AZ

Qlobal LNG ixracındakı artım son üç ilin maksimumuna çatıb

Bakı, 30 dekabr, AZƏRTAC

Cari ildə qlobal miqyasda mayeləşdirilmiş təbii qaz (LNG) ixracı son üç illə müqayisədə ən böyük artım göstərib.

AZƏRTAC “Kpler” informasiya-analitik qrupunun məlumatına istinadla xəbər verir ki, il ərzində qlobal LNG ixracı 2024-ci illə müqayisədə 4 faiz artaraq 429 milyon tona çatıb. Bu, 2022-ci ildə qeydə alınan 4,5 faizlik artımdan sonra ən böyük illik artım göstəricisidir. Dekabr ayında isə ixracın rekord həcmə - təxminən 41 milyon tona çatacağı gözlənilir.

LNG ixracındakı artım əsasən Şimali Amerikada istehsalın sürətlənməsi ilə əlaqələndirilir. Bu prosesdə ən böyük rolu ABŞ oynayıb və il ərzində 100 milyon tondan çox LNG ixrac edən ilk ölkə olub. Birləşmiş Ştatların tədarükü artırmağa davam etməsi, onilliyin sonuna qədər istehsalı ikiqat artırmaqla ixracı da artırması gözlənilir. Çin və Yaponiya isə il ərzində dünyada ən böyük LNG alıcıları olublar.

Ekspertlərin fikrincə, LNG ixracındakı artım bu prosesi Asiya və Avropada təbii qaz qiymətlərinin aşağı düşməsinə səbəb ola bilər. Hazırda Asiyada qiymətlər ilin ən aşağı səviyyələrinə yaxınlaşır, Avropada isə qiymətlər ilin əvvəlindən bəri 40 faizdən çox geriləyib.

Eyni zamanda, gələn il qlobal LNG ticarət həcmlərinin yeni təchizat mənbələrinin formalaşması və aşağı qiymətlər fonunda 7,5-8 faiz arasında artım göstərəcəyi nəzərdə tutulur.

Seçilən
98
azertag.az

1Mənbələr