AZ

Şərqşünaslıq İnstitutu ili yüksək elmi göstəricilərlə başa vurub

Bakı, 30 dekabr, AZƏRTAC

Şərq ölkələrinin ictimai, iqtisadi, mədəni, tarixi inkişafı və Azərbaycanla əlaqələrinə dair dəyərli tədqiqatların aparıldığı AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu 2025-ci ili yüksək elmi göstəricilərlə başa vurub.

Şərqşünaslıq İnstitutundan AZƏRTAC-a bildirilib ki, 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamlarının icrası ilə əlaqədar “Konstitusiya və Suverenlik İli”nə, eləcə də AMEA-nın 80 illiyinə həsr olunmuş elmi konfranslar, Seyid Əzim Şirvaninin, Üzeyir Hacıbəylinin, Fətəli xan Xoyskinin, Bəxtiyar Vahabzadənin yubileyləri ilə əlaqədar elmi sessiyalar təşkil edilib. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi haqqında 19 mart 2025-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar Şərqşünaslıq İnstitutunda Rəqəmsal şərqşünaslıq, süni intellekt və elektron xidmətlər şöbəsi yaradılıb. Yeni şöbə şərqşünaslıq elminin müasir yüksək texnoloji tələblərə uyğun inkişafının təmin edilməsi istiqamətində fəaliyyətə başlayıb. Şərq dilləri, ədəbiyyatı və mədəniyyətinin rəqəmsal resurslar əsasında tədqiqi, məlumatların rəqəmsallaşdırılması, təhlili və təqdimat metodlarının təkmilləşdirilməsi, habelə rəqəmsal texnologiyaların şərqşünaslıq sahəsində tətbiq imkanlarının elmi müstəvidə araşdırılması xüsusi aktuallıq kəsb edir və yeni şöbə də öz fəaliyyətini bu istiqamətdə qurub.

İnstitutda elmi tədqiqatlar 5 problem çərçivəsində aparılıb. “Şərq ölkələrinin tarixi, iqtisadiyyatı, ictimai-siyasi vəziyyəti, Şərq ölkələri ilə Azərbaycanın əlaqələri” problemi çərçivəsində “Cümhuriyyət Xalq Partiyasının Türkiyə siyasətində yeri və rolu (2003-2023-cü illər)”, “NATO çərçivəsində beynəlxalq terrorizmə qarşı mübarizədə Türkiyə və ABŞ-ın əməkdaşlığı”, “Ərəb coğrafi ədəbiyyatının təşəkkülü mərhələləri və əyalətlərdə xilafət siyasətinin həyata keçirilməsində əhəmiyyəti”, “Böyük coğrafi kəşflər və Orta Şərq və Azərbaycan üzərindən keçən ticarət yolları”, “Ərəb işğalları zamanı ərəb tayfaları arasında rəqabət münasibətləri: Azərbaycanda ərəblərin məskunlaşması barədə mənbələrdəki məlumat”, “İran ictimai-siyasi həyatında Azərbaycan əsilli qanunvericilərin rolu (1925-1979-cu illər)”, “İranın sosial-iqtisadi strukturunda Cənubi Azərbaycanın yeri (1947-1979-cu illər)”, “İran İslam Respublikasının Qafqaz siyasətində Dağlıq Qarabağ (2005-2020-ci illər)”, “Cənubi Azərbaycan ziyalıları və milli kimlik məsələsi”, “Cənubi Azərbaycan şairlərinin farsdilli yaradıcılığına Azərbaycan dilinin təsiri” mövzularında təqdiqat işləri yerinə yetirilib. “Bir kəmər-bir yol” layihəsi çərçivəsində Azərbaycan-Çin əməkdaşlığının inkişafında Prezident İlham Əliyevin rolu”, “XXI əsrdə Yaponiya-Vyetnam əlaqələri”, “XXI əsrdə Koreya siyasi partiyaları və Koreyanın birləşməsi problemi”, “İraq türkmanlarının tarixi təkamülü”, “Beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan və Qazaxıstan Respublikalarının əməkdaşlığı” və s. mövzularda tədqiqatlar aparılıb.

“Şərq filologiyasının, Şərq ölkələri ilə Azərbaycanın filoloji əlaqələrinin tədqiqi” problemi ilə əlaqədar aparılan araşdırmalar sırasında “Azərbaycanca-farsca və farsca-Azərbaycanca tibb terminləri lüğəti”, “Təsəvvüfün Azərbaycanda və Azərbaycan ədəbiyyatında yeri”, “Nəiminin “Məhəbbətnamə” adlı farsca risaləsi: tərcümə və tədqiqi”, “Alman-Türk ədəbiyyatında Knak Spark cərəyanının yaranma tendensiyası və Firudin Zaimoğlunun rolu”, “İsmayıl Qaspıralı yaradıcılığı milli dəyərlər kontekstində”, “Türk tarixi romanlarında vətənpərvərlik ideyalarının tərənnümü”, “Türkiyədə mühacirətdə olan azərbaycanlı ədib Səlim Rəfiq Rəfioğlunun həyatı və yaradıcılığı”, “Ərəb Şərqində yaşanan gender problemlərinin bədii ədəbiyyatda inikası”, “Akademik Vasim Məmmədəliyevin tədqiqatlarında Bağdad və Əndəlüs qrammatika məktəbləri”, “Ərəbdilli mətbuatda İraq-türkman şair və ədiblərinin fəaliyyəti” kimi mövzuları xüsusi qeyd etmək olar.

İnstitutda Şərqin yazılı abidələrinin tədqiqi, tərcüməsi və nəşri sahəsində də dəyərli işlər görülür. Bu sırada “Nəcməddin Razinin “Mirsadül-ibad” (“Abidlərin yolu”) əsəri orta əsr farsdilli ədəbiyyatının mənbəsi kimi”, “Şəmsəddin Sivasinin əsərlərinin filoloji-tekstoloji tədqiqi”, “Orta əsrlər türk xadimləri haqqında araşdırmalar Əbu Osman əl-Cahizin “Türklərin nailiyyətləri” əsərində, “Haşimi Üsküdarinin “Divanı”nın tədqiqi və transliterasiyası” və s. işlər 2025-ci ildə yekunlaşan tədqiqatlar sırasındadır.

“Yaxın və Orta Şərq ölkələrində din və ictimai fikir. İslam amilinin Azərbaycanın ictimai-siyasi inkişafına təsiri” problemi çərçivəsində institutda “Şuşa kitabələrindəki yazıların şərhi və linqvistik təhlili”, “Nəhdə, islam, dünyəvilik: Yaxın Şərqdən Cənubi Qafqazadək (XIX-XX əsrlərdə)”, “Səfəvilər dövrü dövlət-din münasibətləri”, “Fazil İrəvani və İslam hüququna dair əsərlərinin müqayisəli təhlili”, “İslam fəlsəfəsində Ədalət problemi” və s. mövzuda araşdırmalar yekunlaşıb.

“Şərq-Qərb sivilizasiyalararası münasibətləri və Azərbaycan” problemi ilə əlaqədar “Səmavi dinlərdə birgəyaşayış mədəniyyəti və təcrübəsi”, “İslam və Qərb. İslam mədəniyyətinin inkişafında anti-Qərb meylləri”, “ISESCO və UNESCO-nun fəaliyyət istiqamətlərinin ümumi və spesifik cəhətləri”, “Avropa qonşuluq siyasətində enerji faktoru: Azərbaycan nümunəsində”, “Müharibə və postmüharibə dövrlərində ingilisdilli Qərb mediasında Azərbaycanın mövqeyinin əks olunması”, “Şərqlə Qərbi birləşdirən “Tarixi İpək Yolu” və beynəlxalq nəqliyyat dəhlizi kimi Azərbaycanın mühüm rolu” kimi araşdırmaları diqqətə çatdırmaq olar.

İnstitutda aparılan hər bir tədqiqatın, nəşr olunan hər bir kitabın böyük elmi əhəmiyyəti var. Bununla belə onların sırasında institutun mühüm nəticələri kimi bir neçəsini xüsusi qeyd etmək olar. Bunlar Elnur Mustafayevin Azərbaycan dilində Bakıda və ərəb dilində Bağdadda nəşr olunmuş “İraq-türkman dilinin qrammatikası (Azərbaycan dili əsasında)” kitabı, Şahin Yəhyayevin tərcüməçilərindən olduğu “Hacı Zeynalabdin Şirvani. Səyahət bağları (Riyaz əs-siyahət)” əsərinin 2-ci hissəsinin, 3-cü cildi, eləcə də hazırda çapda olan dəyərli əsərlərdən Səadət Şıxıyevanın “XIX əsr Qarabağ Divan ədəbiyyatı (ənənə və yenilik kontekstində)” və professor Məryəm Seyidbəylinin rəhbərliyi altında müəllif kollektivinin ərsəyə gətirdiyi “Azərbaycan tarixşünaslığında monqollar dövrü (XIII-XIV əsrlər)” kitablarıdır.

Ümumiyyətlə, il ərzində Şərqşünaslıq İnstitutunda 30 kitab çapdan çıxıb. Daha 15 kitab çapdadır. Çap olunan kitablar sırasında yuxarıda qeyd edilənlərdən savayı akademik Ziya Bünyadovun əsərlərinin 2 cildliyini (“Azərbaycan VII-IX əsrlərdə”, “Azərbaycan Atabəyləri dövləti”), akademik Gövhər Baxşəliyevanın “Nəğmələr kitabı” və Əbü-l-Fərəc əl-İsfahaninin klassik Azərbaycan ədəbiyyatı”, Roida Rzayevanın “Siyasәtin fәlsәfәsi. Analitik diskurslar: ideologiya, media, diplomatiya”, Səriyyə Gündoğdunun “XIX əsrdə yeni türk ədəbiyyatının yaranması və inkişafı”, Rəna Rzayevanın “Munisnamə” təsəvvüf ədəbiyyatının nümunəsi kimi”, Xuraman Əliyevanın “Aida İmanquliyeva Ərəb məhcər ədəbiyyatının tədqiqatçısı kimi”, Gülər Qafqazlının İstanbulda işıq üzü görən “Osmanlı-Safevi ilişkileri” (Osmanlı-Səfəvi münasibətləri), Məryəm Seyidbəyli, Elxan Quliyev və Röya Mirzəbəyovanın “Fəzlullah Nəimi və hürufilik hərəkatı”, Adil Mirabdullayevin “Azərbaycan-Qırğızıstan münasibətləri müasir beynəlxalq əlaqələr kontekstində”, Ülkər Səmədovanın “Tənzimat dövrü türk nəsrinin formalaşmasına Qərb ədəbiyyatının təsiri”, Sevinc Nuriyevanın “Şumer ədəbiyyatı və Azərbaycan” monoqrafiyalarını, Günay Verdiyevanın “Professor Vilayət Cəfərov: ömür yolu, elmi irsi, yaddaşlarda qalan izi”, Zülfiyyə Vəliyeva Önlenin “Osmanlı sənədlərində Azərbaycan toponim və etnonimləri”, Rafiq Abbasovun Azərbaycan və çin dillərində “Azərbaycan-Çin: Prezident salnaməsi (2003-2025)” kitablarını, Elman Quliyevin “Türk xalqları ədəbiyyatı” dərsliyini və s.-ni qeyd etmək olar. Bu il həmçinin Akademik Gövhər Baxşəliyevanın 70 illiyinə həsr olunmuş “Müasir şərqşünaslığın inkişaf yolları”, eləcə də “Mərkəzi Asiya Ölkələri: tarix, cəmiyyət və mədəniyyət” və “Şərq-Qərb kontekstində mədəniyyətlərin dialoqu” adlı məqalələr topluları, “Şərq araşdırmaları” elmi-nəzəri jurnalının növbəti sayı nəşr olunub.

2025-ci ildə institut əməkdaşlarının 400-dən artıq məqalə, məruzə və tezisi çap olunub ki, bunlardan da 50-si xaricdə, o cümlədən Türkiyə, Kanada, Qazaxıstan, Gürcüstan, İngiltərə, Vatikan, Rusiya Federasiyası, Fransa, İraq, Şimali Makedoniya, İran İslam Respublikası və s. ölkələrdə işıq üzü görüb.

Bu il institutun beynəlxalq əlaqələrinin inkişafında da xüsusi fəallıq hiss olunur. İnstitut əməkdaşlarının il ərzində iştirak etdiyi 275 beynəlxalq elmi konfransın 185-i xarici ölkələrdə, o cümlədən Türkiyə, Qazaxıstan, Böyük Britaniya, Almaniya, Şimali Kipr, Vatikan, Ukrayna, Avstriya, Polşa, Çexiya, Belarus, Kipr, Gürcüstan, Bosniya və Herseqovina, Fransa, Şimali Makedoniya, Tacikistan, Amerika, Latviya, Özbəkistan, İran İslam Respublikası, Qırğızıstan, Moldova, Hindistan, Rumıniya, Niderland, Kosovo, Albaniya, BƏƏ, Portuqaliya, Kuba, Rusiya Federasiyası və Filippində olub.

Gənc əməkdaşların bilik səviyyəsinin xarici ölkələrdə artırılması, təcrübə toplaması istiqamətində də əhəmiyyətli işlər görülməkdədir. İnstitutun 3 əməkdaşı Misir Ərəb Respublikasında, 1 əməkdaşı isə Səudiyyə Ərəbistanı Krallığında ərəb dilinin təkmilləşdirilməsi kurslarında uzunmüddətli təlimə cəlb ediliblər.

Beynəlxalq əlaqələrin inkişafında xarici ölkələrdən gəlmiş alimlərlə görüşlər, xaricdəki elm və təhsil müəssisələri, beynəlxalq qurumlarla əməkdaşlığın genişləndirilməsi də xüsusi yer tutur. Bu sırada Rusiya Federasiyası Müsəlmanlarının Ruhani İdarəsinin sədrinin birinci müavini Damir Muxetdinovla, Qazaxıstanın R.B.Süleymenov adına Şərqşünaslıq İnstitutunun direktoru filologiya elmləri doktoru, professor Duken Məsimxanulinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə, İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin (İRCİCA) sabiq baş direktoru, hazırda Tekirdağ Namiq Kamal Universitetinin rektor müşaviri Halit Eren və Beynəlxalq Tərcümə və Beynəlxalq Anlaşma üzrə Şeyx Həməd Mükafatı Fondunun icraçı direktoru Ləbib Nahhasla, Əlcəzairin Konstantin Universitetinin Qərb Ölkələri Araşdırmalar Mərkəzinin müdiri tarix elmləri doktoru Hüseyn Bubidi, həmin universitetin müəllimləri, tarix elmləri doktorları Həmzə Qadiri və Murad Bileydi ilə, Türkiyənin Qafqaz Universitetinin Harakani Tədqiqat Mərkəzinin müdiri, doktor, dosent Alparslan Kartalla görüşləri qeyd etmək olar.

İnstitutda 2025-ci ildə təşkil edilən elmi tədbirlər sırasında “Müasir cəmiyyətdə və elmdə qadının rolu”, “Milli mübarizəmizin məntiqi nəticəsi - Konstitusiya və Suverenlik”, “Azərbaycan elminin bayraqdarı” mövzularında elmi konfransları, “Ulu Öndər Heydər Əliyevdən Müzəffər Ali Baş Komandan İlham Əliyevədək: Konstitusiya və Suverenlik”, “Cavad Heyət - Cənubi azərbaycanlıların mədəni-mənəvi varlığının təcəssümü kimi”, "Bəxtiyar Vahabzadə və Türk dünyası", “Çoxəsrlik tariximizin şanlı Zəfər Günü” kimi mövzularda elmi sessiyaları, Seyid Əzim Şirvaninin 190, Fətəli xan Xoyskinin 150, Üzeyir Hacıbəylinin 140, Yusif Məmmədəliyevin 120 illik yubileylərinə həsr olunmuş elmi seminarları, “Professor Vilayət Cəfərov. Ömür yolu, elmi irsi, yaddaşlarda qalan izi”, eləcə də professor Fərid Ələkbərlinin yaradıcılığına həsr olunmuş “Yüz il yaşamış əlliyaşlı alim (Biblioqrafiya, xatirə və sənədlər)” kitablarının təqdimatını qeyd etmək olar.

Bütün bunlar Şərqşünaslıq İnstitutunun 2025-ci ildə də səmərəli fəaliyyət göstərməsinin əyani göstəriciləridir və gələcək fəaliyyətin də perspektivlərini görməyə əsas verir.

 

Seçilən
163
azertag.az

1Mənbələr