Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Yəmənin Mukalla liman şəhərinə hava hücumları həyata keçirib...
Poliqon xəbər verir ki, bu barədə SPA agentliyi yazıb.
Tələfat barədə məlumat yoxdur. Yəmən hakimiyyəti fövqəladə vəziyyət elan edib.
Zərbələr Fujayradan (BƏƏ) iki gəmini hədəf alıb. Səudiyyə Ərəbistanı rəsmisinin sözlərinə görə, onlar Birləşmiş Ərəb Əmirliklərinin dəstəklədiyi Cənub Keçid Şurası (STC) qüvvələrinə çoxlu miqdarda silah və hərbi nəqliyyat vasitələri çatdırıblar.
Səudiyyə Ərəbistanı ordusu bildirib ki, bu silahların sülh və sabitliyə yaratdığı təhlükə və eskalasiyanı nəzərə alaraq, koalisiya hava qüvvələri bu səhər Mukalla limanında iki gəmidən boşaldılmış silah və hərbi texnikaya qarşı məhdud hava hücumu həyata keçirib.
Koalisiya daha sonra əməliyyatın başa çatdığını elan edib. "Əl-Ərəbiyyə"nin məlumatına görə, ölən olmayıb və yerli infrastruktura da daxil olmaqla, heç bir ziyan dəyməyib.
Yəmən Prezident İdarəetmə Şurasının rəhbəri Rəşad Məhəmməd əl-Əlimi ölkədə 90 günlük fövqəladə vəziyyət elan edilməsi barədə əmr verib. TASS-ın verdiyi məlumata görə, onun fərmanına əsasən, "üsyançı elementlər" BƏƏ-dən Yəməni bölmək üçün şərq əyalətlərinə hərbi hücuma başlamaq əmri alıblar. Yəmən hakimiyyəti həmçinin BƏƏ ilə müdafiə müqaviləsini ləğv edib.
Dekabrın əvvəlində 2019-cu ildən bəri BƏƏ-nin birbaşa dəstəyi ilə cənubi Yəmənin əhəmiyyətli bir hissəsinə nəzarət edən separatçı təşkilat olan Cənub Keçid Şurası (STC) səkkiz əyaləti nəzarətə götürdüyünü açıqlayıb. Bu, mərkəzi qüvvələrin və müttəfiq qəbilə qüvvələrinin mövqelərinə qarşı sürətli hücumdan sonra baş verib.
Poliqon.info