Bakı, 30 dekabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonunda sursatın aşkarlanması barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkarlanmış sursatların döyüş tətbiqinə yararlı 10 ədəd F-1 əl qumbarası, 1 qutu F-1 və RQD-5 əl qumbaralarının parladıcıları olduğu müəyyənləşdirilib.
XRXX-nin çevik qrupunun mütəxəssisləri sursatların zərərsizləşdirilməsi üçün ərazidən götürərək kənarlaşdırıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkarlanmayıb.