Bakı, 30 dekabr, AZƏRTAC
Qış mövsümündə paytaxt yollarında tıxacların artması sürücülər və sərnişinlər üçün ciddi problemə çevrilir. Hava şəraitinin dəyişməsi, buzlu yollar, günün daha qısa olması və insanların hərəkət vərdişlərindəki fərqlər nəqliyyat sıxlığına birbaşa təsir göstərir. Mütəxəssislərin fikrincə, bu dövrdə tıxacların yaranmasında əsas rol məhz insan faktoruna məxsusdur.
Bu sözləri AZƏRTAC-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib.
Onun sözlərinə görə, qış aylarında şəxsi avtomobillərdən istifadə halları artır və bu da yol hərəkətində sıxlığa səbəb olur. Ekspert qeyd edib ki, taksi qiymətlərinin bahalaşması və avtobusların gecikməsi tıxacların artmasına təsir edən əsas səbəblərdəndir. Bu hallar vətəndaşların ictimai nəqliyyatdan istifadəsini çətinləşdirir və alternativ axtarışına sövq edir.
Aslan Əsədovun fikrincə, əsas məqsəd ümumi istifadədə olan nəqliyyat vasitələrinin hərəkət rentabelliyinin öyrənilməsi və onların daha əlçatan edilməsidir. O vurğulayıb ki, bütün nəqliyyat növləri vətəndaşlar üçün rahat və əlçatan olmalıdır: “Şəhər daxilində ən səmərəli və etibarlı nəqliyyat vasitəsi metrodur. Metronun imkanlarından daha geniş istifadə olunması yol sıxlığının azalmasına müsbət təsir göstərə bilər”.