"Baş Prokurorluğun istintaq tədbirlərini Milli Məclisin İnsan hüquqları komitəsi olaraq müdafiə edir, əsaslı sayır və düzgün yol adlandırırıq. Çünki bu, hüquqi bir müstəvi yaradır. Məhz qanunların tələbi və dili ilə apardığımız mübarizəni legitimləşdirir, Azərbaycanın mövqeyini gücləndirir. Bu, sıradan bir hadisə deyil. Qətiyyən məsələ "bloger" adı ilə ölçülə bilməz. Çünki xaridə oturan "blogerlərin" arxasında dayanan qüvvələr, onları maliyyələşdirənlər xüsusilə Vətən müharibəsindəki qələbəmizdən sonra Azərbaycana qarşı hibrid və ya terror mübarizəsini stimullaşdıran dairələrdir. Məsələn, sosial şəbəkədə Made in Azerbaijan, Hamam Times, Baku Times kimi səhifələr xalça üsulu ilə fəaliyyət göstərirlər. Müxtəlif ilmələrlə yaradılan "Youtube" kanallarının, internet televiziyalarının, tanınmış dövlət adamlarının adından yaradılan saxta hesabların hamısı yalnız bir məqsədə - dövlətimizə qarşı müharibənin virtual məkanda davam etdirilməsinə xidmət edir".
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.
"Məhəmməd Mirzəli öz tərcümeyi-halını səhvsiz yazacaq şəxs deyil, ancaq onun ətrafındakı Rafael Qlüksman - onu Avropa parlamentinə daşımışdılar, Natali Luazo - NATO-nun keçmiş baş katibi Foq Rasmussenlə birlikdə məlum Laçın yoluna guya Ermənistandan və dünyadan gələn humanitar yardım maşınlarının karvanını müşahidə etməyə gəlmişdi... Həmişə parlamentdə onları "informasiya terrorçuları", "media terrorçuları" adlandırmışıq. Beynəlxalq sistemdə də belədir. Çünki onların fəaliyyəti konstitusion əsasların sarsıdılmasına, dövlət çevrilişi cəhdlərinə, dövlət adamlarının linç və ya real olaraq qətl edilməsinə, öldürülməsinə, amansızlıqla edam edilməsinə çağırışlar etməkdir. Yüzlərlə belə nümunələr var. Söhbət qətiyyən onların təkcə təhqirlərindən getmir. Bunlar istənilən Avropa ölkəsində əvvəlcə inzibati, sonra 1 ildən 3 ilə, sonra da 3 ildən 5 ilə qədər onlara cəza verilməsi ilə müşaiyət olunan addımlardır. Belə olan halda, həmin adamlar həftədə, ayda bir dəfə deyil, gündəlik olaraq, xüsusilə, tanınmış dövlət adamları, onların silueti üzərindən bunu həyata keçirirlərsə, məqsəd dövlət sisteminə çamur atmaq, vətəndaşların nəzərlərində hakimiyyət nümayəndələrini qaralamaq, parçalanmalar yaratmaq, toqquşmalar doğurmaqdır. Bu nəinki ictimai nüfuzuna, şəxsin işgüzar reytinqinə, imicinə, o cümlədən onun ailə həyatına, mənəviyyatına, sağlamlığına zərbə vurmaq niyyətidir. Belə mübarizə olmur. Bu, mətbuat fəaliyyəti deyil. Qəti şəkildə qəbul edilə bilməz. Hesab edirik ki, Baş Prokurorluğun qərarları tamamilə düzgün, adekvat, yerindədir. Bu əsnada cəmiyyət olaraq hər birimiz kəskin şəkildə "iqnor" etməliyik. Bu kimi kanalları həmin platformalarda saxlayan "Meta", o cümlədən digər yeni kooperasiyaların Azərbaycanda ofisləri yaradılmalıdır. Bütün bunlar hamısı bloklanmalıdır. Belə halda kütləvi informasiya məkanımızı şəffaflaşdırmaq, orada Vətən müharibəsi kimi əməliyyatlar aparmaq, vətənimizi qorumaq imkanımız olacaq. Nəhayət, xaricdəki blogerlerin Baş Prokurorluğun qərarını "iqnor" etdiklərini görüb, parlamentdə zamanında çağırışımız olmuşdu ki, bunlar tamamilə legitim hədəflərdir. İfadənin üzərindən guya bizim onlara qarşı terror etmək niyyətimizi göstərdilər. Dərhal sual etdim ki, axı onlar bu termini iki-üç yüz dəfə dövlət adamlarına qarşı söyləyiblər. Nə əcəb, o an mətbuat və beynəlxalq terminlər, ifadələr bunların beyninə gəldi? Bəs axı həmin ifadələrlə, müddəalarla Azərbaycan insanı da özünü müdafiə etmək istəyir. Necə olur, məni beynəlxalq məhkəmələrə verirdilər ki, guya onları terrora çağırmışam? Axı onlar bunu açıq mətnlə edirlər. Məsələ budur. Sizi əmin edirəm, hamısı bir-bir qanun qarşısında cavab verəcəklər. Onların elə bir şəxsiyyəti yoxdur, buna görə də istəmirəm ayrı-ayrı insanlarla paralellər aparam. Məsələn, ABŞ və başqa mərkəzlərin mövqelərindən çıxış etsək, bilirsiniz ki, onların terrorçuları dünyanın harasında olursa, olsun, zərərsizləşdirmə hüququnu əldə edirlər. Beynəlxalq konvensiyalar bunu tanıyır, 1952-ci il - qaçqınlıq statusu ilə bağlı beynəlxalq sənədin müddəaları bu adamlara tətbiq oluna bilməz, çünki onlar real cinayət törədirlər. Yəni media fəaliyyətini aparmaq elə bir məsuliyyət tələb etmir. Onsuz da onunla razılaşmayan çoxlu qüvvələr var. Onların real olaraq internet televiziyaları mövcuddur. Sən həqiqiqətən dövlətə qarşı onun təmsilçilərinə, millətə, xalqa, qələbəmizə qarşı belə bir cinayətkar fəaliyyət aparırsansa, mütləq onlara cavab verməlisən. Sizi arxayın edirəm, dövlətimiz bu gücə malikdir. Bir-bir Azərbaycana gətirildiklərini və qanun qarşısında cavab verdiklərini görəcəksəniz. Onları himayə edən dövlətlər buna hüquqi qaydada dəstək verməsələr, digər vasitələr özünü göstərəcək..." - komitə sədri bildirib.
Xatırlatma: Xaricdə gizlənən Qurban Məmmədov, Tural Sadıqlı, Orduxan Teymurov, Elşad Məmmədov, Süleyman Süleymanlı, Rəfael Piriyev və Orxan Ağayevin məhkəmə araşdırması başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində aparılan qiyabi icraat üzrə hökm oxunub. Hökmə əsasən, Qurban Məmmədov və Tural Sadıqlı 14, digərlərinə 9 il müddətinə qiyabi həbs cəzası verilib. Təqsirləndirilən şəxslər çoxsaylı ağır cinayətlərin törədilməsində ittiham edilirlər. Lakin onlar sosial şəbəkələrdə Azərbaycan hakimiyyətinin onları ölkəyə gətirmək gücündə olmadığına dair iddialar səsləndirirlər.
Aytəkin Qardaşova