Bakı, 30 dekabr, AZƏRTAC
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun İdentiklik, Multikulturalizm və Azərbaycançılıq fəlsəfəsi şöbəsinin müdiri fəlsəfə elmləri doktoru, dosent Xatirə Quliyevanın “Lütfi Zadənin dövrü, dünyagörüşü, fəlsəfi baxışları” monoqrafiyasının təqdimat mərasimi keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Kitabın ön sözünün müəllifi və elmi məsləhətçisi AMEA-nın prezidenti akademik İsa Həbibbəylidir.
Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru professor İlham Məmmədzadə bildirib ki, monoqrafiya Lütfi Zadənin dövrü, dünyagörüşü və fəlsəfi baxışları haqqında ilk əsərdir. Müəllif 4 fəsil və 17 yarımfəsildən ibarət monoqrafiyada dahi alimin 97 illik keşməkeşli həyatını, zəngin dünyagörüşünü, multikultural, tolerant və eyni zamanda identik fəlsəfi baxışlarını ən yeni mənbələr və elmi yanaşmalar kontekstində tədqiq edib.
Monoqrafiyanın rəyçiləri Kiyev Əqli Mülkiyyət və Hüquq Universitetinin Fəlsəfə kafedrasının müdiri fəlsəfə elmləri doktoru, professor Olqa Kyvlyuk, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi şöbəsinin baş elmi işçisi fəlsəfə elmləri doktoru Ziba Ağayeva, KKTC (Şimali Kipr Türk Cümhuriyyəti) Suprus Elm Universitetinin professoru, ECLSS org. konfrans təşkilatının prezidenti Həsən Karacandır. İnstitutun İdentiklik, Multikulturalizm və Azərbaycançılıq fəlsəfəsi şöbəsinin elmi işçisi Sevinc (Nisa) Qulyeva kitabın redaktorudur.
Xatirə Quliyevanın yeni əsəri onun bu istiqamətdəki əvvəlki kitablarının, o cümlədən ölkədə və xaricdə çap olunmuş çoxsaylı məqalələrinin ideyaca davamı kimi təqdirəlayiqdir.
Professor İ.Məmmədzadə tədqiqatçının məqalələrinin ABŞ, Türkiyə, İtaliya, Pakistan, Polşa, Macarıstan, Slovakiya və başqa ölkələrin nüfuzlu jurnallarında dərc edildiyini vurğulayıb.
Akademik Nərgiz Axundova kitabın müəllifi Xatirə Quliyevanın dövlətçilik məfkurəsindən başlayaraq, fəlsəfə tarixinədək uzanan bir elmi xətti olduğunu qeyd edib. Onun bu əməyinin qiymətləndirilərək “Tərəqqi ” medalına layiq görüldüyünü vurğulayıb və təbrik edib.
Daha sonra Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini Eynulla Mədətli “Dünya –Azərbaycanlılarının həmrəyliyi və Lütfi-Zadə fenomeni”, Füzuli Qurbanov “Xatirə Quliyevanın əsərində Lütfi Zadənin qeyri-səlis məntiqi və fəlsəfi görüşlərinin uzlaşdırılması”, professor Arif Büniyatov “Lütfi Zadənin elmi nəzəriyyələrinə Xatirə Quliyevanın baxışı”, Hüseyn İbrahimov “Xatirə Quliyevanın əsərində Lütfi Zadə irsinə sosio-mədəni baxış” mövzularında çıxışlar ediblər. Professor Rəna Mirzəzadə, professir Habil Qurbanov kitab haqqında fikirlərini bölüşüb, alimə yeni yaradıcılıq uğurları arzulayıblar.
Sonda Xatirə Quliyeva kitabın çapı və təqdimatına verdiyi dəstəyə görə AMEA rəhbərliyinə minnətdarlığını bildirib.
Xatirə Quliyeva bildirib ki, Lütfi Zadənin ən böyük azərbaycanlı olmasını onun vəsiyyəti də sübut edir: “Çünki dahi alim əbədi yatmaq üçün 72 il yaşadığı ABŞ-ı deyil, Azərbaycanı seçib. O Azərbaycanda uşaqlıq illərində yaşayıb. Daha dəqiq desək, 10 il yaşında ailəvi olaraq İrana köç ediblər. Lütfi Zadə Azərbaycan və azərbaycançılıq amalını bütün şüuru, zəkası, bütün varlığı ilə təsdiq etdi. Bu isə dünyaşöhrətli alim Lütfi Zadənin Azərbaycan və azərbaycançılıq “dövrünün” riyazi-məntiqi, qeyri-səlist, kosmik və planetar “Infinity”si” – sonsuzluğudur”.