Şərqi Avropada artan hərbi fəallıq fonunda hava məkanına nəzarət məsələsi region ölkələri üçün strateji əhəmiyyət daşımağa davam edir. Xüsusilə Rusiya və NATO arasında münasibətlərin gərgin təhlükəsizlik müstəvisinə keçməsi fonunda üzv dövlətlərin hərbi hazırlıq səviyyəsi diqqət mərkəzinə çıxır. Bu kontekstdə Polşanın Rusiyaya məxsus hərbi təyyarələrin aktiv uçuşlarına cavab olaraq qırıcıları havaya qaldırması regional və qlobal təhlükəsizlik balansı baxımından mühüm mesaj kimi dəyərləndirilir.
Politoloq Tural İsmayılov Editor.az-a açıqlamasında bildirib ki, Polşanın Rusiyaya məxsus hərbi təyyarələrin fəal uçuşlarına cavab olaraq qırıcıları havaya qaldırması regional təhlükəsizlik arxitekturası baxımından rasional və institusional addımdır:
“Burada emosional reaksiyadan deyil, NATO-nun kollektiv müdafiə mexanizmləri çərçivəsində formalaşmış prosedurlardan söhbət gedir. Şərqi Avropa məkanı hazırda Avroatlantik təhlükəsizlik sisteminin ən həssas xəttidir və Polşa bu xəttin əsas dayaq nöqtələrindən biri hesab olunur. Yerüstü hava hücumundan müdafiə sistemlərinin və radar kəşfiyyat vasitələrinin yüksək hazırlıq vəziyyətinə gətirilməsi Varşavanın regional sabitliyi qorumaq niyyətinin göstəricisidir. Bu addım eyni zamanda hava məkanının toxunulmazlığı prinsipinə verilən strateji önəmi nümayiş etdirir.
Polşa faktiki olaraq mesaj verir ki, hava fəallığı ilə bağlı istənilən qeyri-müəyyənlik dərhal nəzarət altına alınacaq və vəziyyətin eskalasiyasına imkan verilməyəcək”.
Məsələnin daha geniş kontekstinə toxunan Tural İsmayılov qeyd edib ki, Rusiya–NATO münasibətləri artıq klassik diplomatik rəqabət mərhələsini geridə qoyub və hərbi-siyasi balans üzərində qurulan yeni təhlükəsizlik reallığı formalaşıb:
“Bu şəraitdə hava məkanına yaxın uçuşlar, manevrlər və kəşf xarakterli fəaliyyətlər tərəflər arasında müəyyən mənada ‘səssiz dialoq’ funksiyasını yerinə yetirir. Polşanın reaksiyası isə bu dialoqda balansın qorunmasına xidmət edir və Alyans daxilində koordinasiyanın işlək olduğunu təsdiqləyir.
Hazırkı mərhələdə əsas məqsəd qarşıdurmanın idarəolunan çərçivədə saxlanılmasıdır. Nə NATO, nə də Rusiya birbaşa toqquşmanın nəticələrində maraqlıdır. Lakin Ukrayna müharibəsi fonunda təhlükəsizlik mühiti ciddi şəkildə dəyişib və atılan hər bir hərbi-texniki addım strateji siqnal kimi qəbul olunur. Bu baxımdan Polşanın davranışı eskalasiyanı təşviq edən deyil, əksinə, qaydalar çərçivəsində nəzarəti gücləndirən yanaşmadır”.
Sonda Tural İsmayılov vurğulayıb ki, Polşanın atdığı addımlar Avropada təhlükəsizlik məsuliyyətinin dövlətlər tərəfindən daha ciddi qəbul edildiyini göstərir:
“Yeni mərhələdə sabitlik passiv gözlənti ilə deyil, davamlı hazırlıq və aydın mövqelərlə qorunur. Bu yanaşma regional müharibə risklərini artırmır, əksinə, strateji tarazlığın saxlanılması imkanlarını ön plana çıxarır”.
//Gülnarə Abasova, Editor.az