AZ

2026 cı il Şəhərsalma və Arxitektura ili: Azərbaycanın qlobal urbanistik platformaya ev sahibliyi missiyası

Bizimyol saytına istinadən ain.az xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2026-cı ili “Şəhərsalma və Arxitektura İli” elan etməsi barədə imzaladığı sərəncam ölkənin uzunmüddətli inkişaf strategiyasının məntiqi davamı olmaqla yanaşı, müasir dövlət idarəçiliyində urbanistika və memarlığın siyasi, iqtisadi və sosial əhəmiyyətini bir daha ön plana çıxarır. Bu qərar təkcə şəhər mühitinin estetik yenilənməsi deyil, həm də dayanıqlı inkişaf, ekoloji balans, sosial rifah və milli kimliyin müasir memarlıq dili ilə ifadəsi baxımından fundamental əhəmiyyət daşıyır.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə həyata keçirilən genişmiqyaslı islahatlar sübut edir ki, şəhərsalma və arxitektura Azərbaycan üçün yalnız texniki planlaşdırma sahəsi deyil, milli inkişaf konsepsiyasının əsas dayaqlarından biridir. İnfrastrukturun modernləşdirilməsi, regionların balanslı inkişafı, urbanizasiyanın idarə olunması və yaşayış mühitinin keyfiyyətinin yüksəldilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

Xüsusilə postmünaqişə dövründə azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri Prezidentin urbanistik baxışının real təzahürüdür. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi, yaşıl enerji zonalarının yaradılması, müasir nəqliyyat və sosial infrastrukturun qurulması Azərbaycanın gələcək şəhərsalma modelinin əsas konturlarını müəyyənləşdirir.

2026-cı ilin Şəhərsalma və Arxitektura İli elan edilməsi bu sahədə aparılan işlərin vahid konseptual çərçivəyə salınmasına, dövlət, cəmiyyət və beynəlxalq tərəfdaşlar arasında koordinasiyanın gücləndirilməsinə xidmət edir.

Cənab Prezidentin müəyyən etdiyi bu strateji xəttin həyata keçirilməsində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyəti xüsusi qeyd olunmalıdır. Komitə son illər ərzində şəhərsalma sahəsində institusional islahatlar apararaq özünü müasir, çevik və peşəkar idarəetmə orqanı kimi təsdiqləmişdir.

Hazırlanan baş planlar, regional inkişaf sxemləri, yaşayış məntəqələrinin kompleks planlaşdırılması sənədləri beynəlxalq standartlara uyğunluğu ilə seçilir. Eyni zamanda, milli memarlıq ənənələrinin qorunması, tarixi irsin müasir memarlıq elementləri ilə uzlaşdırılması Komitənin fəaliyyətində əsas prinsip kimi çıxış edir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyəti urbanistik qərarların yalnız inzibati deyil, elmi, sosial və ekoloji əsaslar üzərində qurulduğunu nümayiş etdirir. Bu yanaşma şəhər mühitində funksionallıq, təhlükəsizlik və vətəndaş rahatlığını ön plana çəkir.

Komitənin peşəkar fəaliyyəti xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən layihələrdə aydın şəkildə özünü göstərir. Bu ərazilərdə yaradılan yeni şəhər və kənd modelləri Azərbaycanın gələcək urbanistik inkişafı üçün konseptual nümunə rolunu oynayır.

Tarixi-mədəni irsin qorunması, ekoloji davamlılıq, enerji səmərəliliyi və sosial infrastrukturun kompleks şəkildə inkişafı bu layihələrin əsas xüsusiyyətləridir. Bu yanaşma şəhərsalmanın dövlətçilik ideologiyası ilə uzlaşdığını və milli maraqlara xidmət etdiyini açıq şəkildə ortaya qoyur.

2026-cı ilin Şəhərsalma və Arxitektura İli çərçivəsində Azərbaycanın şəhərsalma sahəsində beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkənin artan nüfuzunun və urbanistika sahəsində əldə etdiyi təcrübənin beynəlxalq səviyyədə tanınmasının göstəricisi kimi qiymətləndirilir. Bu cür tədbirlər Azərbaycanın regional deyil, qlobal urbanistik dialoqun fəal iştirakçısına çevrildiyini təsdiqləyir.

Beynəlxalq forumlar, konfranslar və tematik platformalar vasitəsilə Azərbaycan öz şəhərsalma modelini, postmünaqişə dövründə bərpa və yenidənqurma təcrübəsini, “yaşıl şəhər” və “ağıllı infrastruktur” sahəsində nailiyyətlərini dünya ictimaiyyətinə təqdim etmək imkanı əldə edir. Eyni zamanda bu tədbirlər beynəlxalq təcrübənin öyrənilməsi, yeni texnologiyaların tətbiqi və qlobal əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Cənab Prezident İlham Əliyevin 2026-cı ili Şəhərsalma və Arxitektura İli elan etməsi Azərbaycanın gələcəyə yönəlik inkişaf strategiyasının mühüm siyasi sənədidir. Bu qərar dövlətin planlı inkişaf iradəsini, vətəndaş mərkəzli yanaşmasını və müasir idarəetmə fəlsəfəsini əks etdirir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin peşəkar fəaliyyəti bu siyasətin uğurla icra olunmasının əsas təminatçılarından biridir. Azərbaycanın 2026-cı ildə şəhərsalma üzrə beynəlxalq miqyaslı tədbirlərə ev sahibliyi etməsi isə ölkənin urbanistika sahəsində əldə etdiyi nailiyyətlərin qlobal səviyyədə etirafının göstəricisidir.

2026-cı il Azərbaycan üçün yalnız bir tematik il deyil, milli inkişaf, müasir şəhər mədəniyyəti və dayanıqlı gələcək naminə formalaşan strateji baxışın siyasi manifesti kimi tarixə düşür.

Nicat İsmayılov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
61
icma.az

1Mənbələr