London, 30 dekabr, AZƏRTAC
Avstraliya polisi “Bondi” çimərliyində baş verən kütləvi atışmada şübhəli bilinən iki silahlı şəxsin təkbaşına hərəkət etdiyini bildirib.
AZƏRTAC “The Telegraph”a istinadla xəbər verir ki, polis aparılan istintaq və araşdırmaların 50 yaşlı Sacid Akram və onun 24 yaşlı oğlu Navid Akramın daha geniş terrorçu şəbəkənin üzvü olmasına dair heç bir sübut ortaya qoymadığını açıqlayıb. Vurğulanıb ki, onların noyabr ayında Filippinin Mindanao adasına səfəri zamanı hər hansı rəsmi hərbi və ya terror hazırlığı keçmələrinə dair də göstərici yoxdur.
“Bu şəxslərin təkbaşına hərəkət etdikləri iddia edilir. Onların terrorçu qrupun üzvü olmaları və ya başqaları tərəfindən hücumun həyata keçirilməsi üçün yönləndirilmələri ilə bağlı heç bir dəlil yoxdur”,- deyə açıqlamada vurğulanıb.
Qeyd edək ki, Avstraliyada ata və oğul dekabrın 14-də Hanukka tədbiri zamanı atəş açaraq 15 nəfəri öldürüb. Bu hadisə son 30 ilə yaxın müddətdə Avstraliyada baş vermiş ən ağır kütləvi atışma kimi qiymətləndirilir. Faciə ölkə ictimaiyyətində ciddi sarsıntı yaradıb və silahla bağlı qanunvericiliyin dərhal yenidən nəzərdən keçirilməsinə səbəb olub.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London