AZ

TRIPP – Ararat Mirzoyanın konkret vaxtı

Ermənistan XİN rəhbərinin açıqlaması ilə bağlı 2 məqam

Əslində, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın “Tramp marşrutu” (TRIPP) ilə bağlı ölkəsinin İctimai Televiziyasının efirindən səsləndirdiyi fikirlər onun rəhbərlik etdiyi qurumun bu il dekabrın 24-də “Sputnik Ermənistan”ın sorğusuna cavab olaraq yaydığı açıqlamanın, demək olar, təkrarıdır. Ancaq bir fərq var. Fərqi və ondan irəli gələn bəzi məqamları vurğulayacağıq. Hələlik isə Mirzoyanın nələrdən söz açmasına diqqət yetirək.

Beləliklə, Ermənistanın XİN rəhbəri bildirib ki, TRIPP layihəsi üzrə işlər aktiv rejimdə aparılır və erməni tərəfi onun infrastrukturunun mümkün qədər tez blokadadan çıxarılmasında və istifadəyə verilməsində maraqlıdır. Mirzoyan prioritet element kimi sırf dəmir yolunun üzərində dayanıb. O deyib ki, dəmir yolu əlaqəsinin reallaşdırılması Ermənistana xarici bazarlara çıxış əldə etməyə, ixrac–idxal imkanlarını genişləndirməyə, eləcə də ölkə ərazisi vasitəsilə tranziti təmin etməyə şərait yaradacaq. Bu tranzitdən isə Azərbaycan və üçüncü dövlətlər, o cümlədən Mərkəzi Asiya və Avropa ölkələri də yararlana biləcəklər.

XİN rəhbəri onu da bildirib ki, Amerika tərəfi ilə layihənin şərtlərinin, eləcə də tərəflərin hüquq və öhdəliklərinin dəqiqləşdirilməsi istiqamətində intensiv iş davam edir. Onun sözlərinə görə, ilk layihə sənədi yaxın günlərdə və ya həftələrdə hazırlana bilər. Yeri gəlmişkən, xatırladaq ki, “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (TRIPP) layihəsinin həyata keçirilməsi ilə bağlı razılaşma Azərbaycanın və Ermənistan liderlərinin bu il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın şahid imzası ilə təsdiqlənmiş Birgə Bəyannaməsində təsbit edilib. Bəyannamənin 4-cü bəndində bildirilir ki, “Ermənistan Respublikası Ermənistan Respublikasının ərazisində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə Amerika Birləşmiş Ştatları və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflər ilə əməkdaşlıq edəcəkdir. Biz bu məqsədə ən qısa zamanda nail olmaq üçün xoş niyyətlə səy göstərməyə dair qətiyyətimizi təsdiq edirik”.

Dekabrın 10-da Ermənistanın baş naziri Nikol Paşinyan bildirmişdi ki, dəmir yolu və avtomobil infrastrukturu, eləcə də neft və qaz kəmərləri və fiber-optik kabellərin inkişafı hüququ Ermənistanda qeydiyyatdan keçəcək erməni–amerikan birgə müəssisəsinə - “TRIPP Company”yə veriləcək. O, layihənin icra və tikinti mərhələsinin başlanmasının 2026-cı ilə planlaşdırıldığını da diqqətə çatdırmışdı. Ermənistan XİN-in dekabrın 24-dəki açıqlamasında da eyni məqam vurğulanmışdı. Nazirliyin açıqlamasında, habelə qeyd edilmişdi ki, “Tramp marşrutu” layihəsinin hüquqi bazasının və tənzimləmə mexanizmlərinin formalaşdırılması istiqamətində amerikalı tərəfdaşlarla intensiv danışıqlar aparılır. Müəyyən detallar üzərində dayanan erməni baş xarici siyasət idarəsi onu da bəyan etmişdi ki, Ermənistanda qeydiyyatdan keçəcək erməni–amerikan birgə müəssisəsi – “TRIPP Company” dəmir və avtomobil yolları, neft-qaz kəmərləri, eləcə də fiber-optik rabitə xətləri daxil olmaqla, zəruri infrastrukturun inkişaf etdirilməsi hüququnu əldə edəcək. Mirzoyan isə daha konkretdir. O, TRIPP layihəsinin infrastrukturunun tikintisinin 2026-cı ilin ikinci yarısında başlayacağını deyib. Yəni əvvəldə anons etdiyimiz fərqlilik budur.

Əslində, həm Paşinyanın, həm də Ermənistan XİN-in açıqlaması elə təəssürat yaratmışdı ki, TRIPP layihəsi üzrə işlər 2026-cı il girər-girməz başlayacaq. Bu mənada Mirzoyanın konkretliyi müəyyən qədər təəccüblüdür. İstər-istəməz sual yaranır ki, vaxt nə üçün uzanır, yaxud uzadılır? Axı prinsipcə işləri sürətləndirmək mümkündür. Məsələyə iki aspektdən yanaşaq və ilk növbədə, Mirzoyanın dəmir yolu əlaqəsini fərqləndirməsinin üzərində dayanaq. Bu yerdə Ermənistanın XİN-in açıqlamasında “Tramp marşrutu”nun rəsmi İrəvanın irəli sürdüyü “Sülh kəsişməsi”nin tərkib hissəsi qismində təqdim olunmasına nəzər salaq: “İrəvanda “Tramp marşrutu” hökumətin “Sülh kəsişməsi” təşəbbüsünün tərkib hissəsi kimi nəzərdən keçirilir”.

Məlum olduğu kimi, “Sülh kəsişməsi”ndə regional kommunikasiyaların açılmasının dəmir yolu seqmentinə bir o qədər yer verilmirdi. Əsasən quru yolundan – Laçın-Kornidzor-Marqara marşrutundan söz açılırdı. Yəni beynəlxalq daşımalar Azərbaycanın Laçınından Ermənistanın Kornidzoruna daxil olacaq, oradan isə Türkiyə ilə sərhəddə - Marqara məntəqəsinə yetişəcək. Üstəlik, Türkiyə-Ermənistan sərhədi də açılacaq ki, dünya ilə bağlantı yaradılsın.

İndi, yəni Birgə Bəyannamə imzalandıqdan sonra Ermənistan hakimiyyəti yaxşı anlayır ki, Naxçıvana yol məsələsi strateji əhəmiyyətə malikdir. Ancaq bir müddət əvvəl, konkret olaraq, dekabrın 2-də Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” adlı sənəd imzalananda, Aİ-nin Genişlənmə Siyasəti üzrə Ali Komissarı Marta Kos təmsil olunduğu qurumun TRIPP layihəsində mümkün iştirakı ilə bağlı söz açmış və demişdi ki, ABŞ, Azərbaycan və Türkiyə ilə danışıqlar aparılır. Həmçinin: “Aİ-nin öz təklifləri var və blok Türkiyə və Azərbaycanla məsləhətləşmələrini davam etdirir. ABŞ-ın iştirakı xüsusilə önəmlidir, çünki layihə yalnız bir dəmir yolu seqmentini əhatə edir”.

Qeyd edək ki, istər M.Kosun, istərsə də Ermənistan hakimiyyətinin son zamanlar TRIPP xüsusundakı açıqlamaları şübhələr yaradır. Baxmayaraq ki, ümumən erməni iqtidarının vacib mövzuya müntəzəm toxunması müsbət hal kimi qiymətləndirilə bilər. Şübhə isə budur ki, kimlərsə özündə Cənubi Qafqaz müstəvisində hələ çox kövrək olan reallıqlara meydan oxumaq cəsarətini tapır və onların rəsmi İrəvanın hərəkətlərinə təsir etməyəcəyi ehtimalı azdır.

Sonda Mirzoyanın TRIPP-in inşasının 2026-cı ilin ikinci yarısından başlayacağına dair açıqlamasındakı müsbət məqamın üzərində dayanaq. Məlumdur ki, gələn il Ermənistanda parlament seçkiləri keçiriləcək. Belə düşünmək olar ki, hazırkı hakim komanda TRIPP üzərində məhz seçki qalibi qismində işləmək niyyətindədir. Ola bilər, rəsmi İrəvan layihənin bəzi detallarının qıcıq doğura bilmə ehtimalını əsas götürür. Qıcıq isə hay hakim komandasının qələbə imkanlarını azalda bilər. Yəni Mirzoyanın konkret vaxtına nikbinlik pəncərəsindən baxaq.

Ə.CAHANGİROĞLU
XQ

Seçilən
36
1
xalqqazeti.az

2Mənbələr