Bakı, 30 dekabr, Günel Türksoy, AZƏRTAC
Yaxın zamanda Vəkillər Kollegiyasının “Elektron vəkillik” Komitəsi tərəfindən hazırlanan “Pro Bono” chat-botu istifadəyə veriləcək. Bu bot süni intellektdən istifadə edərək, vətəndaşlara Pro Bono hüquqi yardım göstərəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırovun “Peşəkar hüquq müdafiəçiləri hər zaman vətəndaşlarımızın xidmətindədirlər” adlı məqaləsində qeyd olunub.
Məqalədə bildirilib ki, rəqəmsallaşmada növbəti mərhələ elektron vəkil sorğusu layihəsidir. Bu funksional imkan vəkil sorğularının elektron qaydada təqdimedilmə imkanını tanıyacaq. Beləcə, vəkillər bir çox məlumatları real vaxt rejimində, bəzi məlumatları isə elektron qaydada rahatlıqla əldə edə biləcəklər. “Vurğulanmalıdır ki, burada normativ hüquqi tənzimləmə ilə bağlı müəyyən problemlər mövcuddur. Bu problemlərin aradan qaldırılması istiqamətində kollegiya tərəfindən müvafiq qanun layihələri hazırlanır. Lazımi dəyişikliklər tamamlandıqdan dərhal sonra sistem istifadəyə veriləcək”, - deyə məqalədə vurğulanıb.