Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı Azərbaycan Respublikasının ərazisində və ya onun hüdudlarından kənarda yol hərəkətində olan hər bir nəqliyyat vasitəsini fərqləndirən, onun qabaq və arxa hissələrində (motosikletlərdə, traktorlarda və qoşqularda isə yalnız arxa hissəsində) müəyyən edilmiş yerlərdə bərkidilmiş xüsusi lövhədir. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının verilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə haqq ödənilir. Azərbaycanda nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş dövlət nömrə nişanları üzrə rüsumlar fərqlidir. Dövlət qeydiyyat nişanında əks olunan rəqəmlərin və ya hərflərin kombinasiyası isə hər zaman insanların maraq dairəsində olub. İkinci əl avtomobillərin satışı zamanı alıcılar əksər zaman maşını nömrəsi ilə birlikdə almaq istəyirlər.
Bəs bahalı qeydiyyat nömrə nişanı ilə satılan avtomobil yeni sahibin adına keçirilərkən, alıcıdan həmin nömrəyə görə yenidən rüsum tutulurmu?
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən nəqliyyat eksperti Aslan Əsədovun sözlərinə görə, avtomobili alan şəxs, bahalı və ya ucuzluğundan asılı olmayaraq köhnə nömrənin qalmasını istəyirsə, burada hansısa problem yoxdur. Əlavə rüsum ödənişinə ehtiyac olmur. Şəxs yeni bir nömrə istəyirsə, bu zaman nömrənin dəyərinə olan rüsum ödənməlidir”.

A.Əsədov qeyd edib ki, avtomobilin köhnə sahibi nömrəni sata da, satmaya da bilər: “Satırsa, imtina edirsə, izahat yazmalıdır və notariat, bank rüsumunu ödəyib nömrədən imtina edir, yeni alıcı da əlavə ödənişə ehtiyac olmadan nömrəni əldə edir”.
Şəhanə Quliyeva