AZ

"Rus Evi"nin taleyi Moskvanın addımlarından asılıdır: Bakı konkret öhdəliklərin icrasını gözləyir – ÖZƏL

"Dekabrın 26-sı Azərbaycanın xarici işlər naziri bəyan etmişdi ki, Rus Evinin bağlanması ilə bağlı bütün hüquqi prosedurlar tamamlanıb və bağlanma prosesi başa çatdırılıb. Təbii ki, Rusiya mediası bu mövzuya tez-tez toxunur və Rusiya tərəfi Rus Evinin yenidən fəaliyyət göstərməsini, heç olmasa informasiya gündəmində qalmasını istəyir".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib. Siyasi şərhçi bildirib ki, düşünülür ki, əgər gələcəkdə Azərbaycan-Rusiya münasibətlərində müəyyən istiləşmə prosesi baş verərsə, hansısa formada yenidən danışıqlar aparıla və fəaliyyətin bərpası müzakirə oluna bilər. Bu, Rusiya tərəfinin istəyi və məqsədidir. Ancaq bu istəklərin reallaşması üçün Azərbaycan-Rusiya münasibətlərində bir sıra konkret məsələlər var ki, Rusiya tərəfi onları gündəmdə saxlamalı və icra etməlidir.
İlk növbədə, oktyabrın 9-da Azərbaycan və Rusiya prezidentlərinin görüşündən sonra qaldırılan və razılaşdırılan məsələlər mövcuddur ki, onların Rusiyanın üzərinə düşən hissəsi hələ də yerinə yetirilməyib. Bu məsələlər icra olunmadan münasibətlərin tam normallaşmasından danışmaq mümkün deyil. Azərbaycan tərəfi də məhz bu addımların atılmasını gözləyir.

"Münasibətlərin yeni bir "soyuq mərhələyə" keçməsi məsələsinə gəldikdə isə, xeyr, mətbuatda mövzuların müzakirə olunması, açıqlamaların verilməsi mümkündür. Bu, münasibətlərin konsul səviyyəsində arzuolunmaz dərəcədə gərginləşməsi anlamına gəlmir. Hazırda da münasibətlər yüksək istilik mərhələsində deyil və bunu açıq demək lazımdır. Azərbaycanın bir sıra haqlı tələbləri və gözləntiləri var ki, onlar yerinə yetirilməlidir ki, münasibətlər normallaşmağa doğru getsin. Azərbaycan tərəfi Rusiyanın iqtisadi, humanitar və digər sahələr üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirir. Sadəcə olaraq, Azərbaycanın öz milli maraqları mövcuddur və Rusiya tərəfinin bu maraqları nəzərə alması son dərəcə vacibdir. Eyni zamanda, Azərbaycan və Rusiya arasında 2022-ci ildə imzalanmış müttəfiqlik və strateji əməkdaşlıq sənədlərinin müddəaları da nəzərə alınmalı və praktikada icra olunmalıdır," - deyə ekspert əlavə edib.

Siyasi şərhçinin sözlərinə görə, əgər qeyd olunan bu məsələlər üzrə müəyyən irəliləyişlər olarsa, danışıqların davam etdirilməsi və qarşılıqlı əlaqələrin yenidən canlandırılması mümkündür. Bu çərçivədə Azərbaycan qanunvericiliyinə tam uyğun, milli maraqlara hörmət edən bir mədəniyyət mərkəzinin və ya mədəni sahədə fəaliyyət göstərən hər hansı bir təşkilatın yaradılması nəzəri olaraq müzakirə edilə bilər. Lakin bunun üçün qarşılıqlı öhdəliklər yerinə yetirilməli, proseslər yenidən və sağlam əsaslar üzərində qurulmalıdır.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
31
olaylar.az

1Mənbələr