Azərbaycanda dövlət satınalmalarında rəqabətlə yanaşı, bu sahəyə diqqət və nəzarət də artır. Ötən il qəbul olunan «Dövlət satınalmaları haqqında» qanun işə düşəndən sonra işə düşən yeniliklərdən biri də «etibarsız təchizatçı» anlayışıdır.
«Blue Diamond» MMC niyə etibarsız təchizatçı oldu? – ŞİRKƏTDƏN AÇIQLAMA
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, qanuna görə, tender üzrə öhdəliklərini yerinə yetirməyənlər etibarsız təchizatçı sayılır və onlar bir müddət tenderlərə buraxılmır.
Bəs «etibarsız təchizatçı»ya çevrilən şirkət və sahibka nə etməlidir?
Tenderlərdə iştirak edən şirkət və sahibkarlar müqavilə öhdəliklərini yerinə yetirə bilməyəndə, saxta sənəd və ya məlumat təqdim edəndə və s. kimi məsələlərə görə etibarsız təchizatçı ola bilir. Şirkət etibarsız təchizatçı seçiləndən sonra müəyyən edilmiş müddətdə satınalmalarda iştirak edə bilmir.
FED.az biznes və maliyyə xəbərləri portalına açıqlama verən satınalmalar üzrə mütəxəssis Elşən Həsənov qeyd edib ki, şirkət etibarsız təchizatçı siyahsına düşən zaman bunun səbəbləri həmin şirkətə əvvəlcədən bildirilir:
“Sifarişçi şirkət və ya qurum (yəni tenderi keçirən tərəf – FED.az) Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət edərək işlərin tamamlanmadığını bildirir. Öz növbəsində Agentlik «etibarsız təchizatçı» adına namizəd olan şirkətə bu müraciət barədə əvvəlcədən məlumat verir. Adətən hhəmin şirkətə müqavilə ilə bağlı məsələlərdə yol verdiyi nöqsanları həll etmək üçün Agentlik tərəfindən 15 gün müddətində vaxt verilir. Əgər bu nöqsanlar aradan qaldırılmasa, yəni sifarişçi şirkət işlərin yerinə yetirildiyini təsdiqləməsə, Agentliyin həmin şirkəti «etibarsız təchizatçılar» siyahısına əlavə etmək hüququ var.
Elşən Həsənov bildirir ki, tenderi udan şirkətlərin tender öhdəliklərini yerinə yetirməsinə həm sifarişçi, həm də Agentlik nəzarət edir, Amma adətən pozuntunun baş verməsi və podratçının öz öhdəliklərini yerinə yetirməməsi sifarişçinin (tenderi keçirənin – FED.az) narazlığından sonra başlayır. Yəni adətən sifarişçi müraciət etməsə, həmin şirkətin etibarsız təchizatçılar siyahısına əlavə olunması prosesi başlamır.
Qanunvericilik, «etibarsız təchizatçı» sayılan şirkətə imkan verir ki, bu qərarı mübahisələndirsin, yəni ondan şikayət versin. «Yəni əgər şirkət və ya sahibkar bu qərardan narazıdırsa, Agentliyə müraciət edərək mübahisələndirə və ya məhkəməyə müraciət edə bilər. Amma Agentliyə yazmağın mənası qalmır, çünki, adətən bu barədə etibarsız təchizatçı seçilən şirkətə əvvəlcədən məlumat verilir».
Qanuna görə, «etibarsız təchizatçı» elan edilən şirkət maksimum 3 il ərzində bu siyahıda qalır, bu müddət ərzində heç bir satınalmada iştirak edə bilmir, iştirak etdiyi tenderlər varsa, müqavilə bağlaya bilmir, hamısından imtina olunur: “Həmin şirkət yalnız etibarsız təchizatçı seçilmiş siyahıdan çıxmağı gözləməlidir, başqa yolu yoxdur. Hətta bir mənbədən satınalma müraciətləri olduqda belə, bu şirkət etibarsız təchizatçılar siyahısında olduğu üçün qəbul olunmur”.
Maraqlıdır ki, Azərbaycanda indiyədək elan edilən etibarsız təchizatçıların demək olar ki, heç birində cəza müddəti 3 il deyil, onların əksəriyyəti tenderlərdən 1 illik müddətə kənarlaşdırılıb. Yeri gəlmişkən, 18 «etibarsız təchizatçı»dan 13-də «etibarsızlıq» müddəti artıq bitib və onlar dövlət satınalmalarında iştirak edə bilərlər.
Bəs etibarsız təchizatçı olan şirkətin təsisçiləri və ya direktoru başqa şirkət yaratsa, onlar da «etibarsız təchizatçı» sayılacaqmı?
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, qanunvericilikdə belə «irsi yoluxma» nəzərdə tutulmayıb.
Ekspertin sözlərinə görə, «etibarsız təchizatçı» adı yalnız həmin şirkətin özünə aiddir və onunla əlaqəli şəxslərin yaratdığı yeni şirkətlərə şamil edilmir: «Etibarsız təchizatçı olan şirkətin təsisçisi və ya icraçı direktoru yeni bir şirkət yarada bilər, burada heç bir risk və qadağa yoxdur. Qadağa yalnız həmin VÖEN-li şirkətə şamil olunur. Yəni etibarsız təchizatçı seçilmiş şirkət tərəfindən yeni bir şirkət yaradılarsa, yeni şirkəti tenderdən kənarlaşdırmağa qanun icazə vermir. Amma etibarsız təchizatçı olan şirkətin keçmişi, təcrübəsi və maliyyə göstəriciləri var. Yeni şirkət yaradılarsa, bu göstəricilər sıfırlanır», - deyə Elşən Həsənov əlavə edib.
Xatırladaq ki, son 2 ildə cəmi 18 şirkət etibarsız təchizatçı elan edilib. Bunların siyahısı ictimaiyyətə açıqdır - SİYAHI.