AZ

“10 aydır ki, qızlarım yuxu yatmır... Allah heç kimə göstərməsin” – Xalq artisti

Bu gün Xalq artisti Fatma Mahmudovanın doğum günüdür. Aktrisa 71 yaşını qeyd edir.

Moderator.az xəbər verir ki, Musavat.com-un əməkdaşı sevilən sənətkarla əlaqə saxlayıb və özəl günü ilə bağlı təəssüratlarını öyrənib.

- Fatma xanım, necəsiniz? Doğum gününüzü necə qeyd edirsiniz?

- Bu günə də şükür. Mədəniyyət Nazirliyinin nümayəndələri bizə qonaq gəlib və məni təbrik ediblər. Böyük sənətkarımız Nəsibə Zeynalovanın adını daşıyan nəvəsi Nəsibə xanım da onların arasında idi. Dəyər və diqqət görmək çox gözəldir. Musiqili Teatrın kollektivinə və direktoruna də təşəkkür edirəm. Bu gün televiziyada da olacağam, doğum günümün davamını orada qeyd edəcəyik.

- Deyəsən, ad gününüzü efirlərdə keçirəcəksiniz…

- Yox, bir yerə gedəcəyəm, başqa yerə getməyə halım yoxdur.

- Yeri gəlmişkən, səhhətiniz necədir?

- Allah bilən məsləhətdir, yavaş-yavaş düzəlir, müalicələrə yenidən başlayacağam. Rahat yeriyirəm, əlimi tərpədə bilirəm. Teatrda bir dəfə səhnəyə çıxmışam, yenə də çıxacağam. Yanvarın 23-də “Ne boysa, ya staboy ” tamaşasında oynayacağam.

- Övladlarınız sizi necə təbrik etdi?

- Onlar məni hər gün qucaqlayıb, öpür. Onlar olmasa, mən nə edərdim? Qızlarım 10 aydır ki, yuxu yatmırlar, qulluğumda dururlar. Allah heç kimə qismət etməsin.

- 71 yaşın ağırlığı sizi qorxutmur ki?

- Canım sağlam olsa, yaş məni qorxutmur. Cəldəm, hərəkətliyəm. Bu xəstəlikdən qurtulsam, yenə də səhnəyə çıxıb oynayacağam.

- Daima müalicə alırsınız. Maddi cəhətdən çətinlik çəkmirsiniz ki?

- Prezident təqaüdü alıram, teatrdan maaş alıram. Hələ ki, çatdırıram.

- Özəl gününüzdə özünüzə nə arzulayırsınız?

- Özümə can sağlığı arzulayıram. Qoy hamının canı sağ olsun.

Qeyd edək ki, Fatma Mahmudova yanvarın 29-da yenidən insult keçirdiyi üçün xəstəxanaya yerləşdirilmişdi. O, uzun müddətdir ki, müalicə alır.

Seçilən
26
1
moderator.az

2Mənbələr