AZ

Ölkəmizdə peşəkar hüquqi yardımın hədəfləri və uğurları

Azərbaycanın tarixi Qarabağ zəfərindən ötən 5 il ərzində formalaşan yeni reallıqlar ölkəmizin regional və qlobal mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirib. Postmüharibə dövründə həyata keçirilən ardıcıl diplomatik təşəbbüslər, aparıcı beynəlxalq siyasi mərkəzlərdə aparılan yüksək səviyyəli dialoqlar və strateji əhəmiyyətli təmaslar Azərbaycanın müstəqil mövqeyinin beynəlxalq miqyasda qəbul olunduğunu bir daha nümayiş etdirib.

Ümummilli lider Heydər Əliyevin yaratdığı dövlətçilik ideologiyasına uyğun olaraq Prezident İlham Əliyevin balanslaşdırılmış və prinsipial xarici siyasəti nəticəsində Azərbaycan enerji təhlükəsizliyi, nəqliyyat və regional əməkdaşlıq məsələlərində mühüm subyektə çevrilib. Həyatın bütün sahələrində əldə edilən nailiyyətlər hüquqi dövlət quruculuğunun möhkəmləndirilməsi, konstitusion dəyərlərin qorunması və milli suverenliyin institusional təminatı ilə bilavasitə bağlıdır.

Vətən müharibəsində qazanılmış Qələbənin 5-ci ildönümündə müstəqil dövlətimizin Əsas qanununun qəbul edilməsinin 30 illiyi şərəfinə ölkə başçısının sərəncamı ilə elan edilmiş “Konstitusiya və Suverenlik İli” Azərbaycan dövlətçiliyinin gücünü, milli iradənin sarsılmazlığını və gələcəyə yönəlmiş strateji baxışının hüquqi əsaslarına verdiyi dəyəri bir daha bəyan etdi. Bu il müstəqil dövlətimizin hüquqi əsaslarının və suverenliyimizin daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdı.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış, müstəqil dövlətçiliyimizin pasportu sayılan Azərbaycan Respublikasının Konstitusiyası 30 ildir ki, ölkəmizin hüquqi və siyasi sisteminin təməlini təşkil edir. Konstitusiya dövlət hakimiyyətinin təşkili prinsiplərini, insan və vətəndaş hüquq və azadlıqlarını, onların təminatını müəyyən etməklə, müstəqil dövlətçiliyimizin ideoloji və normativ çərçivəsini formalaşdırıb.

Təsadüfi deyil ki, Konstitusiyanın 61-ci maddəsində hər kəsin yüksəkkeyfiyyətli hüquqi yardım almaq hüququnun təsbit edilməsi insan hüquqlarının müdafiəsinə verilən xüsusi əhəmiyyətin bariz ifadəsidir. Bu konstitusion təminat hüquqların formal deyil, real və səmərəli şəkildə həyata keçirilməsini hədəfləyən hüquqi mexanizmlərin mövcudluğunu zəruri edir.

Məhz bu kontekstdə vəkillik institutu konstitusion hüquq və azadlıqların müdafiəsində, ədalətli məhkəmə araşdırmasının təmin olunmasında və hüquqi dövlət prinsipinin praktiki reallaşmasında mühüm rol oynayır. Vətəndaşların keyfiyyətli hüquqi yardıma çıxışının təmin edilməsi, müdafiə hüququnun effektiv icrası və məhkəmə icraatında tərəflərin bərabərliyinin qorunması tam müstəqil vəkillik fəaliyyətinin konstitusion əsasını və cəmiyyətdəki əhəmiyyətini bir daha təsdiqləyir. Bu prinsiplərin hüquqi reallığa çevrilməsi isə Azərbaycanda vəkillik institutunun institusional baxımdan müstəqil və dayanıqlı şəkildə formalaşdırılmasını zəruri edib.

Ümummilli lider Heydər Əliyev hüquqi dövlət quruculuğunda vəkilliyin zəruriliyinə hər zaman önəm verirdi. Onun hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində apardığı uzaqgörən və qətiyyətli siyasəti nəticəsində vəkillik institutu dövlətin hüquq sistemində layiqli yerini tutmuşdur. Ulu öndərin təşəbbüsü ilə 1978-ci il tarixli Azərbaycan SSR Konstitusiyasında ilk dəfə vəkillik institutu haqqında müddəalar öz əksini tapmış, bununla da vəkilliyə konstitusion status verilmişdir.

Heydər Əliyevin rəhbərliyi ilə 1980-ci il noyabrın 13-də qəbul edilən “Azərbaycan SSR vəkilliyi haqqında Əsasnamə” isə bu institutun fəaliyyətinin hüquqi bazasını müəyyənləşdirmişdir. Həmin sənəd əsasında fəaliyyət göstərən Vəkillər Kollegiyası Azərbaycanın hüquq tarixində mühüm mərhələ təşkil etməklə, vəkilliyin institusional əsaslarının möhkəmləndirilməsinə xidmət edib.

Bu konseptual yanaşmanın davamı olaraq 1995-ci ildə Konstitusiyamızın qəbulundan sonra postsovet məkanında ilk dəfə vəkilliyə müstəqil status 1999-cu ildə Ulu öndərin həyata vəsiqə verdiyi “Vəkillər və vəkillik fəaliyyəti” haqqında qanunla təsbit olunmuşdur. Bununla da ölkəmizdə vəkillik təsisatı tam müstəqil, hakimiyyətin heç bir qolundan asılı olmayan hüquqi institut kimi formalaşdı.

Yeni Qanunun qəbulundan sonra 3 noyabr 2004-cü ildə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası təsis edilib və ilkin mərhələdə onun 356 üzvü olub. Bu addım vəkilliyin peşəkar, şəffaf və institusional əsaslar üzərində yenidən təşkilinə mühüm təkan verib. Sonrakı illərdə Azərbaycan vəkilliyi təkcə hüquqi yardım göstərən təsisat kimi deyil, həm də insan hüquqlarının müdafiəsi, hüquqi maarifləndirmə, ədalət mühakiməsinin təminatçısı və hüquqi dövlətin əsas dayaqlarından biri kimi fəaliyyət göstərir.

Ulu öndərin siyasi kursunu layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə vəkilliyin inkişafı dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib. 2005-ci il 11 mart tarixli “Azərbaycan Respublikası Vəkillər Kollegiyasının maddi-texniki təminatının yaxşılaşdırılması üzrə tədbirlər barədə” sərəncam dövlətin bu sahəyə göstərdiyi real dəstəyin bariz nümunəsidir.

Hüquqi islahatlar çərçivəsində vəkillik institutunun inkişafında dönüş nöqtəsi hesab edilən mühüm sənədlərdən biri də ölkə Prezidentinin 22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamıdır. Bu sənəddə vəkillik fəaliyyətinin institusional əsaslarının möhkəmləndirilməsi, Vəkillər Kollegiyasının fəaliyyət imkanlarının genişləndirilməsi və maddi-texniki təminatının yaxşılaşdırılması istiqamətində konkret tapşırıqlar müəyyən edilib.

Kollegiyanın müvafiq binalarla təmin olunması, dövlət hesabına göstərilən hüquqi yardıma görə ödənilən məbləğin üç dəfə artırılması və digər vacib mexanizmlər hüquqi müdafiə sisteminin daha funksional və əlçatan olmasına xidmət edən mühüm addımlar kimi qiymətləndirilir. Bu sənədlərlə yanaşı, vəkillərin fəaliyyət şəraitinin yaxşılaşdırılması, hüquqi xidmətlərin rəqəmsallaşdırılması, “Elektron vəkil orderi” sisteminin tətbiqi və “Elektron məhkəmə” informasiya sisteminə inteqrasiya kimi mühüm yeniliklər də həyata keçirilib.

Prezident İlham Əliyevin 3 aprel 2019-cu il tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanı ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması və vəkillik institutunun inkişafı istiqamətində atılan mühüm strateji addım olub. Həmin Fərmanla 2020-ci ildən etibarən dövlət hesabına göstərilən hüquqi yardıma görə vəsaitin birbaşa Vəkillər Kollegiyasına ayrılması qərara alınıb. Eyni zamanda, Prezidentin 25 dekabr 2019-cu il tarixli sərəncamı ilə hər il 28 dekabrın Vəkil Günü kimi qeyd olunması təsbit edilib.

Prezident İlham Əliyevin 19 noyabr 2025-ci il tarixli fərmanı ilə Mülki Prosessual Məcəlləyə, Cinayət-Prosessual Məcəlləyə, Cəzaların İcrası Məcəlləsinə və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna edilən dəyişikliklər ölkəmizdə hüquq sisteminin daha da təkmilləşdirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilir. Sənəddə müdafiə hüququnun səmərəli təmin edilməsi və vəkilliyin institusional əsaslarının gücləndirilməsi məqsədilə zəruri mexanizmlər müəyyən edilib.

Son illərdə ölkəmizdə vəkillik institutunun regionlarda da möhkəmləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib. Bu çərçivədə Sumqayıt, Şəki, Şirvan və Gəncə şəhərlərində regional vəkil qurumları yaradılıb ki, bu da əhalinin peşəkar hüquqi yardıma əlçatanlığının artırılmasına mühüm töhfə verib.

Cari ildə sayca 4-cü Regional Vəkil Bürosu olan Gəncə Regional Vəkil Bürosunun yeni inzibati binasının açılışı olub. Büro Kollegiyanın tam maddi vəsaiti hesabına müasir standartlara uyğun şəkildə yenilənib və zəruri texniki avadanlıqlarla təmin olunub. Gəncə Regional Vəkil Bürosunun yeni inzibati binası vətəndaşların konstitusion hüquqlarından biri olan keyfiyyətli hüquqi yardım almaq hüququnun daha yaxşı realizə olunması, region sakinlərinin ədalət mühakiməsinə çıxış imkanlarının genişləndirilməsi və vəkillərin peşəkar fəaliyyəti üçün daha əlverişli şəraitin yaradılması deməkdir.

Lənkəran şəhərində də vəkillər üçün yeni inzibati binaların tikintisi istiqamətində mühüm layihələr icra olunur. Bu layihələr regionlarda infrastrukturun yenilənməsi və vəkillik fəaliyyətinin müasir şəraitdə həyata keçirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bakı şəhərində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının yeni inzibati binasında – “Vəkil evi”ndə tikinti və əsaslı təmir işləri uğurla davam etdirilir.

Hazırda ölkə üzrə ümumilikdə 144 vəkil qurumu fəaliyyət göstərir. Bu qurumlar paytaxtla yanaşı, regionları da əhatə edir və vətəndaşlara göstərilən hüquqi yardımın daha əlçatan və operativ olmasına xidmət edir. Bu göstərici son illərdə vəkillik institutunun inkişafı istiqamətində həyata keçirilən islahatların və sistemli tədbirlərin bariz nəticəsidir. Regionlarda yeni Vəkil bürolarının yaradılması, infrastrukturun gücləndirilməsi, habelə vəkillərin sayının artması və peşəkarlıq səviyyəsinin yüksəlməsi hüquqi yardım sisteminin keyfiyyətini əhəmiyyətli dərəcədə artırıb.

Ölkəmizdə hüquqi dövlət quruculuğu və ədalət mühakiməsinin səmərəli həyata keçirilməsi istiqamətində mühüm addımlar atılmaqdadır. Bu istiqamətdə atılan ən vacib addımlardan biri də əhalinin hüquqi yardıma əlçatanlığının təmin olunması və bu sahədə fəaliyyət göstərən vəkillərin sosial təminatının gücləndirilməsidir. Belə ki, 2025-ci il ərzində Baş nazir Əli Əsədovun qərarı ilə dövlət hesabına göstərilən hüquqi yardıma görə vəkillərə ödənilən vəsaitin məbləği artırılıb.

Konstitusion hüquq olan peşəkar hüquqi yardım almaq hüququnun realizəsini həyata keçirən Vəkillər Kollegiyasının fəaliyyəti çoxşaxəlidir. Kollegiyanın fəaliyyəti həm vəkilliyin inkişafı, həm də vətəndaşlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Bu kontekstdə, ilk növbədə, Vəkillər Kollegiyası Rəyasət Heyətinin və digər qurumlarının fəaliyyəti xüsusi vurğulanmalıdır. Belə ki, 2025-ci il ərzində Rəyasət Heyətinin 21 iclası keçirilib. İclaslarda vəkilliyə qəbul üzrə ixtisas imtahanlarını və icbari təlim mərhələsini müvəffəqiyyətlə başa vuran namizədlərin andiçmə mərasimləri təşkil olunub. Bu mərasimlər gənc hüquqşünasların peşəkar fəaliyyətə başlamasında, vəkillik institutunun daha da güclənməsində mühüm rol oynayıb.

Rəyasət Heyətinin iclaslarında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb, bəzi vəkillərin dövlət qulluğuna qəbulu ilə əlaqədar fəaliyyətlərinin dayandırılması, mükafatlandırılması, öz ərizələri əsasında fəaliyyətlərinə xitam verilməsi, üzvlük haqqından müəyyən müddətə azad edilməsi, maddi yardım göstərilməsi, üzvlük haqqı borclarının silinməsi və digər vəkil qurumlarına keçməsi ilə bağlı müraciətlər üzrə qərarlar qəbul edilib. Ümumilikdə, bu il Rəyasət Heyəti 790 qərar qəbul edib.

2025-ci ildə vəkillərin və vətəndaşların müraciətlərinin operativ və şəffaf şəkildə cavablandırılması məqsədilə Vəkillər Kollegiyası Rəyasət Heyətində mütəmadi olaraq vətəndaş qəbulları təşkil olunub, ümumilikdə, 719 vətəndaş qəbul edilib. Rəyasət Heyətinə daxil olan müraciətlərin hər biri araşdırılıb, aidiyyəti üzrə baxılıb və qanunvericiliyə uyğun şəkildə cavablandırılıb. Ümumilikdə isə, 2025-ci ildə Rəyasət Heyətinə 4 min 688 sənəd daxil olub, vətəndaşlara və dövlət qurumlarına isə 2 min 50 məktub cavab olaraq göndərilib.

2025-ci il ərzində Vəkillər Kollegiyasının fəaliyyəti çərçivəsində intizam və hüquqi normayaratma istiqamətlərində mühüm addımlar atılıb. Belə ki, bu il Vəkillər Kollegiyasının Rəyasət Heyətinə ümumilikdə 893 şikayət daxil olub. İntizam icraatlarının nəticələri üzrə Rəyasət Heyəti tərəfindən 170 qərar qəbul edilib.

Bundan başqa, Vəkillər Kollegiyası dövlət və qeyri-dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində qanunvericiliyin təkmilləşdirilməsi prosesində də aktiv iştirak edib. Belə ki, 2025-ci il ərzində Kollegiya tərəfindən 50-dən çox normativ-hüquqi akt layihəsinə rəy və təkliflər təqdim olunub. Bu, Kollegiyanın hüquqi islahatlarda və normayaratma proseslərində mühüm tərəfdaş kimi rolunu bir daha təsdiqləyib.

Vəkillər Kollegiyasının fəaliyyət istiqamətlərindən biri kimi beynəlxalq əməkdaşlıq münasibətlərinin inkişafı xüsusi əhəmiyyət daşıyır. 2025-ci il Vəkillər Kollegiyası üçün beynəlxalq müstəvidə uğurlu və əlamətdar dövr olub. Kollegiya fəaliyyətini beynəlxalq əməkdaşlığın genişləndirilməsi, vəkillərin peşəkar inkişafı və ölkəmizin hüquqi imicinin gücləndirilməsi istiqamətində ardıcıl şəkildə davam etdirib. 2026-cı ildə EYBA-nın payız konfransının Bakıda keçirilməsi barədə qəbul edilən qərar Azərbaycan vəkilliyinin beynəlxalq nüfuzunun artmasının daha bir göstəricisi olub.

Vəkillər Kollegiyasının fəaliyyətinin elektronlaşması mühüm istiqamətlərdən biridir. “Elektron Vəkil Platforması” yaradılıb, habelə Kollegiyanın nəzdində “Elektron vəkillik” Komitəsi təsis edilib. Eyni zamanda, Kollegiyanın rəsmi veb-saytı, habelə vəkillərin onlayn reyestri, vəkillər üçün elektron məhkəmə ilə inteqrə olunmuş elektron şəxsi-kabinetin yaradılması elektronlaşmanın ilk mərhələlərindən olub.

Qeyd olunan yeniliklərdən əlavə, yaxın zamanda Kollegiyanın “Elektron vəkillik” Komitəsinin hazırladığı “Pro Bono” chat botu istifadəyə veriləcək.

Ümumilikdə, Vəkillər Kollegiyası birgə əməkdaşlıq mexanizmləri çərçivəsində məcburi köçkünlər, aztəminatlı şəxslər, qazilər və digər sosial həssas qruplar üçün ölkə üzrə pulsuz hüquqi yardım aksiyaları həyata keçirib. 2025-ci ildə, ümumilikdə, 113 təlim təşkil olunub və həmin təlimlərdə 5 113 vəkil iştirak edib. Bu, onu göstərir ki, bir vəkil bir neçə təlimə qoşularaq bilik və bacarıqlarını artırıb. “Konstitusiya və Suverenlik İli” üzrə Tədbirlər Planı çərçivəsində 10 mindən çox vətəndaş Vəkillər Kollegiyasının təşkil etdiyi pulsuz hüquqi yardım imkanlarından faydalanıb.

Qürur və məmnunluq hissi ilə bir daha qeyd edirik ki, Azərbaycan Respublikası postsovet məkanında vəkillik institutuna müstəqil fəaliyyət imkanı verən ilk ölkələrdən biri kimi hüquqi sistemində mühüm islahatlara imza atıb. 106 yaşını qeyd edən Azərbaycan Respublikası Vəkillər Kollegiyası yüksəkkeyfiyyətli, peşəkar və hər kəs üçün əlçatan hüquqi yardımın göstərilməsi missiyasını ölkəmizdə peşəkarlıqla yerinə yetirir, vətəndaş məmnunluğunu və hüquqların səmərəli müdafiəsini prioritet hesab edən fəaliyyət xəttini ardıcıl şəkildə davam etdirəcək.

Anar BAĞIROV,
Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri, hüquq üzrə fəlsəfə doktoru

Seçilən
14
1
xalqqazeti.az

2Mənbələr