AZ

TÜRKİYƏ–ERMƏNİSTAN MÜNASİBƏTLƏRİ YENİ MƏRHƏLƏYƏ KEÇİR » AzadMedia.az

TÜRKİYƏ–ERMƏNİSTAN

Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində daha bir addım atılıb. Dekabrın 29-da yayılan birgə bəyanata əsasən, 2026-cı il yanvarın 1-dən etibarən diplomatik, xidməti və xüsusi pasport sahibləri üçün viza tələbləri sadələşdiriləcək.

Yeni razılaşmaya görə, bu kateqoriyaya aid şəxslər ödənişsiz elektron viza əldə edə biləcəklər. Türkiyənin Xarici İşlər Nazirliyi bildirib ki, qərar iki ölkə arasında davam edən normallaşma prosesini aparan nümayəndələr vasitəsilə razılaşdırılıb. Rəsmi açıqlamada tərəflərin münasibətlərin tam normallaşdırılması məqsədinə sadiq qaldığı vurğulanıb.

Yumuşalma əlamətləri bununla da məhdudlaşmır. Türk Hava Yolları İrəvana birbaşa reyslərin açılmasını planlaşdırdığını elan edib. Sentyabr ayında isə Türkiyənin xüsusi nümayəndəsi, səfir Serdar Kılıçın rəhbərlik etdiyi nümayəndə heyəti onilliklər sonra ilk dəfə Alican sərhəd-keçid məntəqəsindən istifadə edərək Ermənistana daxil olub.

Xatırladaq ki, Türkiyə 1993-cü ildə Dağlıq Qarabağ münaqişəsi fonunda Ermənistanla sərhədi bağlamışdı. Cari yaxınlaşma prosesi isə sentyabrın 1-də Çində keçirilən sammit çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşündən sonra daha da sürətlənib. Tərəflər qarşılıqlı etimadın möhkəmləndirilməsi və Cənubi Qafqazda sabitliyin qorunmasının vacibliyini bəyan ediblər.

Seçilən
10
1
azadmedia.az

2Mənbələr