AZ

Maşın salonları “qan ağlayır” - bir gün sonra...

Son günlər Azərbaycanda avtomobil bazarında yaşanan gərginlik bir daha göstərir ki, biznes mühitində əsas problem təkcə vergi yükü deyil, qərarların qeyri-müəyyən, ziddiyyətli və izahsız şəkildə tətbiq olunmasıdır. Xüsusilə avtomobil satışı ilə məşğul olan sahibkarlar faktiki olaraq risklə üz-üzə qalıb və nə edəcəklərini bilmirlər.

Məlumdur ki, 2026-cı ildən etibarən müəyyən avtomobillərə tətbiq edilən ƏDV güzəşti ləğv olunacaq. Bu qərar əvvəlcədən elan edildiyi üçün bazar iştirakçıları mövcud qaydalara uyğun davranmağa çalışıblar. Yəni güzəşt müddəti bitmədən daha çox avtomobil ölkəyə gətirilib, investisiya qoyulub, kreditlər götürülüb. Sahibkarlar düşünürdülər ki, 2025-ci ilin sonunadək idxal olunmuş avtomobillər mövcud şərtlərlə satışa çıxarıla biləcək.

Lakin son günlər avtosalonlara və avtomobil alveri ilə məşğul olan şəxslərə rəsmi sənəd olmadan, şifahi xəbərdarlıqlar göndərildiyi bildirilir. Bu xəbərdarlıqlara görə, əgər avtomobillər 2025-ci ilin sonunadək satılmasa, 2026-cı ildə satış zamanı onlara ƏDV tətbiq ediləcək. Nəticədə biznes planlaması alt-üst olur.

Əsas problem ondadır ki, bu mövqe heç bir normativ-hüquqi aktla təsdiqlənməyib,  rəsmi açıqlama verilməyib. Sahibkar isə hüquqi dövlətdə şifahi deyil, yazılı və dəqiq qaydalara əsaslanmalıdır. Qanun dəyişirsə, onun tətbiq mexanizmi, keçid dövrü və risklərin bölüşdürülməsi açıq şəkildə göstərilməlidir.

Hazırkı vəziyyətdə avtomobil satıcıları çıxılmaz durumdadır. Bəziləri ƏDV riskindən yayınmaq üçün avtomobilləri qohumlarının, tanışlarının adına rəsmiləşdirir. Bu isə əlavə dövlət rüsumları, vaxt itkisi, hüquqi risklər və sonradan yarana biləcək mübahisələr deməkdir.

Problemlər bununla da bitmir. Sahibkarlar bank hesablarından nağd pul çıxarılmasına qoyulan aylıq limitlərdən də ciddi şəkildə narazıdırlar. Hazırda ƏDV ödəyiciləri və dövriyyəsi 200 min manatdan çox olan obyektlər ayda maksimum 30 min manat, digər sahibkarlıq subyektləri isə 15 min manat nağd vəsait çıxara bilirlər. Bu məhdudiyyətlər kağız üzərində kölgə iqtisadiyyatı ilə mübarizə məqsədi daşısa da, real sektorda tam fərqli nəticələr yaradır.

İri dövriyyə ilə çalışan avtosalonlar üçün bu limitlər faktiki olaraq fəaliyyətin iflici deməkdir. İşçilərin əməkhaqları, logistika xərcləri, təmir-servis ödənişləri, regionlardan gələn təchizatçılarla hesablaşmalar çox vaxt nağd şəkildə aparılır. 

Bank köçürmələrinin ləngiməsi, texniki problemlər və qarşı tərəfin nağdsız hesablaşmaya hazır olmaması biznesi çıxılmaz vəziyyətə salır.

Beləliklə, sahibkar ikiqat təzyiq altına düşür: bir tərəfdən vergi və ƏDV ilə bağlı qeyri-müəyyənlik, digər tərəfdən nağd dövriyyə məhdudiyyətləri. Nəticədə investisiya mühiti zəifləyir, risk artır, bazarda panika yaranır.

Sahibkar sabah hansı qaydanın dəyişəcəyini bilmədiyi şəraitdə nə investisiya qoya, nə də uzunmüddətli plan qura bilir. 

Məsələ ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli  “Yeni Müsavat”a açıqlamasında yayılan məlumatların hüquqi baxımdan əsassız olduğunu bildirib. Onun sözlərinə görə, 2026-cı ilin 1 yanvarından güzəşt müddəti uzadılmasa, həmin tarixdən sonra idxal olunan avtomobillərə ƏDV tətbiq edilə bilər, lakin bu norma əvvəlki dövrə şamil edilə bilməz: “Hüquq elmində qanunun geriyə qüvvəsi yoxdur. Əgər qanun 2026-cı ilin 1 yanvarından qüvvəyə minəcəksə, onun geriyə şamil olunması mümkün deyil. Yəni 2025-ci ildə idxal edilən avtomobilin satışına sonradan ƏDV tətbiq olunması hüquqi baxımdan doğru deyil. Bu cür iddialar daha çox şayiə xarakteri daşıyır. Dövlət orqanları tərəfindən belə bir məlumatın şifahi şəkildə yayılması da inandırıcı görünmür. Əgər belə bir qərar qəbul edilsə, bu artıq Azərbaycan hüquq sisteminin ciddi şəkildə zədələnməsi, hüquqi prinsiplərin oyuncağa çevrilməsi demək olar. Ona görə də bunu real ssenari hesab etmirəm”.

İqtisadçı banklardan nağd vəsaitin çıxarılması ilə bağlı yaranmış problemlərə də diqqət çəkib. Onun sözlərinə görə, hazırda məsələ düzgün təqdim olunmur və banklar bu situasiyadan sui-istifadə edirlər: “Burada söhbət nağdlaşdırmadan gedir. Qanuna əsasən, sahibkar ay ərzində 30 min manatdan artıq vəsaiti nağdlaşdıra bilməz. Amma bu o demək deyil ki, sahibkar öz hesabından daha böyük məbləğdə vəsaiti, ümumiyyətlə, istifadə edə bilməz. Nağdsız hesablaşmalar üzrə - yəni mal alınması, xidmət ödənişi və ya borcun qaytarılması üçün 60, 100, hətta 150 min manat və daha artıq köçürmə etmək mümkündür. Limit yalnız nağdlaşdırmaya aiddir. Banklar isə bunu təhrif edərək sahibkarlara hesablarından yalnız 30 min manat istifadə edə biləcəklərini deyir və bundan artığına faktiki qadağa qoyurlar”.

Akif Nəsirli qeyd edib ki, nağdsız hesablaşmaların artırılması ideyası prinsip etibarilə düzgündür, lakin bu proses inzibati məhdudiyyətlərlə deyil, təşviqlərlə aparılmalıdır: “Hökumət nağdsız dövriyyəni artırmaq istəyirsə, sahibkara əlavə yük qoymamalıdır. Məsələn, nağdsız köçürmələr zamanı bank əməliyyat xərclərini dövlət öz üzərinə götürə bilər. Yaxud 30 min manatlıq sərt limit qoymaq əvəzinə sahibkara stimullar təklif oluna bilər ki, o, könüllü şəkildə nağdsız hesablaşmaya üstünlük versin. Bu halda həm kölgə iqtisadiyyatı azalacaq, həm də biznes fəaliyyəti iflic olmayacaq”.

İqtisadçının fikrincə, bankların daxili qaydalarla qanunu sərtləşdirməsi yolverilməzdir və bu hallarla bağlı Mərkəzi Banka rəsmi şikayətlər edilməlidir: “Nağdsız hesablaşmalara da faktiki limit qoyan bankların bu praktikasına son qoyulmalıdır. Mərkəzi Bank bu məsələyə müdaxilə etməli, bankların qanunu təhrif edən daxili qaydalarını ləğv etməlidir”.

Seçilən
23
1
moderator.az

2Mənbələr