 milyard dollarlıq müqavilənin “Boeing” şirkətinə verildiyini açıqlayıb.
Editor.az xəbər verir ki, məlumata görə, müqavilə çərçivəsində İsrail Hərbi Hava Qüvvələri üçün 25 ədəd yeni F-15IA döyüş təyyarəsinin dizaynı, inteqrasiyası, sınaqdan keçirilməsi, istehsalı və təhvil verilməsi nəzərdə tutulur. Saziş eyni zamanda əlavə 25 ədəd F-15IA təyyarəsinin alınması üçün opsion da ehtiva edir.
Pentaqonun yaydığı açıqlamada bildirilib ki, Missuri ştatının Sent-Luis şəhərində yerləşən “Boeing” şirkəti F-15 İsrail Proqramı çərçivəsində 8 milyard 577 milyon 700 min dollar məbləğində tavan qiymətli, hibrid maliyyə modeli əsasında (xərc + sabit haqq, sabit qiymət təşviqi və dəqiq sabit qiymət) müqavilə hüququ qazanıb.
Qeyd olunub ki, layihə üzrə işlər Sent-Luis şəhərində həyata keçiriləcək və 2035-ci il dekabrın 31-dək tamamlanması planlaşdırılır. Müqavilə ABŞ-ın İsrailə yönəlik Xarici Hərbi Satışlar (FMS) proqramı çərçivəsində icra olunacaq.
//Gülnarə Abasova, Editor.az