"İndiyə qədər 400-dən artıq vətəndaşımız mina partlaması nəticəsində əziyyət çəkib, ya həlak olub, ya şikəst olub. Ermənistanın Azərbaycana mina xəritələrinin verməməsi nəticəsində bu gün minaların təmizlənməsi prosesi uzanır. Və təxminən 25%-ə qədər mina xəritələri təqdim olunub. Onlar da qeyri-realdır, qeyri-düzgün olmayan mina xəritələridir. Və bundan sonra yeni basdırılan minaların da xəritələri ümumiyyətlə təqdim olunmayıb".
Redaktor.az xəbər verir ki, bunu deputat Siyavuş Novruzov parlamentin bu günkü iclasında "Minatəmizləmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı bildirdi.
O, hesab edir ki, Ermənistan-Azərbaycan arasında istiləşən münasibətdən istifadə edib, mina xəritələrinin təqdim olunması məsələsinə bir daha qayıtmaq lazımdır:
"Çünki bu həddindən artıq Azərbaycan üçün ziyanlı bir məsələdir. Orada mina təmizləmək işləri ilə məşğul olan insanların həyatı daim təhlükə qarşısındadır. O ərazilərə vətəndaşlarımızın qayıtması, orada tikinti, abadlıq, quruculuq işlərinin aparılması üçün şərait demək olar ki, yoxdur. Birinci növbədə, minalar təmizlənməlidir. Bundan əlavə, burada biz indi kənd təsərrüfatı ilə bağlı da müəyyən qanun layihəsinə toxunduq. Orada kənd təsərrüfatına yararlı olan torpaqlardan istifadə etmək qeyri-mümkündür. Çünki minalardan tam şəkildə təmizlənməyib. Bu ən çətin iş işlərdən biridir. Demək olar ki, bu insan hər gün ölümlə qarşılaşır və ölümlə üz-üzə gedir. Bu baxımından da biz bütün texnikaların müxtəlif dövrlərdə gəlir vergisindən, gömrük vergisindən azad elədik, bu sahədə çalışan insanların da vergidən azad olunması və yaxud da onları əlavə güzəştlərin verilməsi yerində olardı. Çünki onların maaşı o qədər də çox yüksək deyil. Və ikinci tərəfdən də onlara dəymiş ziyanın sonradan ödənilməsi, kompensasiyanın alınması da və o qədər böyük məbləğdə nəzərdə tutulmayıb".
Siyavuş Novruzov qeyd etdi ki, işğaldan azad olunmuş ərazilərdə mina təmizləmə, gündəlik sursatla bağlı çağırışlara gedən insanların əmək haqqıları çox aşağıdır:
"Onların sosial müdafiələri də qaydasında deyil. Ona görə də bu sosial müdafiə məsələsinə biz ciddi şəkildə fikir verməliyik. İndi bu birinci oxunuşdadır, birinci oxunuşda biz bunu qəbul eləyəcəyik. Amma gələcəkdə biz elə qanun layihələri təqdim olunduqda mən hesab edirəm ki, birinci növbədə orada insan nəzərdə tutulmalıdır. Ondan sonra texnika, digər məsələlər olmalıdır".
Aminə ŞAHSUVARQIZI