AZ

Deputat: 2026-cı ildə də qeyri-neft sektorunun inkişafı prioritet olaraq qalacaq

Bakı, 30 dekabr, AZƏRTAC

Büdcənin icrası zamanı bəzi aylarda profisit müşahidə olunub. Bununla yanaşı, mühüm məqamlardan biri də büdcə vəsaitinin səmərəli yerləşdirilməsi hesabına əlavə gəlirlərin əldə edilməsidir. Maliyyə Nazirliyi tərəfindən sistem əhəmiyyətli beş bankda büdcə vəsaitinin yerləşdirilməsi nəticəsində əlavə gəlir formalaşıb. Bu addım büdcə gəlirlərinin şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O qeyd edib ki, 2026-cı ildə də qeyri-neft sektorunun inkişafı əsas prioritetlərdən biri olacaq: “Gələn ilin dövlət büdcəsi müstəqillik dövründə formalaşdırılan ən böyük büdcə hesab olunur. Sosial sahəyə 17,1 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurun bərpası üçün 3,5 milyard manat vəsait planlaşdırılır. Bununla da, işğaldan azad olunmuş ərazilərin bərpasına indiyədək ayrılan vəsaitin ümumi həcmi 26 milyard manatdan çox olacaq”.

“İslahatların daha da dərinləşdirilməsi əsas prioritetlərdən biridir və bu istiqamət növbəti ildə də əsas hədəflər sırasında yer alacaq. Yeni dövrün hədəflərinə uyğun olaraq, dövlət başçısı tərəfindən müəyyənləşdirilən qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın diversifikasiyası sahəsində islahatlar davam etdiriləcək. Qanunvericiliyə edilən dəyişikliklər və növbəti ildə tətbiqi planlaşdırılan yeni qaydalar Azərbaycanda qeyri-neft-qaz sektorunun inkişafını stimullaşdıracaq”, - deyə deputat əlavə edib.

 

Seçilən
27
1
azertag.az

2Mənbələr