Bakı, 30 dekabr, AZƏRTAC
Zəngəzur dəhlizinin bir hissəsi olan Meğri rayonu hazırda beynəlxalq hüquqa əsasən Ermənistanın sərhədləri daxilində yerləşir. Bu baxımdan, sözügedən ərazi ilə bağlı həyata keçirilən istənilən tədbir Ermənistanın suveren hüquqları çərçivəsində qiymətləndirilməlidir. Azərbaycanın əsas məqsədi isə Naxçıvanla təhlükəsiz, fasiləsiz və davamlı əlaqənin təmin olunmasıdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında türkiyəli siyasi şərhçi Yakup Aslan səsləndirib. Onun sözlərinə görə, dəhlizin təhlükəsizliyinin kim tərəfindən təmin ediləcəyi Azərbaycan üçün texniki xarakter daşıyan məsələdir və Ermənistanın daxili tənzimləmələri ilə bağlıdır.
“Lakin bu marşrut boyunca Azərbaycana qarşı hər hansı hücum və ya təxribat baş verərsə, beynəlxalq məsuliyyət birbaşa Ermənistanın üzərinə düşəcək. ABŞ ilə xüsusi razılaşmanı Azərbaycan deyil, məhz Ermənistan aparıb. ABŞ-ın bölgədə iştirakı Azərbaycanın xahişi ilə deyil, Ermənistanın dəvəti əsasında baş tutub”, - deyə Yakup Aslan vurğulayıb.
Siyasi şərhçi qeyd edib ki, burada əsas məsələ prosesin qarantı kimi çıxış edə biləcək güclü və neytral dövlətin mövcudluğu və danışıqlar üçün etibarlı əsasın formalaşdırılmasıdır. Onun sözlərinə görə, ABŞ-ın etibarlı aktor olmadığına dair tənqidlər də haqlıdır.
“Nəzəri baxımdan Çin və ya digər bir ölkə bu rolu öz üzərinə götürə və bununla da, bölgə dövlətlərinin etimadını qazana bilər. Fransa Ermənistanla yaxın tarixi və siyasi əlaqələrinə, Türkiyə isə Azərbaycanla qardaşlıq münasibətlərinə görə neytral qarant rolunda çıxış edə bilməz. Digər tərəfdən, Rusiya iki əsrdir Azərbaycan və Ermənistan arasındakı münaqişələrdə tərəfləri bir-birinə qarşı qoyan əsas güclərdən biri kimi çıxış edib. Son dövrlərdə Azərbaycana yönələn tənqidlər ictimai müzakirələrdə öz əksini tapır. Bu tənqidlər dostluq münasibətləri çərçivəsində dəyərlidir. Lakin prosesin düzgün anlaşılması üçün Zəngəzurun coğrafi və hüquqi statusunun aydın şəkildə izah olunması vacibdir”, - deyə Yakup Aslan əlavə edib.