AZ

Sülh prosesində böyük irəliləyiş...

2025-ci ildə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün vacib addımlar atılıb

Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması üçün münbit zəmin yaranıb. Azərbaycanın məqsədyönlü siyasəti nəticəsində bu istiqamətdə ciddi nəticələr əldə edilib. Vətən müharibəsindən sonra yaranan reallıqlar ölkəmizin yalnız hərbi üstünlüyünün deyil, həm də siyasi gücünün ifadəsidir. Azərbaycan Prezidenti İlham Əliyevin ardıcıl sülh təşəbbüsləri bölgədə uzun illərdir davam edən hərbi münaqişəni dayandırmaqla yanaşı, qarşılıqlı etimadın əsaslarını müəyyənləşdirir.

8 avqust Vaşinqton razılaşmalarının önəmi...

Münaqişə başa çatdıqdan sonra xalqımızın uzun illər ərzində məruz qaldığı əzab-əziyyətə, məhrumiyyətlərə və dağıntılara baxmayaraq, Azərbaycan tərəfindən Ermənistanla davamlı sülhün təmin edilməsi istiqamətində fəal iş aparılıb. Məqsəd regionun sülh və əməkdaşlıq məkanına çevrilməsidir.  Azərbaycan regionda sülhün bərqərar olması naminə irəli sürülən bütün ədalətli  beynəlxalq təşəbbüsləri dəstəkləyib. Lakin bu prosesdə tərəflərin heç bir vasitəçi olamadan birbaşa dialoqu müsbət nəticələr verib. 8 avqust Vaşinqton razılaşmaları da bunun göstəricisidir.

Yeri gəlmişkən, xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında Azərbaycanla Ermənistan arasında sülh prosesindən ətraflı bəhs edib. C.Bayramov qeyd edib ki, əvvəlki illərdə olduğu kimi şanlı Zəfərin 5 illiyinin qeyd olunduğu 2025-ci ildə də regionda dayanıqlı və qalıcı sülhün təmin edilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olub. Bu çərçivədə, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında normallaşdırılması, 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş Zirvə görüşünün nəticələri, sülh sazişi layihəsinin paraflanması, eləcə də ATƏT-in Minsk prosesinin və əlaqədar strukturların bağlanması istiqamətində görülən işlər diqqətə çatdırılıb.

Nazirin sözlərinə görə, 2025-ci ildə Ermənistanla sülh prosesində böyük irəliləyiş əldə olunub. Azərbaycan tərəfindən beynəlxalq sülh və sabitliyin təşviqi, beynəlxalq iqtisadi əməkdaşlıq, vasitəçilik səyləri ölkənin nüfuzunun daha da güclənməsinə töhfə verib. C.Bayramov deyib ki, bütün bunlar 2025-ci ildə müşahidə olunan müsbət dinamikanın inkişafının göstəricisidir: “Bu, gələcəkdə daha da genişlənmə ehtimalının əsasını qoyur. Konkret misallara gəldikdə, məsələ ilə bağlı ekspertlər və beynəlxalq mərkəzlər artıq iki dəfə Ermənistana və Azərbaycana səfər ediblər. Bu səfərlər nəticəsində iş birliyi və qarşılıqlı anlaşma istiqamətində müəyyən irəliləyişlər müşahidə olunub. İnanmaq olar ki, bu proseslər 2026-cı ildə də davam edəcək”.

Rəsmi Bakının mövqeyi beynəlxalq hüquq normalarına əsaslanır

Məlumdur ki, Ermənistandakı revanşist əhval-ruhiyyəli qüvvələr,  onların xaricdəki havadarları dünya birliyinin 44 günlük müharibənin və 23 saatlıq antiterror tədbirlərinin nəticələrini tanımamasına nail olmağa çalışırdılar, bəzi ölkələrin parlamentlərində hansısa bəyanatlar, qətnamələr qəbul olunurdu. Ancaq beynəlxalq hüquq çərçivəsində davranan, ədalətli müharibənin qalibi olan  Azərbaycan təzyiqlər qarşısında geri çəkilməyərək öz həqiqətlərini müdafiə etməyi bacardı. Xatırladaq ki, Azərbaycan sülh sazişi imzalamaq üçün qarşı tərəfə beş bənddən ibarət təkliflərini təqdim etmişdi. Bu  baza prinsiplərində ilk olaraq dövlətlərin bir-birinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması əks olunub. İkincisi, dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsidir. Üçüncüsü, dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək, dördüncüsü, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulmasıdır. Beşinci bənd isə nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulmasından ibarətdir. İki dövlət ötən müddət ərzində məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişi ilə bağlı danışıqları yekunlaşdırdılar. Çünki rəsmi Bakının sülh sazişinin imzalanması üçün irəli sürdüyü təkliflər beynəlxalq hüquq normalarına əsaslanıb. Tərəflər bu ilin mart ayında sülh sazişi layihəsinin mətninin razılaşdırıldığını bəyan ediblər.

Beləliklə, postmüharibə dövründə Azərbaycan qalib tərəf olmasına rəğmən, beynəlxalq prinsiplərdən çıxış etməklə sülh təşəbbüsünü irəli sürüb və daim sülh gündəliyinə dəyişməz sadiqlik nümayiş etdirib. Avqustun 8-də isə Vaşinqtonda, Ağ Evdə möhtəşəm bir tarix yazıldı. Ağ Evdə imzalanan sənədlər, ABŞ Prezidenti Donald Tramp tərəfindən dövlətimizin başçısına göstərilən xüsusi ehtiram Azərbaycan diplomatiyasının növbəti uğuru oldu.

Nazir: Ermənistanla digər sahələrdə əməkdaşlıq üçün potensial var

Vaşinqton razılaşmasından sonra qarşılıqlı etimad mühitinin formalaşması üçün praktiki addımlar atılır. Hökümətlər bu yöndə müvafiq işlər görürlər. Bir müddət öncə Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətinin nümayəndələrinin qarşılıqlı səfərləri sülh yolunda önəmli addımdır. Eləcə də, Ermənistana yük tranziti ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması məhz bunun göstəricisidir. Belə bir ilk tranzit Qazaxıstanın Ermənistana taxıl yükü olub. Bu, həmçinin Azərbaycan ilə Ermənistan arasında sülhün yalnız kağız üzərində deyil, həm də praktikada olduğunun müsbət nümunəsidir. Rusiyadan da yüklərin Ermənistana Azərbaycan ərazisi vasitəsilə daşınması həyata keçirilir. Eyni zamanda, Azərbaycan benzini Gürcüstan vasitəsilə Ermənistana satılır. Bu, o deməkdir ki, artıq regionda ticarət yolları açılır, sərhədlər yumşalır, qarşılıqlı etimadın formalaşması üçün mühüm zəmin yaranıb. Zəngəzur dəhlizinin açılması isə regionda iqtisadi əməkdaşlıqla yanaşı sülh və sabitliyi daha da  gücləndirəcək.

Mövzu ilə bağlı Ceyhun Bayramov mətbuat konfransında bildirib ki, bir müddət əvvəl Azərbaycandan Ermənistana neft məhsullarının göndərilməsi prosesi sıfırdan yaradılıb və iki ölkə arasında iqtisadi əməkdaşlığın yeni bir nümunəsi kimi formalaşıb. Belə bir təşəbbüs Ermənistan tərəfindən başlayıb, Azərbaycan isə xoş niyyət göstərərək bu prosesin başlanmasına səbəb oldu. O qeyd edib ki, Ermənistanla digər sahələrdə əməkdaşlıq üçün potensial var. Ticarət, texniki və digər sahələrdə əməkdaşlıq üçün müraciət olarsa, Azərbaycan tərəfi bu imkanları nəzərdən keçirə bilər. Lakin burada gözləntilər adekvat olmalıdır, çünki proseslər hələ formalaşma mərhələsindədir və spesifik texniki tələblər mövcuddur. “Bundan əlavə, bu təşəbbüsün siyasi və psixoloji əhəmiyyəti də böyükdür. Məsələn, Azərbaycan məhsullarının Ermənistana daxil olması, əvvəlki münasibətlər fonunda müsbət bir inkişaf kimi qiymətləndirilir. Lakin hələ də cəmiyyətdə belə fikirlər var ki, bəzi məhsulların qəbuluna qarşı çıxanlar ola bilər. Bu cür hallar azdır, amma mövcuddur. Ümumilikdə bu əməkdaşlığın davam etməsi gözlənilir, amma proseslər və nəticələr barədə gözləntilər real və uyğun olmalıdır”, - deyə xarici işlər naziri vurğulayıb.

Beləliklə, Prezident İlham Əliyevin siyasəti nəticəsində Cənubi Qafqaz hərbi toqquşmalar məkanından əməkdaşlıq platformasına çevrilməkdədir. Azərbaycanın sülh təşəbbüsləri bu gün həm beynəlxalq aləmdə, həm də region müstəvisində  etimad qazanıb. Yekun sülh müqaviləsini imzalamaq üçün isə rəsmi Yerevan üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Bu da ondan ibarətdir ki, Ermənistan konstitusiyasından və digər qanunvericilik aktlarından  Azərbaycana qarşı ərazi iddiaları çıxarılmalıdır.

Nardar BAYRAMLI

Seçilən
20
1
yeniazerbaycan.com

2Mənbələr