Olaylar.az "Sabah" qəzetinə istinadən xəbər verir ki, əməliyyatlar nəticəsində 127 şübhəli saxlanılıb.
Ankarada Baş Prokurorluğun Terror Cinayətləri üzrə İstintaq Bürosu tərəfindən aparılan araşdırmalar çərçivəsində münaqişə zonaları ilə əlaqədə olduqları və İŞİD üzvlüyünə dair sübutlar aşkar edilən 17 nəfər barəsində saxlanılma qərarı verilib. Onlardan 11-i xarici vətəndaş, 6-sı Türkiyə vətəndaşıdır. Prokurorluq bütün şübhəlilərin saxlanıldığını və istintaq tədbirlərinin davam etdiyini açıqlayıb.
İstanbulda isə Terrorla Mübarizə Şöbəsinin koordinasiyası ilə 114 ünvana eyni vaxtda reyd keçirilib. Əməliyyatlar zamanı 110 şübhəli saxlanılıb. Onların arasında İstanbulda İŞİD-in sözdə lideri kimi təqdim edilən M.Y. adlı şəxsin də olduğu bildirilir.
İstintaq materiallarına əsasən, şübhəlilərin qeyri-qanuni dərs və toplantılar keçirdiyi, qanunsuz məscid fəaliyyəti vasitəsilə təşkilata yeni üzvlər cəlb etməyə çalışdığı müəyyən edilib. "Fitre", "zəkat" və "i̇nfaq" adı altında toplanan vəsaitlərin İŞİD-ə ötürüldüyü, Suriyada təşkilatla əlaqəli şəxslərə və təlim-mədrəsə fəaliyyətlərinə maliyyə dəstəyi göstərildiyi aşkarlanıb.
Əməliyyatların bir hissəsi Yalovada baş verən son terror hadisəsi ilə əlaqələndirilir. Bu çərçivədə yeni il ərəfəsində mümkün hücum cəhdləri ilə bağlı 41 şübhəli, terror əlaqəsi və təbliğat fəaliyyəti ilə əlaqədar daha 27 nəfər, eləcə də 15 "xarici terrorçu döyüşçü" müəyyən edilib.
Axtarışlar zamanı çoxlu sayda rəqəmsal material və təşkilati sənəd müsadirə olunub. Qaçan şübhəlilərin saxlanılması istiqamətində tədbirlərin davam etdiyi bildirilir.
Bundan əlavə, daxili işlər naziri Ali Yerlikaya Yalovadakı əməliyyatla bağlı sosial şəbəkələrdə provokativ paylaşımlar edən 16 nəfərin də saxlanıldığını açıqlayıb və vətəndaşları yalnız rəsmi mənbələrə etibar etməyə çağırıb.