AZ

Zelenski Ukrayna qoşunlarının Donbasdan çıxarılması üçün şərtini açıqlayıb

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Ukraynada işğal olunmuş ərazilərlə bağlı mübahisə Kiyev və Moskva arasında danışıqlarda hələ də əsas maneə olaraq qalır. Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Ukrayna bu ərazilərdən sadəcə imtina edə bilməz və Donetsk və Luqansk vilayətləri ilə bağlı hansı kompromis variantının mümkün olduğunu izah edib.

Bizimyol.info xəbər verir ki, o, bu barədə "Fox News"a verdiyi müsahibədə bildirib.

Zelenski vurğulayıb ki, işğal olunmuş ərazilər məsələsində söhbət nə referendumdan, nə parlamentdən, nə də prezidentdən gedir. “Biz oradan sadəcə geri çəkilə bilmərik – bu, qanunvericiliyimizə ziddir. Biz öz ərazilərimizdən imtina edə bilmərik. Üstəlik, məsələ təkcə qanunla bağlı deyil. Orada insanlar yaşayır – təxminən 300 min nəfər. Biz bu insanları sadəcə itirə bilmərik. Oradan gedə bilmərik, çünki orada yüz minlərlə insan yaralanıb, on minlərlə insan həlak olub. Bundan başqa, orada bizim ordumuz yerləşir”, – deyə Ukrayna prezidenti bildirib.

Bununla yanaşı, Zelenski real kompromis variantı kimi xüsusi qaydalarla fəaliyyət göstərəcək azad iqtisadi zonanın yaradılmasını mümkün hesab etdiyini deyib. “Söhbət təkcə hüquqdan deyil, həm də real vəziyyətdən gedir. Ona görə də biz, məncə, kompromis variant təklif etdik: azad iqtisadi zonanın yaradılması. Əgər biz bir neçə kilometr geri çəkiliriksə, Rusiya da güzgü prinsipinə uyğun olaraq eyni addımı atmalı və qüvvələrini bir neçə kilometr geri çəkməlidir. Bu azad iqtisadi zonada xüsusi qaydalar tətbiq olunacaq”, – deyə Zelenski qeyd edib.

O vurğulayıb ki, Ukrayna bu cür qərara yalnız ukraynalı seçicilər referendumda bunu dəstəklədiyi halda razılaşa bilər. “Əgər belə bir iqtisadi zonanın yaradılması ilə bağlı qərar qəbul edilərsə, referendum onu ya təsdiqləmək, ya da rədd etmək üçün vasitə olacaq”, – deyə Zelenski bildirib.

Daha əvvəl Zelenski ukraynalıların ədalətli sülhə can atdığını bildirmişdi. Onun sözlərinə görə, Ukrayna vətəndaşlarının 87 faizi sülhün tərəfdarı olsa da, eyni zamanda 85 faizi Müdafiə Qüvvələrinin Donbasdan çıxarılmasını dəstəkləmir.

Bu arada Rusiya Ukrayna qoşunlarının Donetsk və Luqansk vilayətlərindən çıxarılmasını döyüş əməliyyatlarının dayandırılması üçün zəruri şərt kimi irəli sürməkdə davam edir.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
bizimyol.info

1Mənbələr