Bakı, 30 dekabr, AZƏRTAC
Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən ölkəmizdə növbəti ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə yanaşı, həmçinin Bakı BMT-nin ən böyük və strateji əhəmiyyətli platformalarından olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) ev sahibliyi edəcək. Bu, bir tərəfdən Azərbaycanın şəhərsalma mədəniyyətinin dünya miqyasında yüksək dəyərləndirilməsi, digər tərəfdən isə ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun, aktual proseslərin aktiv iştirakçısı kimi artan rolunun təsdiqidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Günay Əfəndiyeva deyib.
O qeyd edib ki, “Şəhərsalma və Memarlıq İli”nin dərin mənəvi məzmununu düzgün anlamaq vacibdir. Belə ki, şəhər mədəniyyəti və memarlıq ölkəmizə, xalqımıza məxsus olan milli mədəni irsin ayrılmaz tərkib hissəsidir. Bu, insanın yaşadığı məkanla qurduğu mənəvi münasibətdir, gündəlik həyatın bir parçasıdır, tarixi yaddaşın estetik ifadəsidir. Hələ XIX əsrdə Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı, görkəmli şairə Xurşidbanu Natəvan doğma Şuşanın abadlığını özünün mənəvi borcu hesab edib, şəhərə bulaqlar çəkdirib, körpülər, yollar saldırıb, məktəblər və məscidlər inşa etdirib.
“İndi isə biz dövlətimizin fəaliyyətində həmin dəyərlərin davamını açıq şəkildə görürük. Prezident İlham Əliyevin rəhbərliyi ilə azad olunan ərazilərdə, illər boyu dağıntılara məruz qalmış şəhər və kəndlərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, tarixi memarlıq abidələrimizə yenidən həyat verilir. Şəhərlərimiz isə beynəlxalq səviyyəli memarlıq nümunələri ilə dünya şəhərlərinə çevrilir. Çünki şəhərlər milli kimliyi yaşadan, zamanlar arasında körpü salan canlı bir orqanizmdir. Düşünürəm ki, bu cür yanaşma, memarlıq və şəhər mədəniyyətinin, bütövlükdə milli mədəniyyətimizin ən ali mərhələsinə aparan yollardan biridir”,-deyə deputat vurğulayıb.