İstanbulun Florya sahillərində Kiçikçəkməcə lövbər rayonunda müşahidə olunan küləkli hava şəraiti səbəbindən "Kəlbəcər" tankerinin lövbər zənciri yaxınlıqdakı Türkiyə bayraqlı "Alatepe" tankerinin pərinə ilişib.
Milli.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətindən (ASCO) məlumat verilib.
Hadisə ilə bağlı dərhal aidiyyəti qurumlara məlumat verilib. Mövcud təlimata uyğun olaraq, liman müfəttişliyinin heyəti əraziyə cəlb olunub.
Hazırda xidmət əməkdaşları tərəfindən hər iki gəmidə müvafiq texniki işlər aparılır və lövbər zəncirinin təhlükəsiz şəkildə buraxılması istiqamətində tədbirlər davam etdirilir.
Hadisə zamanı gəmidə yük olmayıb.
Vəziyyət nəzarət altındadır, heyətin təhlükəsizliyi ilə bağlı hər hansı narahatlıq yoxdur.
Xilasetmə işlərinin gedişatı ilə bağlı ətraflı məlumat veriləcək.
xxx
İstanbulun Bakırköy Florya sahillərində Azərbaycan və Türkiyə bayrağı altında üzən iki tanker təcili yardım siqnalı verib. Hadisə yerinə dərhal xilasetmə qrupları göndərilib.
Milli.Az xəbər verir ki, ölkənin Nəqliyyat və İnfrastruktur Nazirliyi hadisə ilə bağlı açıqlama yayıb.
""Küçükçekmece" lövbər sahəsində 141 metr uzunluğundakı "Kəlbəcər" tankeri ilə 115 metr uzunluğundakı "Alatepe" tankerinin bir-biri ilə toqquşması barədə məlumat daxil olub. Gəmilərin sahilə yaxın məsafədə olması səbəbilə Nazirliyimizin tabeliyində olan Sahil Təhlükəsizliyi Baş İdarəsinə məxsus quru xilasedici (canqurtaran) qrupu və "KURTARMA-9" yedək gəmisinin hadisə yerinə dərhal göndərilməsi təmin edilib", açıqlamada qeyd olunub.
Milli.Az