
Turan Uğur
AYB-nin üzvü
ANAR
Yeni təqvim ilinin gəlişi münasibətilə ətraf bəzədilib. Bəzənmiş şam ağaclarının fonunda harada üşüyən və tənha bir qadın görsəm, dərhal təəssüratım belə olur: üşüyür...ancaq bəlli deyil ən çox nədən üşüyür? Dekabr ayının soyuğundan, yoxsa tənhalıqdan? Beləsini elə indicə H.Cavid prospektində gördüm, üşüyən əllərini ağzına tutaraq hovxurur, nəfəsi ilə barmaqlarını isidir və yaxınlıqdakı kafeteriyaya girir.Sizcə, ilk ağlıma gələn kim olur?! Anarın“Ötən ilin son gecəsi” hekayəsinin qəhrəmanı Həmidə xanım.
O zaman iki ilin qovşağında yazdığım “Tənhalığın addım səsi” adlı təəssürat dolu yazımı böyük məmnunluq hissi ilə “Türküstan” qəzetinə təqdim edirəm.
“TƏNHALIĞIN ADDIM SƏSİ”
Tənhalığın addım səsi, bayram həvəsi...Qəribə səslənir nəsə.Diksindim birdən, qəribə şəkildə mənə Anarın “Ötən ilin son gecəsi”-adlanan hekayəsiniandırır bu sözlər. Anar müəllimin
əsərlərinin 1-ci cildliyində “Keçən ilin son gecəsi” adı ilə uşaq ikən oxuduğumu xatırlayıram ağ üzlü kitabı.Bayram axşamında tənha qalan Azərbaycan anasının keçirdiyi təlatümlü hissləri necə də gözəl verib.Əslində, hər kəs və hər nəsnə azacıq da olsa tənhadır bu dünyada.Dünyasını dəyişən Qəzənfər kişinin övladları -Gülarə, Rüstəm, Dilarə, Tofiq yeni ili müxtəlif səbəblərdənöz ailələrində keçirmirlər. Həmidə xanım da tək qalır, gah televizor qarşısında oturub xəyali olaraq diktorla söhbət eləyir, gah “09 Məlumat bürosu”-nazəng edib növbətçi xanımı təbrik edir...Gerçəkdən də kimsə tənha olmamalı bu dünyada, ünsiyyət, birgəlik insan oğlunun tapdığı ən böyük nailiyyətdir, desənə. Desənə, Həmidə xalanın anidən fikrinə gələn“Görəsən niyə adama ömrünün axırında bircə bu cihazlar qalır?” fikrini başdan qovmağın tək yolu mehrdir, məhəbbətdir, ülfətdir, insanın bir-birinə bağlılığıdır. Bunların olmaması nə böyük boşluq, nə böyük faciədir, desənə.Bütün bu düşüncələr içimdə qayır-qayır qaynayır. Əslində, həmişə Qəzənfər kişinin övladlarına verdiyi öyüd-nəsihətini elə Anar müəllimin 21 yaşında bizim hamımıza verdiyi öyüdləri, arifanə nəsihətləri kimi qəbul etmişəm.
Bizim hamımıza, bütün nəsillərə və bütün əsrlərə.
Adama elə gəlir ki, hər kəsin içində bir tənha “mən”-i var.Hətta tək olmasaq belə, özümüzlə baş-başa qalırıq, bayram axşamlarında - bu, daha qabarıq şəkil alır.Hesabat xarakterli olur düşüncəmiz sanki: neyləmişik, nə bacarmışıq ilboyu? Hekayənin özəyini məncə, Qəzənfərin söylədikləri tutur.Həmidə xala maqnitafonu işə salır, köhnə lent yazısına qulaq asır, həyat yoldaşı sağ ikən get-gəlli olardı evləri, Qəzənfər hamını yığır başına və onlara bir gün olmayacağını deyir, hətta israrla bildirir ki, uşaqlar yanımızda olmasa, onları vəfasız bilmə!. ZamanımızdaQəzənfərin dedikləri daha haqlı görünür, hər gün, hər saat o deyilənlər bəraət qazanır.
“Bizdən nəsə qalır övladlarımıza, heç nə itmir, hər şey nəsildən nəslə ötürülür, yaxşılıq da pislik də keçir, nəsil-nəsil keçir”
Hüseyn Cavid prospektində gəzə-gəzə düşünürəm. “Uşaqlıq xatirələrinə dalıram”- desəm daha doğru olar...Bəlkə elə xatirələr onun üçündür ki, tez-tez dilə gətirilsin, bəlkə elə bu dünyadan köçən əzizlərimizin xatirəsini yaşatmaq onların bizi yalnız qoymamaq istəklərindən doğulur?! Bu dünyada hər acı xatirə, hər naqis əməl ötən ilin son gecəsində qalsa, daha yaxşı olmazmı?!.Valideynlərimizə, qohum-əqrəbamıza, dostlarımıza, əzizlərimizə, lap elə bu H.Cavid prospektində ətrafımda gəzişən tanımadığım insanlara belə layiqli olmaq diləyi məni yamanca tələsdirir. Dostlar, istərdim ki, “Ötən ilin son gecəsi” hekayəsindən seçdiyim Qəzənfər kişinin öyüd-nəsihətinibu bayram günlərində tənhalığın, kədərin, qüssənin qələbəsi kimi yox, Anar müəllimininsanları həmrəyliyə, birgəliyə çağırışı, bizə etdiyi nikbinlik xeyir-duası kimi qəbul edək:
Ötən ilin son gecəsi:
"Yaxşı, ay arvad, qırx–əlli ildən sonra. Qulaq as. Bir gün olacaq mən olmayacağam. Bax sənə bircə əmanətim bu uşaqlardır. Ömür vəfa eləsə, hamısını özüm böyüdüb başa çatdıracağam. Yox, işdi... Onda bax, bunları sənə tapşırıram. Demirəm ki, hamısına ali təhsil ver. Demirəm ki, hamısını doktor elə, injiner elə, amma adam olsunlar. Yaxşı adam olsunlar. Sonra, Həmidə, bir gün gələcək, hamısı böyüyəcək, boya–başa çatacaq və yuvasından qanadlanan quşlar kimi bir–bir uçub gedəcəklər. Bax, onda onlara vəfasız demə ha! Onu bil ki, hara getsələr, hansı ailəyə düşsələr, hansı mühitə düşsələr, səndən və məndən nə isə aparacaqlar, necə ki, biz də bir-birimizlə görüşəndə hərəmiz öz ata-babalarımızdan nə isə gətirmişdik. Deyəcəksən Qəzənfər yenə filosofluq eləyir. Amma bax, mən, vallah belə fikirləşirəm. Adamlar hamısı nəsil-nəsil bir-birlərinə bir şey verirlər. O işi ki, biri başlayır, amma qurtara bilmir, o iş itmir, batmır, sonrakı nəslə qalır, o işi sonra gələnlər tamamlayırlar. Dünyada heç nə itmir, batmır, heç kəs ölmür. Yaxşı da, pis də keçir, nəsildən-nəslə keçir. Biz, Həmidə, mən biləni, yaxşı yaşamışıq, əlimizin zəhmətiylə çörək qazanmışıq. Qoy bizim həyatımızda yaxşı nə olubsa, uşaqlarımız özləriynən öz təzə həyatlarına, təzə nəsillərə aparsınlar. Həyat da elə budur da...".
Bəli, həyat budur. Həyat iki təqvim arasında ötənləri yada salmaqdır, bir vaxt bayram süfrəsində hamı birgə qeyd edərdi növbəti ili. Bayram plovumuz dəmdə olardı, gözümüz
teletamaşada.Sözünü etdiyim hekayənin əsasında çəkilmiş teletamaşanı nəzərdə tuturam. Zərnigar Ağakişiyevanın oynadığı Həmidə xalanın tənhalığı hamımızda var bu saat.Ömrü uzun olsun-Ramiz Həsənoğlunun (Mirzəyev) vəmərhum Tariyel müəllimin (Vəliyev) quruluş verdiyi televiziya tamaşası çoxunun yadında qalıb. Zərnigar Ağakişiyevanın, Rafael Dadaşovun, Svetlana Vahidovanın, Mübariz Mustafayevin, Sevil Xəlilovanın, Hamlet Qurbanovun,
Sadıq Hüseynovun, Mahirə Yaqubovanın bənzərsiz ifaları necə də gözəl alınıb?! Quruluşçu operator Eldar Abbasbəylinin gözəl operator işini də qəti unutmayaq. 1978-ci ildə ərsəyə gələn teletamaşa 47 ildir ki şövqlə baxılır. Hələ Qəzənfər kişinin- mərhum sənətkarımız Yusif Vəliyevin səsi insanı yaxşı mənada lərzəyə salır. Elə bilirik ki, bu səs maqnitafondan deyil də, qeybdən, göy qübbəsinin ənginliyindən həyat nəğməsini qulağımıza pıçıldayır.Tamaşanın sonunda Həmidənin nəvəsi Vaqifin yan otaqdakı ağlamaq səsi üfüqə açılan gecələrin xeyirindən xəbər vermirmi?! Həyatın bütün halı ilə davam etməsi üçün oxunan həyat nəğməsi deyilmi Vaqifin hıçqırtılı körpə ağlayışı?! “Körpə”- dedim yadıma çocuqluğum düşdü. Açığı uşaqlıq illərimizdən, bu tamaşanı ailəliklə izləyədiyimiz andan çox vaxt ötüşüb, çox şey dəyişib indi, çox şey azalıb.İndi o bayram süfrəmizin arxasındakı doğmalarımız adam-adam azalıb, masa üzərindəki qədəhlər qədəh-qədəh, nimçələr nimçə-nimçə azalıb, madam tənhalıqdan qaçılmaz, o zaman bunu faciə bilməyək, dərd eləməyək özümüzə.Bu bayram axşamındaxaitirələrimizlə, saxlanclarımızlabirgə adlayaq yeni təqvim ilinə.
Tənhalığın addım səsi hamı üçün duyulur yaxud duyulacaq.
Bəs bayram həvəsi?...Prospektdə gördüyüm üşüyən qadın?
Üşüyən qadın, əllərini ağzına tutub hovxuran qadın...Əminəm ki,tənhalıq onun üçün artıq faciə deyil, bu dünyada təklənməkdirfaciə, dışlanmaqdırfaciə.Prospektdə gördüyümtənha qadın da bayramı qeyd edəcək, o daha tənhalıqdan üşümür, eləcə dekabr ayının soyuğundan üşüyür.Axı ondan da övladlarına, nəvələrinə özündən nəsə ötürülüb, nəsil-nəsil nələrsə keçib, axı o da atasından, anasından nələrisə özündə daşıyır, ətini, qanını, vücudunu, xatirələrini...O da bu yeni təqvim ilini – “Alovlu qırmızı atili” - ni qarşılamağa tələsəcək, o da lap tamaşadakı Həmidə xala kimi bayram süfrəsini bəzəyəcək, o da bivaxt gələcək çağdaş poçtalyonların (günümüzdə nadir görünsə belə) yolunu gözləyəcək, o da balalarından, nəvələrindən təbrik mesajı almağa səbirsizlənəcək, ancaq üşüyən qadın bir daha
giley-güzar etməyəcək.Hə, nə deyirsiz, bir yada salaq hekayədəki fəhlə Qəzənfərin sözlərini?
Necə deyirdi Qəzənfər kişi?!
“Həyat da elə budur da...