Ankara, 30 dekabr, AZƏRTAC
Müasir dünyada ölkələrin reallıqlarının xarici media resursları vasitəsilə deyil, milli xəbər agentliklərinin obyektiv prizmasından oxuculara çatdırılması çox vacibdir. Bu baxımdan Bolqarıstan Teleqraf Agentliyi (BTA) ilə Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) arasında əməkdaşlığın dərinləşdirilməsi vacibdir.
Bu barədə Ankaraya səfər edən BTA-nın baş direktoru Kiril Valçev (Kiril Valchev) AZƏRTAC-a bildirib.
O, Bolqarıstan və Azərbaycanın dövlət xəbər agentlikləri arasında 2023-cü ilin iyul ayında Şuşada keçirilən Qlobal Media Forumunda imzalanmış əməkdaşlıq müqaviləsini xatırladıb.
“BTA ilə AZƏRTAC arasında bağlanan saziş sadəcə niyyət sənədi deyil, konkret məqsəd və vəzifələri nəzərdə tutan aydın bir müqavilədir. Biz hər gün Azərbaycanda işıqlandırmaq üçün Bolqarıstandan tövsiyə kimi AZƏRTAC-a xəbərləri göndəririk. Biz, həmçinin Azərbaycandan xəbərlərlə bağlı AZƏRTAC-dan təkliflər alırıq”, - deyə baş direktor bildirib və əlavə edib ki, BTA gündə bolqar dilində minə qədər, ingilis dilində isə 100-ə qədər xəbər yayır.
Onun sözlərinə görə, xəbər agentliklərinin redaktorlarının bütün xəbər lentini oxumaq üçün fiziki imkanları yoxdur, buna görə də tövsiyə olunan məzmun jurnalistlərin işini əhəmiyyətli dərəcədə asanlaşdırır. “Son iki il ərzində BTA AZƏRTAC-ın 500-dən çox xəbərini Bolqarıstan ictimaiyyətinə çatdırıb. Üstəlik, bütün bu mətnlər bolqar dilinə tərcümə edilib. Bolqarıstanda hər bir kəs BTA-nın axtarış lentində “AZƏRTAC” yazmaqla Azərbaycanla bağlı xəbərlərlə tanış ola bilər”, - deyə K.Valçev bildirib.
BTA rəhbəri qeyd edib ki, onun rəhbərlik etdiyi agentlik, həmçinin Reuters, Associated Press, DPA, AFP, Sinxua və TASS kimi qlobal agentliklərlə də fəal əməkdaşlıq edir: “Lakin mənim fikrimcə, ən dəyərli olanı milli media təşkilatları ilə əməkdaşlıq etmək imkanına malik olmaqdır. Yəni proseslərə dövlətlərimizin sərhədlərindən çox kənarda fəaliyyət göstərən mərkəzləri olan media təşkilatlarının “süzgəci”ndən deyil, “öz gözümüzlə” baxmaq vacibdir”.
Əməkdaşlar mübadiləsi planlarını bölüşərək, o, AZƏRTAC-da Bolqarıstanı yaxşı bilən mütəxəssislər, BTA-da isə Azərbaycan haqqında hərtərəfli təsəvvürü olan jurnalistlərin işləyəcəyinə ümid etdiyini bildirib.
K.Valçev Bolqarıstan Teleqraf Agentliyinin Balkan Xəbər Agentlikləri Assosiasiyasının mənzil-qərargahı olduğuna diqqət çəkib: “BTA müxbirləri bütün Balkan dövlətlərində fəaliyyət göstərir. Yəni agentliyimiz Balkanlara bir növ “pəncərə”dir. Bizim üçün, həmçinin AZƏRTAC-ın xaricdəki müxbirlər şəbəkəsi də maraqlı ola bilər, bu da iki xəbər agentliyi arasında əməkdaşlıq üçün daha bir sahənin mövcudluğu deməkdir”.
Sonda baş direktor qeyd etib ki, Bolqarıstan qanunvericiliyinə görə, BTA-nın bütün xəbər lentinə açıq şəkildə çıxış var. “Biz xəbərləri məhsul kimi deyil, insanları məlumatlandırmaq üçün bir resurs kimi qəbul edirik. Agentliklər arasında sərbəst məlumat mübadiləsi və media strukturları arasında əməkdaşlıq ictimaiyyətə həqiqəti daha operativ və tez öyrənməyə və bununla da, dezinformasiyaya qarşı mübarizə aparmağa imkan verir”, - deyə K.Valçev sözünü yekunlaşdırıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara