Gununsesi saytından verilən məlumata görə, ain.az xəbər verir.
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyətinin təkmilləşdirilməsi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərman imzalanıb.
Fərmana əsasən, Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən və fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə, habelə bələdiyyələrə qrant verə bilən qurumlar, həmçinin Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi qeyri-hökumət təşkilatlarının müsabiqə yolu ilə və müsabiqədənkənar yolla, dövlət sifarişləri və subsidiya daxil olmaqla bütün növ maliyyələşdirilməsini “bir pəncərə” prinsipi əsasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birlikdə həyata keçirəcəklər.
Gununsesi.info bildirir ki, Multi-Media Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz məsələyə münasibət bildirib.
Onun fikrincə, bu sənəd QHT-lərə dövlət dəstəyi sahəsində indiyədək mövcud olan mexanizmləri köklü şəkildə dəyişəcək:
“Yeni Fərmanla QHT Agentliyinin rolu əhəmiyyətli dərəcədə gücləndirilir.
Ən maraqlı məqamlardan biri isə ondan ibarətdir ki, indiyədək müxtəlif dövlət qurumları tərəfindən pərakəndə şəkildə həyata keçirilən maliyyələşmə mexanizmləri artıq vahid sistem daxilində əlaqələndirilir. Bundan sonra QHT-lərin bütün növ dövlət maliyyələşməsi “vahid pəncərə” prinsipi əsasında həyata keçiriləcək. Müxtəlif nazirliklər, fondlar və agentliklər tərəfindən verilən qrantlar, subsidiyalar və dövlət sifarişləri QHT Agentliyi ilə birlikdə, uzlaşdırılmış qaydada icra olunacaq.
Burada söhbət QHT-lərin maliyyələşməsinin mərkəzləşməsindən deyil, müxtəlif qurumlar tərəfindən verilən qrantların koordinasiyasından gedir.
Digər mühüm yenilik isə “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi” vahid informasiya sisteminin yaradılmasıdır. Sistemin sahibi və operatoru kimi QHT Agentliyi müəyyənləşdirilib”.
Osman Gündüz hesab edir ki, bu sistem QHT-lərin indiyədək pərakəndə halda olan maliyyələşdirilməsi prosesini rəqəmsal müstəviyə daşıyaraq şəffaflığı, izlənə bilənliyi və institusional yaddaşı təmin edəcək:
“Təkrarlanan layihələrin qarşısının alınması, prioritetlərin daha dəqiq müəyyənləşdirilməsi və dövlət siyasətinin icrasının ölçülə bilməsi baxımından bu, ciddi irəliləyişdir.
Eyni zamanda Fərmanda Agentliyin idarəetməsində tək icraçı modelindən imtina edilərək kollegial İdarə Heyəti modelinə keçid nəzərdə tutulur ki, bu da qərarların daha balanslı, məsuliyyətli və davamlı qəbuluna xidmət edir.
Nəticə etibarilə bu Fərman QHT-lərə dövlət dəstəyində pərakəndə yanaşmadan sistemli və əlaqələndirilmiş modelə keçidin hüquqi əsasını yaradır. Vahid pəncərə və rəqəmsal informasiya sistemi dövlət–vətəndaş cəmiyyəti münasibətlərində şəffaflığı, məsuliyyəti və etimadı əhəmiyyətli dərəcədə gücləndirəcək”.
Şəbnəm
Gununsesi.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.